İrfan ocaqları
Şuşanın işğalından 20 il ötür
Şuşa təkcə musiqinin, incəsənətin, muğamın beşiyi deyildi. Şuşada hələ XVIII əsrdən başlayaraq irfan ocaqları fəaliyyət göstərirdi. Məktəblərin rəsmi surətdə fəaliyyətə başlamasından öncə sonralar təhsil sisteminin tərkib hissəsi sayılacaq ailə məktəbləri və ayrı-ayrı şəxsiyyətlərin maliyyələşdirdiyi irfan ocaqları yaranmışdı. Bir sıra mütərəqqi şəxslər, təhsilli adamlar öz uşaqlarına, qohumlarına məhz evdə savad öyrətməklə məşğul olurdular. Ayrı-ayrı şair, yazıçı və sənət adamlarının tərcümeyi-halından bəlli olur ki, bir sıra bəylərin, varlı şəxslərin, tanınmış sənət adamlarının övladlarına evdə savad öyrətmişlər. Məhz belə bir ailə məktəbinin təsiri və köməyi ilə onlar dövrünün ən savadlı və mədəni şəxsiyyətləri olmuşlar. "Ailə məktəbi" kimi formalaşan bu ocaqdan pərvazlanan insanlar əməlləri ilə təkcə nəsillərinə deyil, doğulduqları Şuşaya, Qarabağa, bütövlükdə Azərbaycana şan-şöhrət gətirmişlər. Şeirləri dillər əzbəri olan Ağabəyim ağa, Xurşidbanu, Gövhər ağa məhz belə məktəblərdə mükəmməl təhsil alaraq öz ağılları, savadları, dünyagörüşləri ilə Avropada oxuyan insanlardan belə seçilməyiblər. Sonralar ailələrdə yanan mənəvi çırağın şöləsi öz işığını daha da genişləndirdi. Şuşada artıq müxtəlif məktəblər fəaliyyət göstərirdi. Azərbaycanda birinci qəza məktəbi 1830-cu ildə Şuşada açılmışdır.
Şuşa müsəlman məktəbi
1849-cu il aprelin 23-də fəaliyyətə başlayan bu təhsil ocağı Azərbaycanda ilk müsəlman şiə məktəbi sayılıb. Bu maarif ocağını yaratmaqda məqsəd şiə təriqətinə mənsub müsəlman uşaqlarına şəriət dərsi keçmək, rus dilində müvafiq bilik verməkdən ibarət idi. Tədris müəssisəsinin maliyyə vəsaiti əsasən yerli əhalidən toplanan ianələrdən ibarət idi. Burada təhsil alanların ictimai mənşəyinə görə əksəriyyətini bəy, xan və ruhani uşaqları təşkil edirdi. Məktəbdə həm Azərbaycan, ərəb, fars dilləri keçilir, həm də hesab, coğrafiya, tarix, hüsnxət, rus qanunşünaslığı, ərəb dilinin qrammatikası ilə bərabər bu dildə olan kitablar əsasında məntiq, Quranın təfsiri, kosmoqrafiya və metafizika öyrədilirdi. İlk buraxılışı 1852-ci ildə olan məktəbi altı nəfər bitirmişdi. 1861-ci ildə fəaliyyətini dayandıran Şuşa müsəlman şiə məktəbi Qarabağda xalq maarifinin inkişafında və yeni məktəblərin meydana gəlməsində mühüm rol oynamışdır.
Gövhəriyyə
məktəbi
Şuşada Gövhər ağanın öz adını daşıdığı məscidin nəzdində açdığı məktəb 1864-cü ildə fəaliyyətə başladı. Burada oxuyan yoxsul uşaqlarının təhsil haqqı Gövhər ağa tərəfindən ödənilirdi. Elə bu məktəbə də el arasında "Gövhəriyyə" məktəbi deyilirdi. Hətta məktəbin nəzdində müsəlman tələbə komitəsinin təşəbbüsü ilə pulsuz kitabxana zalı da açılmışdı. Deyilənə görə, bu məktəbin açılmasına Gövhər ağa o zaman 175 min manat qızıl pul xərcləyib.
