Gözəlliklər diyarının turizm imkanları genişlənir

 

 

Zaqatala Azərbaycanın çox gözəl bir guşəsidir. Burada çox gözəl təbiət, təbii şərait var, gözəl, zəhmətkeş, vətənpərvər insanlar yaşayır. Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində zaqatalalıların çox böyük xidməti olmuşdur.

 

İlham ƏLİYEV

 

 

Ana torpaq, ana təbiət onun qoynunda yaşayan, onu sevən, qədrini bilən, onu daha da abadlaşdırmağa, rövnəqləndirməyə çalışan insanların əməyi ilə daha gözəl olur. Zaqatala da belədir. Onların sevgisi, zəhməti və yüksək dövlət qayğısı sayəsində bu diyarın füsunkarlığı və müasirliyi aydan-aya, ildən-ilə daha da artır. O da təqdirəlayiq haldır ki, tikinti-quruculuq işləri ilə bağlı həyata keçirilən bütün tədbirlərdə milli memarlıq xüsusiyyətləri qorunub saxlanılır, qədim arxitektura elementləri müasirliklə uzlaşdırılır.

Bura gələn müsafirlərin də ilk sözü adətən bu olur: Zaqatala gözəldir.

Bu gözəllik özünü bütün fəsillərdə büruzə verir: dağlarının başını duman alanda da, hər tərəf ağappaq qar örtüyünə bürünəndə də, payız küləkləri cövlan edəndə də, yayın qızmar günlərində də...

Zaqatala Böyük Qafqaz sıra dağlarının cənub yamaclarında - Alazan (Qanıx)-Əyriçay vadisində yerləşir. 7 çay axan ərazisinin 49 faizini meşələr təşkil edir. Zaqatalada 1 şəhər, 1 qəsəbə, 60 kənd yaşayış məntəqəsi mövcuddur. Dəniz səviyyəsindən 560 metr yüksəklikdə yerləşən rayonun ərazisi 1348 kvadratkilometr, əhalisi 121 min nəfərdir. Zaqatala rayonunda 20-dən çox millət və xalqın nümayəndəsi yaşayır.

Mütəxəssislər Zaqatalanın tarixinin çox qədim olduğunu bildirirlər. Müxtəlif yerlərdə hələ də izi qalan V-VII əsrlərə aid Zaqatala səddinin qalıqları, tarixi hələ də tam öyrənilməmiş neçə-neçə abidə də bunu sübut edir.

Zaqatala bütün gözəllikləri, qədimliyi və eyni zamanda müasirliyi ilə əsl turizm məskənidir. Burada florafauna zənginliyinə görə, turizmin daha da inkişaf etdirilməsi üçün böyük imkanlar vardır. Rayon Turizm və Mədəniyyət Şöbəsinin müdiri Səfər Ramazanov bildirdi ki, Zaqatalada 9 turizm obyekti fəaliyyət göstərir və bu obyektlərdə müasir tələblərə uyğun infrastruktur yaradılıb. Gün ərzində hər birinin 375-400 turisti qəbul etmək imkanı olan obyektlərdə müvafiq kurslarda ixtisaslaşmış gənclər çalışır.

"Turizm ili"ndə rayonda bir çox tikinti-yenidənqurma işləri görülüb, yeni mədəniyyət və turizm obyektləri istifadəyə verilib. Ümumilikdə iki park, Turizm İnformasiya Mərkəzi yaradılıb, Heydər Əliyev Parkı yenidən qurulub. Bundan əlavə, iki mədəniyyət evi, bir klub, üç turizm obyekti, üç kitabxana, on altı yeni xatirə memarlıq kompleksi tikilib, on doqquz mədəniyyət evi, on klub, iyirmi bir kitabxana, musiqi məktəbi, iki turizm obyekti, iyirmi bir heykəltaraşlıq, tarix və mədəniyyət abidəsi əsaslı təmir olunub. Beynəlxalq standartlara uyğun Zaqatala Aeroportu, həmçinin dəmir yolu stansiyası rayonun turizm infrastrukturunu daha da gücləndirib.

Rayona səfəri zamanı Prezident İlham Əliyevin müəyyən yenidənqurma işlərinin görülməsi üçün tövsiyə və tapşırıqlarını verdiyi qədim Qala Düzü pilləkənləri milli memarlıq xüsusiyyətləri saxlanılmaqla əsaslı təmirdən sonra istifadəyə verilib.

Zaqatala şəhərinin mərkəzində yerləşən Tarix-mədəniyyət qoruğununAlban məbədinin əsaslı təmiri ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinə müraciət olunub.

S.Ramazanov onu da bildirdi ki, son illər rayona gələn turistlərin sayı artıb. Otellərdə qalan turistlərin sayı 4000-dən yuxarıdırsa, kəndlərdə qalanların sayı daha çoxdur. Bu da şübhəsiz ki, kənd turizminin inkişafı ilə bağlıdır.

Turistlər əsasən Yuxarı Çardaxlar kəndində yerləşən Pəri Qalasına, Car kəndindəki "Cingözqala"ya, Zaqatala qalasına, Alban məbədinə, çinarlara, parklara, "Şəlalə"yə daha çox maraq göstərirlər. Ümumiyyətlə,  rayonda dövlət qeydiyyatına alınmış 108 daşınmaz tarix mədəniyyət abidəsi mövcuddur.

Artıq Zaqatala qoruğunun ərazisində turizm istirahət mərkəzinin yaradılması da gündəmdədir.

Turistlərin maraqla baş çəkdiyi Tarix-Diyarşünaslıq Muzeyində 16 min eksponat qorunur nümayiş etdirilir. Bu muzeyin gələcəkdə Qoruq ərazisinə köçürülməsi planlaşdırılıb. Rayonda fəaliyyət göstərən Turizm İnformasiya Mərkəzində qonaqlar turistlər bir çox xidmətlərlə yanaşı, indi sürətli internetdən istifadə etmək imkanına malikdirlər.

Turizmlə bağlı rayonda beynəlxalq tədbirlər keçirilir. Azərbaycan Turizm İnstitutu Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti xətti ilə "Zaqatala rayonunun turizm potensialının öyrənilməsi" layihəsi gerçəkləşdirilib. Avropa Şurası, Mədəniyyət Turizm Nazirliyi respublikamızın 10 rayonunun nümayəndələrinin iştirakı ilə "Tarixi şəhərlərdə mədəni irsin bərpası" layihəsinin I II mərhələlərinin seminar-treninqləri keçirilib, iki layihə işlənib təqdim olunub. Layihələrdə iştirak edən 10 rayon arasında Qax rayonu ilə birgə Zaqatala rayonu da qalib gəlib.

Zaqatalalıların qonaqpərvərliyi, mehribanlığı səmimiliyi onu da deməyə əsas verir ki, ilin bütün fəsillərində gözəlliklər diyarı Zaqatalaya gəlməyə dəyər.

 

 

Telman NƏZƏRLİ

 

Azərbaycan.- 2012.- 27 aprel.- S. 9.