Azərbaycan
xarici mətbuatın diqqət mərkəzindədir
"Eurovision-2012" böyük
bayram kimi təqdim olunur
"Eurovision-2012"
mahnı müsabiqəsinə ev sahibliyi etməyimizə,
sosial-iqtisadi inkişafa, həyata keçirilən iritutumlu
layihələrin reallaşdırılmasına, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə
yönəlmiş səylər, bir sözlə, dövlətimizin
atdığı hər addım dünya mətbuatının
gündəmindən düşmür. Heç şübhəsiz,
hələ bir-iki ay bundan sonra da dünyanın təkcə mətbuatı
deyil, ürəyi də Azərbaycanla
döyünəcəkdir. Çünki Azərbaycan
dünyada hər kəsi Bakıda öz məşəlini
alovlandırmağa səsləyir.
Ötən həftənin son günləri Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri və Pakistan İslam Respublikasında çoxmilyonlu oxucu kütləsinə malik ingilisdilli "Daily Times" "Eurovision-2012: Böyük bayram gözləntisində" sörlövhəli məqaləni ilk səhifəsində yerləşdirmişdi. Qardaşlıq, dostluq duyğusuyla yazılan məqalədə Azərbaycanın uğurlarından, dünyanın aparıcı lider dövlətlərindən birinə çevrilməsindən ağızdolusu danışılırdı. "Eurovision-2012"nin Bakıda möhtəşəm şəkildə keçiriləcəyinə əminliyi bildirən məqalə belə başlayır: "Onların bir çoxu Odlar Yurdunu tərk edərkən öz qəlblərində buradan alov zərrəciyi aparacaqlar". Həyat dolu bu ismarıc Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevaya məxsusdur. Məqalədə "Eurovision" beynəlxalq mahnı müsabiqəsinin tarixindən bəhs edilir, bu tədbirin Avropanın ən mötəbər mahnı müsabiqəsi olduğu bildirilir. Qeyd edilir ki, Azərbaycan tayı-bərabəri olmayan bir möhtəşəmliklə bu müsabiqəyə ev sahibliyi edəcək. "Daily Times" Heydər Əliyev Fondunun ölkədə apardığı irimiqyaslı layihələrdən də bəhs edir. Fondun ölkə və dünya mədəniyyəti irsinin qorunub saxlanılması üçün mütəmadi tədbirlər həyata keçirdiyini vurğulayır. Pakistanın zəlzələdən zərər çəkən Müzəffərabad şəhərində Mehriban xanım Əliyevanın təşəbbüsü ilə inşa edilən qızlar məktəbi iki qardaş xalq arasında dostluğun rəmzi kimi təqdim edilir.
ABŞ-ın nüfuzlu "The Washington Times" qəzeti Azərbaycanın iqtisadi baxımdan dünyanın ən sürətlə inkişaf edən ölkələrindən biri olduğunu yazır: "Ötən 8 ildə ölkədə ÜDM 3 dəfə artmışdır. Xarici borc ÜDM-in 6 faizini təşkil edir. Adambaşına düşən milli gəlirə görə Azərbaycan regionun ən zəngin ölkəsidir". Asiya İnkişaf Bankı "Asian Development Outlook" öz hesabatında bildirir ki, 2012-ci ildə Azərbaycanda ÜDM-in 4.1 faiz artacağı proqnozlaşdırılır. Ölkənin ödəmə balansının profisiti ÜDM-in 22 faizi həcmində, xarici ticarətdə müsbət saldo isə 22.35 milyard dollar olacaq.