Şuşa Marinski
Qız məktəbi
1875-ci ildə Şuşa Xeyriyyə Cəmiyyəti tərəfindən təşkil edilən irfan ocağı dini etiqadından, mənşəyindən asılı olmayaraq, qızların təhsil aldığı xüsusi məktəb idi. Məktəb Ananyevlərin ikimərtəbəli mülkündə yerləşirdi. Tədris planına təcrübi əhəmiyyəti olan fənlər, o cümlədən rus dili, hesab, ana dilində oxu və yazı, hüsnxət, rəsm, rəsmxət, ümumi coğrafiya, tarix Şuşa qəzasının və Rusiya imperiyasının xəritəsini çəkməklə ölkəşünaslıq daxil idi. Bunlardan əlavə, məktəbdə xalq mahnıları oxudulur, təbiət, tarix, fizikadan məlumat verilirdi. Təhsil pullu olsa da, kasıblar bu haqdan azad idilər. Hətta əlavə təhsil haqqı ödəyənlərə də fransız, alman dilləri keçilir, musiqi öyrədilirdi. Valideynlərin razılığı ilə qızlar gimnastika ilə də məşğul olurdular. Onlara bu sənət pulsuz öyrədilirdi.
1894-cü ildə dördsinifli olan məktəbin təşkili azərbaycanlı qızların rus dilində təhsilə cəlb edilməsinə şərait yaratdı. 1901-ci ildə burada təhsil alan şagirdlərin yeddisi artıq azərbaycanlı idi. Şuşa Marinski Qız Məktəbi qadın təhsili sahəsində, azərbaycanlı qızların dünyəvi təhsil almasında mühüm rol oynamışdır.
Səfərəli
bəyin məktəbi
1883-cü ildə görkəmli pedaqoq Səfərəli bəy Vəlibəyov tərəfindən açılan bu təhsil ocağı Şuşada ibtidai təhsil verən anadilli məktəb idi. Səfərəli bəy Vəlibəyov Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin müəllimi idi. O, yayda Şuşada istirahət edən zaman müvəqqəti olaraq bu məktəbi açmışdı ki, uşaqlara savad öyrətsin. Onun məktəbində müxtəlif təbəqələrdən olan 25 şagird oxuyurdu. Tədris səs üsulu ilə aparılırdı. Səfərəli bəy şagirdlərə yalnız savad öyrətməklə kifayətlənmir, eyni zamanda yerli məktəbdarlara səs üsulunun üstünlüyünü izah edərək bu üsulla dərs deməyin əhəmiyyətini əyani şəkildə göstərirdi. Onun bu xeyirxah əməli öz bəhrəsini verdi. Səfərəli bəydən sonra Şuşada məktəbdarların sayı xeyli çoxalmışdı.
Şuşa rus-Azərbaycan məktəbi
Qori Müəllimlər Seminariyasının məzunu Camal bəy Fətəlibəyov 1893-cü ildə Şuşada bu məktəbi açdı. Əslində, Şuşa rus-Azərbaycan məktəbi oğlanlar üçün nəzərdə tutulmuşdu. Xalq arasında onu öz yaradıcısının adı ilə "Camal bəyin məktəbi" adlandırırdılar. Adıgözəlovların evində yerləşən bu məktəb ən çox şagirdi olan təhsil müəssisələrindən sayılırdı. 1893-cü ildə 25, 1895-ci ildə 60, 1896-cı ildə 80 şagirdi vardı. İldə hər şagirddən 6-12 manat təhsil haqqı alınırdı. Kasıblar təhsil haqqından azad edilirdi. Təlim yeni üsulla aparılırdı. Məktəbin tədris planına ana dili, rus dili, hesab, rəsmxət, nəğmə daxil idi. İki sinifdən ibarət olan məktəbdə iki il ərzində Azərbaycan və rus dillərində mükəmməl təhsil alırdılar. Mahiyyət etibarilə hazırlıq sinfi rolunu oynayan bu təhsil müəssisəsi Cənubi Qafqazın xüsusi məktəblərinə aid ümumi qaydalara əsaslanırdı. Burada oxuyanlar şəhər və realnı məktəblərinə daxil olmaq hüququ qazanırdılar. Sonralar Camal bəy Fətəlibəyov Ağcabədi kənd məktəbinə müdir göndərildiyinə görə onun yerinə Səməd bəy Ağayev təyin edilmişdi.
