Azərbaycan
Prezidenti İlham Əliyev Türkiyənin elm, sənaye və
texnologiya naziri Nihat Ergünün başçılıq
etdiyi nümayəndə heyətini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 27-də Türkiyə Respublikasının elm, sənaye və texnologiya naziri Nihat Ergünün başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Azərbaycan ilə Türkiyə arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev elm, sənaye və texnologiya sahəsində də əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu qeyd etdi. Dövlət başçısı Türkiyənin elm, sənaye və texnologiya naziri Nihat Ergünün ölkəmizə səfərinin bu sahədə əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi baxımından önəmli olacağına əminliyini ifadə etdi.
Türkiyə Respublikasının elm, sənaye və texnologiya naziri Nihat Ergün Prezident Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırdı. Nihat Ergün Azərbaycana səfərindən və Prezident İlham Əliyev ilə görüşündən böyük məmnunluq hissi keçirdiyini dedi. Türkiyəli nazir səfər zamanı rəhbərlik etdiyi nazirliklə Azərbaycanın müvafiq qurumları arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı səmərəli müzakirələr aparacaqlarına ümidvar olduğunu vurğuladı.
Dövlət başçısı Prezident Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyənin Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.
AzərTAc
Azərbaycan.- 2012.- 28 aprel.- S. 1.