"Azərbaycan"-"Rossiyskaya qazeta" adlı yeni layihə çərçivəsində çap edilən "Rossiyskaya qazeta"nın birinci buraxılışında "Modernləşmənin yeni mərhələsi: Azərbaycan modeli" və Pakistanın "2011-ci il mediası-2020-ci ilin oxucuları üçün" jurnalında "Çiçəklənən Azərbaycan mətbuatı" sərlövhəli məqalələr dərc olunub. Hər iki məqalədə Azərbaycanın sürətli sosial-iqtisadi inkişafından söz açılır, 2011-ci ildə ölkənin sosial-iqtisadi həyatında strateji əhəmiyyətli üç dövlət proqramı haqqında ətraflı məlumat verilir. Bildirilir ki, Prezident İlham Əliyev tərəfindən qəbul olunan "Azərbaycan gəncliyi -2011-2015-ci illərdə", "2011-2013-cü illərdə Bakı şəhərinin və qəsəbələrinin sosial-iqtisadi inkişafı" və "2011-2015-ci illərdə yoxsulluğun azaldılması və davamlı inkişafına dair" proqramların başlıca məqsədi əhalinin rifah halının yaxşılaşdırılması ilə paralel insan kapitalına investisiyaların artırılmasıdır. Qeyri-neft sektorunun inkişafını da nəzərdən qaçırmayan qəzet Azərbaycanda sahibkarlara göstərilən dövlət qayğısından bəhs edir. Məqalələrdə 2011-ci ildə Azərbaycanın "Eurovision" mahnı müsabiqəsindəki parlaq qələbəsini xatırladan müəlliflər ölkəmizin tarixi və mədəniyyəti haqqında geniş məlumat verirlər.
"Daily İttihad"ın baş redaktoru Tahir Faruq oxucuya əvvəlcə qədim tarixi, zəngin mədəniyyəti və sürətli iqtisadi inkişafı ilə tanınan Azərbaycan haqqında ətraflı məlumat verir, Pakistan ilə qardaşlıq-dostluq münasibətlərindən söhbət açır, Azərbaycanda bu ölkədə dövlətin mətbuata göstərdiyi qayğıdan danışır. Müəllif yazır ki, müxalifyönlü qəzetlər də daxil olmaqla dövlət bütün KİV-lərə maliyyə yardımı göstərir, bununla da onların maddi-texniki bazası güclənir. Qəzet və jurnallar təkcə paytaxda deyil, bölgələrdə də geniş yayımlanır. T.Faruq - neçə illərdən bəri dost Azərbaycan oyuncaq bir savaşa məcbur edilib, doğma torpaqları işğal olunub - deyə yazır. "Daily Times" "31 Mart - Azərbaycanlıların soyqırımı günü" adlı məqalədə Azərbaycanın tarixinə nəzər salınır. Qəzet yazır: "Gülüstan və Türkmənçay müqavilələrindən dərhal sonra İrandan və Türkiyədən Azərbaycanın tarixi torpaqlarına on minlərlə erməni köçürülür. 1918-ci ildən başlayaraq təpədən dırnağa qədər silahlanmış erməni millətçiləri bolşeviklər ilə birləşərək Azərbaycanın paytaxtında və bir çox bölgələrində 50 mindən çox insanı qəddarcasına qətlə yetirmiş, həmin əraziləri yandırıb külə döndərmişlər. Daha sonra məqalədə 1988-ci ildən bəri Azərbaycanın başına gətirilən faciələrdən bəhs olunur.
Təkcə yazılı mətbuat deyil, dünyanın nüfuzlu telekanalları da son zamanlar Azərbaycanda keçiriləcək beynəlxalq mahnı müsabiqəsi ilə bağlı reallıqları özündə əks etdirir, Azərbaycanın gəzməli, görməli yerlərini göstərir, turizm imkanlarını şərh edir. Elə nüfuzlu mətbuat və televiziya kanalları var ki, hər gün efir vaxtının bir hissəsini Azərbaycandan reportajlara ayırır, qəzet səhifələri bütövlükdə Azərbaycana həsr olunur.
Qardaş Türkiyə mətbuatı səhifələrində hər gün Azərbaycanla bağlı uğurlu xəbərlərə, "Eurovision-2012" yeniliklərinə geniş yer verir. Xarici mətbuat bildirir ki, Azərbaycan humanitar əməkdaşlığın gündəliyini müəyyənləşdirən təşəbbüslər irəli sürməklə bu istiqamətdə genişformatlı tədbirlər keçirməklə qloballaşan dünyada sivilizasiyalararası dialoqun möhkəmlənməsinə, yeni əməkdaşlıq formatlarının yaranmasına, ümumbəşəri dəyərlər sisteminin arxitekturasında mütərəqqi dəyişikliklərin inkişafına öz töhfəsini verir, multikulturizmin mərkəzlərindən birinə, dünyanın "Humanitar Davos"una çevrilir.
Rəsmiyyə
RZALI
Azərbaycan.- 2012.- 27 aprel.- S. 10.