Bakıda Milli preventiv mexanizm çərçivəsində saxlanma şəraitinin monitorinqi və hesabatlılıq vərdişləri mövzusunda seminar keçirilir

 

 Aprelin 26-da ATƏT-in Bakı ofisinin və İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının təşkilatçılığı ilə "Milli preventiv mexanizm çərçivəsində saxlanma şəraitinin monitorinqi və hesabatlılıq vərdişləri" mövzusunda seminar başlamışdır. 

AzərTAc xəbər verir ki, iki gün davam edəcək seminarın məqsədi bu sahədə dünya təcrübəsindən yararlanmaqla Azərbaycan Milli preventiv mexanizminin (MPM) icrasına cəlb olunmuş əməkdaşların monitorinq və hesabatların hazırlanması üzrə bacarıqlarını inkişaf etdirməkdir.  

ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay bildirmişdir ki, bu tədbir və işlənilən mexanizm ölkədə azadlıqdan məhrum olunmuş insanların hüquqlarının yüksək səviyyədə müdafiəsini təmin etmək üçün göstərilən səyləri daha da gücləndirəcəkdir.

Ombudsman Elmira Süleymanova demişdir ki, bu tədbir MPM sahəsinin daha da təkmilləşməsinə xidmət edəcəkdir. Qeyd edilmişdir ki, Azərbaycanda MPM-in funksiyalarını Ombudsman Aparatı icra edir. ATƏT-in Bakı ofisi isə bu səyləri fəal şəkildə dəstəkləyir.

Bununla bağlı milli preventiv qrupu yaradılmış, hesabatlar hazırlanmışdır. Beynəlxalq qurumların ekspertləri bu sahədə təlimlər keçirlər. ATƏT-in Bakı ofisinin belə təlimlərin keçirilməsində böyük rolu vardır.

Məsələ ilə bağlı "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı" təsdiq olunmuşdur. Həmin proqramda insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində məsələlərdən biri də məhz milli preventiv mexanizm çərçivəsində fəaliyyətin genişləndirilməsi və məqsədyönlü olmasıdır. Bu isə Azərbaycanda bu mexanizmə böyük önəmin verildiyinin göstəricisidir.

Tədbirdə yerli və beynəlxalq mütəxəssislər iştirak edirlər. Seminar aprelin 27-də işini başa çatdıracaqdır.

 

 

Azərbaycan.- 2012.- 27 aprel.- S. 10.