Sabirabadda
Çernobıl əlillərinə xüsusi diqqət
göstərilir
Sabirabad rayonunda Çernobıl faciəsinin 26-cı ildönümü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbir iştirakçıları faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılov çıxış edərək bildirmişdir ki, Çernobıl faciəsindən 26 il keçməsinə baxmayaraq, bu qəzanın fəsadları hələ də qalmaqdadır. Həmin dövrdə SSRİ-yə rəhbərlik edən Mixail Qorbaçov hər vəchlə qəzanın ağır nəticələrini xalqdan gizlətməyə çalışırdı. Ümummilli lider Heydər Əliyev Sov.İKP MK Siyasi Bürosunun yeganə üzvü idi ki, faciənin gizlədilməsinə qarşı çıxdı və baş vermiş hadisənin xalqa doğru-dürüst çatdırılmasında təkid etdi.
Tədbirdə qeyd olunmuşdur ki, Çernobıl qəzasının nəticələri Azərbaycandan da yan keçməmişdir. Qəzanın nəticələrinin aradan qaldırılmasında 7 mindən çox həmvətənimiz iştirak etmişdir. Sabirabaddan da bu iş üçün 100 nəfərdən çox adam səfərbər olunmuşdu. 1993-cü ildə ulu öndər Heydər Əliyev Çernobılda baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edən Azərbaycan vətəndaşlarının statusu haqqında sənəd imzalamaqla bu kateqoriyadan olan insanlara diqqət və qayğısını bir daha nümayiş etdirdi. Bu qayğı və diqqət Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. Faciə iştirakçılarının müavinətləri dəfələrlə artırılmış, onların sosial müdafiəsi gücləndirilmişdir.
Çernobıl əlillərindən Əzizağa Quliyev, Ədalət Rəhimov və başqaları tədbirdə çıxış edərək onlara göstərilən qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Tədbirdə həmçinin xidmət təşkilatları rəhbərlərinin məlumatları dinlənildi. Əlillərin qaldırdıqları məsələlərin ən qısa müddətdə həll olunacağı bildirildi.
Tədbirin sonunda Çernobıl əlillərinə maddi yardım göstərildi.
Lazım
QULİYEV
Azərbaycan.- 2012.- 27 aprel.- S. 8.