Həyatın dərslərini kitablara köçürür

 

Onu çox vaxt qısaca olaraq yazıçı-hüquqşünas kimi təqdim edirlər. Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Tahir Kazımov respublika Silahlı Qüvvələrinin və Qarabağ müharibəsinin veteranıdır. İndiyədək 763 çap vərəqi həcmində müxtəlif janrlı bədii əsərləri çap olunub. Bu, səhifələrinin ümumi sayı 12207-yə çatan çoxsaylı kitablar deməkdir.

Tahir Kazımov uzun illər daxili işlər orqanlarında xidmət edib. Polis polkovnikidir.

"Biz orqan işçiləri nələr görmüşük, nələr eşitmişik. Gördüklərimizi, eşitdiklərimizi dərindən duya-duya daxilən qocalır, qara saçımız günü-gündən ağarır, lakin dözürük. Amma bəzilərinin ürəyi tab gətirmədikdə o dünyaya köçürlər..."

Bu sözləri Tahir Kazımovun çoxsaylı romanlarının qəhrəmanlarından biri rəhbərlik etdiyi idarənin cinayət-axtarış bölməsində çalışan işçisinə çətin  tapşırıq verdikdən sonra daxili dünyasında özünün özü ilə söhbətində deyir. Tahir müəllim haqqında düşünəndə də məhz bu sözlər yada düşür. Şübhəsiz, ona görə ki, Tahir Kazımov da həyatı boyu gördüklərini duya-duya, rast gəldiyi ədalətsizliklərə etiraz edə-edə, cinayət və cinayətkarlara qarşı mübarizə apara-aparainsanlara imkanı daxilində əl tuta-tuta ömrün müdriklik çağına gəlib çatıb.

Tahir müəllim əmək fəaliyyətinə bu gün də əlində möhkəm tutduğu qələmi ilə başlayıb. Əvvəlcə "Ulduz" jurnalında ədəbi işçi kimi çalışıb. 1969-cu ildə komsomolun Mərkəzi Komitəsinin qərarı ilə Azərbaycan SSR Daxili İşlər Nazirliyinə xidmətə göndərilib. 1975-ci ilə qədər nazirliyin siyasi şöbəsində müxtəlif vəzifələrdə çalışıb. Sonra təhsilini davam etdirmək üçün Moskvaya, SSRİ Daxili İşlər Nazirliyinin Akademiyasına göndərilib. 1975-1978-ci illərdə orada təhsil alıb. Təhsilini başa çatdırdıqdan sonra Azərbaycana qayıdıb. Müxtəlif rəhbər vəzifələrdə işləyib.

Tahir Kazımov bədii yaradıcılığa hələ 1965-ci ildən başlayıb. Qələmini miniatür, hekayə janrlarında, tərcümədə sınayan gənc müəllif sonradan bir sıra detektiv povestromanlar yazıb. Bütün əsərlərinin mövzusunu da ona həyatın özü bəxş edib. Əvvəlcə nisgilli və keşməkeşli uşaqlığı, sonra da real həqiqətlərlə, mübarizələrlə zəngin, qorxmazlıq və cəsurluqla dolu polis həyatı.

1942-ci ilin ilıq bir yaz səhərində Cəbrayıl rayonunun Soltanlı kəndində dünyaya göz açıb. Atası müəllim olub, kənd məktəbində direktor vəzifəsində çalışıb. Oğlu Tahir şirin-şirin "ata" kəlməsini deməyə başlayanda Şirin müəllim İkinci dünya müharibəsinin cəbhələrində, son döyüşünü Mozdokda qəbul edərək qəhrəmancasına həlak olub. Tahir Kazımov bu ada məhəbbət və ehtiram olaraq ilk qələm təcrübələrinə məhz "Şirinoğlu" imzasını qoyub.

Sonralar Tahir Kazımov "Əmək rəşadəti", "Səsin sehri", "Qəfil ezamiyyət", "Qisas", "Ürək fəryadı", "Müsibət", digər povest və romanlarını yazır. 1970-ci ildən işıq üzü görməyə başlayan kitablarının çapı 2-3 min nüsxədən bəzən 20-30 min nüsxəyə çataraq çox böyük tirajla nəşr olunur. Son illərdə müəllif oxucularına "Etiraf", "Cəhənnəmə aparan yol", "Taleyin qisməti beləymiş yəqin", "Talelərini özləri yazanlar" və s. kitablarını təqdim edib. Hər biri 500 səhifəlik üç kitabdan ibarət olan "Müsibət" adlı sənədli romanı real hadisələr və faktlar əsasında yazılıb. Bu əsər 1988-1994-cü illərdə Azərbaycanda cərəyan edən ictimai-siyasi hadisələri işıqlandırır. Əsərdə qanunun aliliyi, dövlətçiliyin qorunması, torpaqların bütövlüyü uğrunda mübarizə mövzuları ön plana çəkilib.

Müəllifin "Qisas" romanı Türkiyə naşirlərinin də diqqətini cəlb edib.

Əsər 2010-cu ildə İstanbul şəhərində "İntikam" adı ilə nəşr olunub. Yeri gəlmişkən: bu il yazıçı Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının "Türk ədəbiyyatına xidmət" mükafatını alıb. Vətəndə isə T.Kazımovun yaradıcılığı "Qızıl qələm", "Araz", "Şərəf" "Qrand", "Ömər Faiq Nemanzadə" mükafatlarına layiq görülüb.

