Azərbaycan Mətbuat
Şurasının və ATƏT-in Bakı ofisinin birgə
layihəsi çərçivəsində ilk veriliş
yayımlanmışdır
Azərbaycan Mətbuat Şurasının və ATƏT-in Bakı ofisinin birgə təşəbbüsü, İctimai Televiziyanın informasiya dəstəyi ilə həyata keçirilən "Mətbuat və cəmiyyət münasibətlərində media müzakirələri" adlı layihə çərçivəsində ilk veriliş yayımlanmışdır. İctimai Televiziyanın hazırladığı proqramda Azərbaycanda mətbuatın iqtisadi vəziyyəti müzakirə olunmuşdur.
Şuradan AzərTAc-a bildirmişlər ki, müzakirədə ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, "Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov, "Ayna-Zerkalo" qəzetinin baş redaktoru Elçin Şıxlı, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu və "Gün.az" portalının baş redaktoru Elnur Baimov iştirak etmişlər.
Proqramın iştirakçıları əsasən, Azərbaycanda reklam bazarının vəziyyətindən, dövlət reklamlarının və elanlarının kütləvi informasiya vasitələrində yerləşdirilməsi təcrübəsinin tətbiqinin ölkəmizin media məkanına təsirindən, qəzet yayımında və səyyar satışda müşahidə olunan problemlərdən və digər məsələlərdən ətraflı danışmışlar. Natiqlər həmçinin sadalanan istiqamətlər üzrə Mətbuat Şurasının konkret fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsinə dair təkliflər vermişlər.
Mətbuat Şurasının ATƏT-in Bakı ofisi ilə birgə həyata keçirdiyi layihəsinin məqsədi Azərbaycan mediasının aktual problemlərini qruplaşdırmaqla, onların geniş ictimaiyyətə təqdimatını həyata keçirməklə cəmiyyətin həmin çətinliklərin aradan qaldırılmasına müsbət təsir mexanizminin formalaşmasına dəstək göstərməkdir. Əsas məqsədlərdən biri də Azərbaycan jurnalistikasını vətəndaşlar üçün daha yaxın etmək, cəmiyyət ilə medianın əlaqələrini möhkəmləndirməkdir.
İlin sonunadək həyata keçiriləcək
layihə çərçivəsində ATƏT-in Bakı
ofisinin, Mətbuat Şurasının, ölkənin nüfuzlu
KİV təmsilçilərinin, media ekspertlərinin
iştirakı ilə İctimai Televiziyada başqa
mövzularda da müzakirələrin təşkili
planlaşdırılır.
Azərbaycan.- 2012.- 27 aprel.- S. 8.