AzərTAc ilə
Polşa Mətbuat Agentliyi
arasında informasiya mübadiləsi sahəsində
əməkdaşlıq haqqında qarşılıqlı Anlaşma Memorandumu
imzalanmışdır
Polşa Mətbuat Agentliyinin (PAP) dəvəti ilə Azərbaycan Dövlət Teleqraf Agentliyinin - AzərTAc-ın baş direktoru Aslan Aslanovun rəhbərliyi ilə Varşavada səfərdə olan nümayəndə heyəti PAP Direktorlar Şurasının sədri Yerji Pasiorkovski ilə görüşmüşdür.
Görüşdə Aslan Aslanov 1920-ci ildə, Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış AzərTAc-ın tarixi, fəaliyyəti və beynəlxalq əlaqələri barədə məlumat vermişdir.
Avropa Xəbər Agentlikləri Alyansı (EANA) çərçivəsində AzərTAc ilə PAP arasında uğurlu əməkdaşlığı xatırladan A.Aslanov agentliklərimiz arasında da informasiya mübadiləsinin vacibliyini qeyd etmiş, qarşılıqlı anlaşma haqqında imzalanan memorandumun böyük əhəmiyyət kəsb etdiyini vurğulamışdır. O, ötən əsrin əvvəllərində Bakıda neft sənayesinin təşəkkülündə və şəhərin simasının formalaşmasında polyakların rolu mövzusuna da toxunmuşdur.
AzərTAc-ın baş direktoru ümummilli lider Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin Polşaya, habelə Polşa rəhbərlərinin ölkəmizə rəsmi səfərlərinin dövlətlərimiz arasında əlaqələrin möhkəmlənməsi baxımından əhəmiyyətini xüsusi qeyd etmişdir. O vurğulamışdır ki, bu səfərlər bütün sahələrdə əməkdaşlığın inkişafı üçün stimul olmuşdur.
PAP Direktorlar Şurasının sədri Yerji Pasiorkovski demişdir ki, iki agentlik arasında informasiya mübadiləsinin vacibliyi fikrini dəstəkləyir. O, PAP-ın AzərTAc ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini vurğulayaraq qeyd etmişdir ki, imzalanan memorandum informasiya agentlikləri arasında əlaqələrin inkişafında yeni mərhələ olacaq, Polşa və Azərbaycanın informasiya sahəsində əməkdaşlığının daha da dərinləşməsində mühüm rol oynayacaqdır.
Hər iki agentliyin rəhbərləri qeyd etmişlər ki, memorandum imzalandıqdan sonra AzərTAc ilə PAP arasında münasibətlər yeni səviyyəyə yüksələcəkdir. Onlar bu məsələdə Azərbaycanın Polşadakı səfirliyinin rolunu və töhfəsini yüksək qiymətləndirmişlər.
Görüşdən sonra AzərTAc ilə PAP arasında informasiya mübadiləsi sahəsində əməkdaşlıq haqqında qarşılıqlı anlaşma memorandumunun imzalanma mərasimi olmuşdur. Memorandum informasiya sahəsində ikitərəfli əlaqələrin genişləndirilməsi məqsədilə tərəflərin milli qanunvericiliklərinə uyğun olaraq iki agentlik arasında xəbərlər, fotoşəkillər, təcrübə və jurnalist mübadiləsini, üzv olduqları beynəlxalq və regional alyanslar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutur.
Sonra AzərTAc-ın xarici dillərdə informasiya baş redaksiyasının baş redaktoru Orxan Muradovun da daxil olduğu nümayəndə heyəti PAP-ın informasiya texnologiyaları və multimedia şöbələrində, fotoinformasiya və xəbərlər buraxılışı departamentlərində iş şəraiti ilə tanış olmuşdur.
AzərTAc-ın baş direktoru Aslan Aslanov PAP nümayəndələrini bu ilin oktyabr
ayında Bakıda keçiriləcək Beynəlxalq Humanitar Foruma dəvət etmişdir. Polşa tərəfi
bu dəvəti məmnuniyyətlə qəbul
etmişdir.
Azərbaycan.- 2012.- 27 aprel.- S. 10.