Tahir müəllimin bir sıra əsərləri səhnələşdirilib və ekranlaşdırılıb, şeirlərinə isə nəğmələr bəstələnib.

Tahir Kazımov hüquqşünas olduğundan qələmə aldığı əsərlərin əksəriyyətində aparıcı xətti cinayət-prosessual xarakterli hadisələr, cinayətkarlıqla mübarizə təşkil edir. Onun qəhrəmanlarından biri belə deyir: "Bu alimlər gərək elə bir həb düzəltsinlər ki, onu uşaqlara körpə yaşlarından içirdəsən ki, cinayətə, qanun pozuntusuna biganə olsunlar, düşdükləri situasiyadan asılı olmayaraq heç meyillənməsinlər də..."

Həmsöhbəti isə belə cavab verir: "İnsanları neytrallaşdırmaq mümkün deyil. Hərə bir əqidə, müxtəlif xasiyyət, genlə doğulur. Hələ cəmiyyətin obyektiv, subyektiv amilləri, ətraf mühitin də təsiri bir tərəfdən... Yox, yox, cinayətsiz ölkə olmaz".

Və nə qədər ki cinayətkarlıq var, onunla mübarizə də olmalıdır! Tahir Kazımovun əsərlərində vəsf etdiyi vicdanlı, ədalətli hüquq-mühafizə işçiləri də məhz bu mübarizənin önündə gedənlərdir. Bunlar, təbii ki, müəllifin özünün həmkarlarının, vaxtı ilə çiyin-çiyinə çalışdığı dostlarının, yoldaşlarının prototipləridir. Bu, öz yerində.

Tahir Kazımov əsərlərində eyni zamanda insanın daxili aləmini, mənəvi gücünü göstərməyə qadir olan bir müəllifdir. Bu yerdə də ona peşəsi, insan xarakterlərini öyrənə bilmək qabiliyyəti, hüquqşünas intuisiyası kömək edir. Uzun illərin müşahidəsindən çıxış edən Tahir Kazımovun sevimli qəhrəmanlarından biri - Kərimov "hamıya qayğılı, diqqətli olmağı aşılayır. Hərdən də  deyir ki, insan hansı əqidənin, yolun yolçusu olursa-olsun, elə insan olduğuna görə diqqətə, qayğıya layiqdir. Başa düşməsə də, sən qayğılı ol, Allah hamını bir taledə, bir xasiyyətdə yaratmayıb. Bilin ki, ən qəddar və bədbəxt insanın da qayğıya və xoşbəxt olmağa ehtiyacı var". 

Möhkəm iradəyə və zəngin mənəviyyata malik Azərbaycan qadınının obrazı da bu əsərlərdən qırmızı xətlə keçir. Tahir müəllim bu xüsusiyyətlərin hər bir azərbaycanlı xanıma müyəssər olduğunu söyləyir. Sözarası deyir ki, elə üç oğul balasının - Şirin, EmilTalehin sağlam, tərbiyəli böyümələri, yaxşı oxumaları, müvəffəqiyyətlə ali təhsil almaları həyat yoldaşı Gülxanımın zəhməti sayəsində olub.

Tahir Kazımovun öz xalqı qarşısında xidmətlərindən biri də mənfur qonşularımızın riyakarlıq və hiylə dolu üzünü açıb göstərməsidir. Həm də qeyd edək ki, hələ sovet dönəmində yazdığı əsərlərində o, hər an "türkün qanını içməyə hazır olan" erməni obrazları yaratmışdı. Əlbəttə, bu, həmin dövrdə böyük cəsarət tələb edən bir hərəkət idi. Xüsusilə hüquq-mühafizə orqanlarında çalışan insan üçün bu, bütün işini, gələcəyini, karyerasını itirməklə nəticələnə bilərdi. Təsadüfi deyil ki, ermənilərin ifşa edildiyi həmin əsərlərin çapı yalnız ölkəmiz müstəqillik qazandıqdan sonra mümkün oldu.

"Qisas"da Şuşa həbsxanasının milliyyətcə erməni olan rəisinin bu şəhərin guya qədimlərdən onlara məxsusluğu, guya azərbaycanlılar tərəfindən incidildikləri və s. barədə hədyan-hədyan danışmağı oxucuya çox söz deyir. Bu erməni dığası özü-özünü ifşa edir. Açıq-açığına söyləyir ki, "türkün qanını içməyi" ona babası vəsiyyət edib.

"Talelərini özləri yazanlar"da isə hamının azərbaycanlı kimi tanıdığı Tais, əslində, ermənidir. İkinci dünya müharibəsi zamanı onun atası bütün ailənin sənədlərini dəyişdirə bilib. Beləliklə, Muradyanlar Muradovlar olublar. Demə, Taisuzun illər ermənilərin Moskvadakı və Parisdəki diasporuna, Yerevan liderlərinə işləyirmiş...

Bütün bunlar uydurma deyil. Tahir Kazımovun həyatda gördükləridir. O, həyatın bu "dərslər"ini qələmə alaraq kitablara çevirir ki, uşaqlarımız və gənclərimiz açıqgözlü olsun, səhv etməsin, dostunu-düşmənini bir-birindən seçə bilsin.

 

 

Flora SADIQLI

 

Azərbaycan.- 2012.- 27 aprel.- S. 11.