Şuşa üçüncü
dərəcəli xüsusi məktəbi
İrəvan Müəllimlər Seminariyasının məzunu Hüseynəli bəy Rüstəmbəyov tərəfindən bu məktəb 1895-ci ilin sentyabrında açılmışdı. Bu, əslində, rus-Azərbaycan məktəbləri tipində fəaliyyət göstərən yeni təhsil ocağı idi. Məktəb cəmi bir il fəaliyyət göstərdi. Hüseynəli bəy Rüstəmbəyovun Şamaxı qəzasının Lahıc kənd məktəbinə dəyişilməsi ilə əlaqədar onun fəaliyyəti dayandırıldı.
Rus-tatar məktəbi
1896-cı ilin oktyabrında Şuşa ziyalılarının təşəbbüsü ilə iki sinifdən ibarət rus-tatar məktəbi açılmışdı. Şəhər əhalisi məktəbin bütün xərclərini öz üzərinə götürmüşdü. O zaman şəhər qazisinin, din xadimlərinin, eləcə də 1500-dən çox adamın imzası ilə qısa müddətdə baş məscidin həyətində yeni bir tədris binasının tikilməsini nəzərdə tutan plan hazırlanmışdı. Şahzadə Fətəli bəy Qacar və Xan qızı Natəvan bu bina tikilənədək öz evlərini təmənnasız olaraq məktəbə vermişdilər. Şuşa Realnı Məktəbi şagirdlərinin göstərdiyi iki səhnəcikdən toplanan 500 manat və şəhər ziyalılarının Xandəmirov teatrında hazırladıqları tamaşadan əldə edilən gəlir hesabına məktəb binasının tikintisi baş tutdu.
Məktəbin müdiri Haşım bəy Vəzirov idi. Müəllimləri də o dövrün tanınmış ziyalıları - Rasim bəy Tahirov, Mirzə Baxış Yusifzadə, Molla Mehdi Sarıcalı, Mehdiqulu Vəfa və başqaları olub. Şuşanın bir çox xeyriyyəçiləri bu təhsil müəssisəsinin maddi bazasının möhkəmləndirilməsində fəal iştirak ediblər.
Məktəb çar II Nikolayın tacqoyma mərasimi münasibətilə onun şərəfinə "Şuşa Nikolayevski rus-tatar məktəbi" adlandırılmışdı. Şuşa Xeyriyyə Cəmiyyətinin təşəbbüsü ilə məktəbin müəllimlərinə dövlət qulluqçusu hüququ və üstünlüyü verilmişdi. Şuşa ziyalılarının əksəriyyəti, məsələn, Zülfüqar və Üzeyir Hacıbəyli qardaşları, Yusif Vəzir Çəmənzəminli, Mirzə Xosrov Axundov və başqaları ilk təhsillərini burada alıblar.
Nəvvabın məktəbi
Dövrünün çox nüfuzlu, tanınmış şəxsiyyətlərindən olan Mir Möhsün Nəvvabın çox mühüm xidmətlərindən biri də məktəbdarlıqla məşğul olmasıdır. XIX əsrin 90-cı illərində yeni üsulla açdığı ana dili məktəbində Azərbaycan dili, ədəbiyyat, fars dili və digər fənlər tədris edilir, dünyəvi elmlərdən məlumat verilirdi. El arasında "Nəvvabın məktəbi" kimi məşhurlaşan bu təhsil ocağı da əhalinin maariflənməsində böyük əhəmiyyət daşıyıb.
Flora XƏLİLZADƏ
Azərbaycan.- 2012.- 27 aprel.- S. 11.