Musiqi xəzinəmizin tarixi

 

 Musiqişünas, sənətşünaslıq namizədi, Bəstəkarlar İttifaqının məsul katibi Lalə Hüseynovanın Azərbaycan Bəstəkarlar İttifaqının 75 illiyinə həsr edilmiş "Böyük yolun tarixi" monoqrafiyasının təqdimat mərasimi keçirilib. 1934-2009-cu illəri əhatə edən kitab, əslində, Azərbaycan musiqisi korifeylərinin Bəstəkarlar İttifaqında göstərdiyi misilsiz xidmətləri  oxuculara, xüsusən də elmi və mədəni ictimaiyyətə toplu şəklində çatdırılır.

Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə tədbiri açaraq müəllifin uzun illər elmi axtarışlarının nəticəsi olan kitabın əsas qayəsi və mahiyyəti barədə ətraflı danışdı: "Azərbaycan Bəstəkarlar İttifaqının tarixi XX əsrdə meydana gəlmiş yeni musiqi mədəniyyətimizin də tarixidir desək,  yanılmarıq. Bu təşkilat cəmiyyət həyatının ən çətin zamanlarında yaranıb, şərəfli yol keçibbütün maneələri dəf edib. Onun musiqimizin inkişafını təmin edən bir qurum şəklində ərsəyə gəlməsi Üzeyir bəy Hacıbəyli və Qara Qarayev kimi dahi, əvəzolunmaz şəxsiyyətlərin böyük əməyi sayəsində mümkün olub və onların dolğun həyatı biz bəstəkarlara yaradıcılıq işini geniş ictimai fəaliyyətlə, bacarıqla əlaqələndirməyin parlaq nümunəsidir. Müxtəlif illərdə bu təşkilata rəhbərlik edən Səid Rüstəmov və Tofiq Quliyev kimi böyük sənətkar və ictimai xadimlərimiz öz əməyini bu qurumun inkişafına və nüfuzunun yüksəlməsinə yorulmadan sərf etmişlər. Uzun illər təşkilatımızda çalışan musiqişünas Lalə Hüseynovanın oxuculara təqdim etdiyi hazırkı kitabda məhz bu nəhəng işin vacib və maraqlı anlarını mümkün qədər açmaq kimi vəzifə qarşıya qoyulmuşdur".

Azərbaycanın professional musiqi sənətinin müəyyən bir dövrünü özündə əks etdirən toplunun maraqlı və əhəmiyyət daşıyan məziyyətləri kifayət qədərdir. "Böyük yolun tarixi"nin "Azərbaycan Bəstəkarlar İttifaqının yaranması və təşəkkülü tarixindən", "Azərbaycan Bəstəkarlar İttifaqının 1960-1980-ci illərdə fəaliyyəti və onun əsas istiqamətləri", "Çağdaş müstəqillik dövründə Azərbaycan Bəstəkarlar İttifaqının fəaliyyəti" kimi üç vacib fəsilə bölünməsi də təsadüfi deyildir. Hər fəsildə yer alan mövzular ümumilikdə keçilən yolun işıqlandırılmasında xüsusi əhəmiyyət daşıyır.

Adıçəkilən nəşrin təkcə musiqi xadimlərinin deyil, geniş oxucu auditoriyası üçünolduqca maraqdoğuran faktlarla zənginliyindən ətraflı söz açan Azərbaycan Bəstəkarlar İttifaqının katibi, xalq artisti, sənətşünaslıq  doktoru, professor Ramiz Zöhrabov onu da xüsusi olaraq bildirdi ki, təqdimatına toplaşdığımız əsər sıradan biri sayıla bilməz. Azərbaycan Bəstəkarlar İttifaqının tarixini araşdırmaq və qələmə almaq o qədər də asan deyil. Bunun üçün təkcə dözüm və səbir kifayət etmir. Burada  peşəkarlıq da mühüm şərtlərdən biridir.  Çox haqlı olaraq müəllif kitabın birinci fəslində göstərir ki, Azərbaycan musiqisinin çox qısa zaman kəsiyində, təxminən 30 il müddətində (1908-1940-cı illər) əldə etdikləri, əlbəttə, ilk növbədə, 1918-ci ildə yaradılmış (1920-ci ildə isə sovetləşmiş) ilk Şərq respublikasında mükəmməl, üçpilləli təhsil sisteminin qurulması ilə bağlı idi: ibtidai musiqi məktəbləri, musiqi texnikumu və nəhayət, ali təhsil ocağı kimi Dövlət Konservatoriyası fəaliyyətə başlayıb.

Xalq artisti, professor Ramiz Quliyev müəllifin bu uğurlarında onun doğulub boya-başa çatdığı ziyalı ailəsinin də mühüm şərt olduğunu diqqətə çatdırdı.

Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, Milli Məclisin deputatı Arif Rəhimzadə isə çıxışlarında kitabın, sadəcə, Bəstəkarlar İttifaqının  müəyyən dövrünü əhatə edən bir toplu kimi deyil, əslində, dəyərli monoqrafiya olduğunu bildirdilər. Onların fikrincə, eyni zamanda burada musiqişünaslığın tarixi araşdırılır və oxucular elmi mənbələrə əsaslanan maraqlı məlumatlarla da ətraflı tanış olurlar.

Tədbirin bədii hissəsində Azərbaycan Dövlət Simli Kvartetinin, əməkdar artist Gülnaz İsmayılova, Səbinə Əsədova və Məlahət İsmayılovanın ifalarında Ü.Hacıbəylinin, Q.Qarayevin, T.Quliyevin və F.Əlizadənin əsərlərindən nümunələr səsləndirildi.

Sonda musiqişünas-müəllif kitabın ərsəyə gəlməsində göstərdikləri köməyə görə Azərbaycan Bəstəkarlar İttifaqının üzvlərinə və əməkdaşlarına, eyni zamanda S.Mümtaz adına Ədəbiyyat və İncəsənət Arxivinin, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin, Ü.Hacıbəylinin ev-muzeyinin kollektivlərinə öz  dərin təşəkkürünü bildirdi.

 

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2012.- 27 aprel.- S. 11.