Bakıda gənc hüquqşünasların beynəlxalq forumu keçirilmişdir

 

Aprelin 27-də Bakıda gənc hüquqşünasların beynəlxalq forumunun açılış mərasimi keçirilmişdir.

Forumun təşkilatçısı Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA) Azərbaycan nümayəndəliyidir.

AzərTAc xəbər verir ki, açılış mərasimində Prezident Administrasiyasının məsul əməkdaşları, Milli Məclisin deputatları, hüquqşünaslar, Azərbaycan Hüquqşünaslar Konfederasiyasının (AHK), həmçinin Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının nümayəndələri və ELSA-nın Azərbaycan nümayəndəliyinin üzvləri iştirak etmişlər.

Tədbirin məqsədi hüquq ixtisası üzrə təhsil alan azərbaycanlı tələbələri Avropa hüquq təhsili ilə tanış etmək, onların bu təhsil standartlarına inteqrasiyasını dəstəkləmək, tələbələr arasında təcrübə və bilik mübadiləsi şəbəkəsini formalaşdırmaq, Avropanın müxtəlif ölkələrindən olan tələbələri Azərbaycan hüquq təhsili barədə məlumatlandırmaqdır.

Forumun açılışında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə şöbəsinin müdiri Fuad Ələsgərov çıxış edərək bildirmişdir ki, bu gün gənclər hüquq təhsili ilə bağlı məsələləri müzakirə etmək üçün toplaşmışlar. Bu tədbir gənclərə hüquqi proseslər, təhsil və peşə perspektivləri barədə fikir mübadiləsi aparmağa geniş imkan yaradacaqdır. Forum, eyni zamanda, Azərbaycanda və hər bir iştirakçının ölkəsində baş verən hüquqi və dövlət quruculuğu islahatları, əldə edilən nailiyyətlər və perspektivlər barədə müzakirələr aparmaq üçün gözəl fürsət olacaqdır. Forumun Azərbaycanda keçirilməsi bizi çox sevindirir. Bu, Azərbaycan dövlətinin gənclərə göstərdiyi diqqət və qayğının, gənclərin təşəbbüskarlığının təcəssümüdür.

Bildirilmişdir ki, bu forum həm də Azərbaycanın Avropaya inteqrasiya yolunda həyata keçirilən tədbirlərə diqqətin nəticəsidir. Rəsmi Bakı Avropa hüquq məkanına qoşulmuş, hüquq, məhkəmə, dövlət idarəetmə sistemini yenidən qurmuşdur. Avropa İnsan Hüquqları Konvensiyası və digər çoxsaylı Avropa konvensiyaları ölkəmizin daxili hüququnun tərkib hissəsinə çevrilmişdir.

Fuad Ələsgərov vurğulamışdır ki, davamlı inteqrasiyadaha parlaq gələcək, həmçinin gənclərin bir-birini tanımasından, onların dostluq münasibətindən başlayır. Bugünkü tələbələr gələcəyin peşəkar hüquqşünasları, vəkilləri, dövlət xadimləri olacaqlar. Hazırda dünyamız qlobal dəyişikliklər dövrünü yaşayır. Bu dəyişikliklər idarəçilikdə, həyat tərzində və sosial davranışda özünü büruzə verməkdədir. Yeni nəsil isə hər gün müşahidə etdiyimiz sürətli təkamülün başlıca aparıcı qüvvəsidir. Bu gün bütün ölkələr öz inkişaflarını təmin etmək üçün uzunmüddətli inkişaf strategiyaları yaradırlar. Əgər bu strategiyaların yaradıcıları bizləriksə, onların icraçıları siz gənclər olacaqsınız.

Azərbaycanın uzunmüddətli və sabit inkişafını təmin etmək üçün bütün sahələrdə islahatların davam etdirildiyini deyən Fuad Ələsgərov bildirmişdir ki, hüquq və məhkəmə sahəsində görülən işlər də bu inkişaf strategiyasının ayrılmaz hissəsini təşkil edir. Cəmiyyətin inkişafı, yeni iqtisadi münasibətlərə keçid, insan hüquq və azadlıqlarının təmini məhkəmə, prokurorluq, ədliyyə və polis orqanlarının fəaliyyəti ilə bağlı ardıcıl tədbirlərin görülməsini zəruri etmişdir. Son on ildə 20-dək yeni Məcəllə qəbul edilmiş, üçpilləli yeni məhkəmə prosesi formalaşdırılmış, yeni institutlar təsis edilmişdir. Hazırda hüquqi islahatlar Prezident İlham Əliyevin rəhbərliyi altında davam etdirilir. Həyata keçirilən islahatlar hüquqi mexanizmlərin və praktikanın müasir standartlara, açıq hökumət, elektron idarəetmə prinsiplərinə uyğun təkmilləşdirilməsinə yönəlmişdir. İslahatların davamlılığı dövlət başçısının müəyyənləşdirdiyi inkişaf kursunun əsasını təşkil edir. Sosial ədalət, şəffaflıq, demokratiya, müasirlik, insan hüquqlarının təmini uzunmüddətli inkişaf strategiyamızın başlıca prioritet istiqamətləridir.

Şöbə müdiri demişdir ki, hazırda davam edən hüquqi islahatlar prosesində gənclərin rolu, onların töhfəsi əlamətdardır.  Azərbaycanda digər peşələr kimi hüquq peşəsi də əhəmiyyətli dərəcədə gəncləşmişdir. Gənclər məhkəmə hüquq sistemində aparıcı qüvvəyə çevrilmişdir. Bu gün məhkəmə sistemində fəaliyyət göstərən hakimlərdən 50 faizi gənclərdir. Prokurorluq, ədliyyə və polis orqanlarında çalışanların 50 faizini gənclər təşkil edir. Şəffaf qaydalar əsasında formalaşdırılmış müasir hakim korpusu, vəkillik və prokurorluq gənc peşəkarların hesabına daha dinamikdaha çevik olmuşdur. Avropa presedent hüququ mədəniyyətində böyümüş yeni nəsil hüquqşünaslar yetişmişdir.

F.Ələsgərov ümidvar olduğunu bildirmişdir ki, forum ən yaxşı təcrübələri bölüşmək, gələcək karyera imkanlarını genişləndirmək üçün cəlbedici imkanlar yaradacaqdır. Tədbir həmçinin ELSA-nın beynəlxalq təşkilat kimi təkmilləşməsinə öz töhfəsini verəcək, hüquq tələbələri arasında beynəlxalq əməkdaşlıqda yeni səhifə açacaqdır.   

Gənclər və idman nazirinin müavini İntiqam Babayev, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin və Azərbaycan Hüquqşünaslar Konfederasiyasının sədri Əli Hüseynli  forumun işinə uğurlar arzulamış, fikirlərini bölüşmüşlər.

Bildirilmişdir ki, Azərbaycan gənclər ölkəsidir, əhalinin 30 faizini məhz gənclər təşkil edir. Bu gün ictimai fəal olan gənclərimiz, tələbələrimiz ölkədə fəaliyyət göstərən 200-dən artıq QHT-də birləşir. Bu təşkilatlar həyatımızın, cəmiyyətimizin müxtəlif sahələrini əhatə edir. Azərbaycanda həyata keçirilən milli gənclər siyasətinin əsas istiqamətlərindən biri məhz gənclərimizin hərtərəfli inkişafının təmin edilməsi, onların  hüquqlarının müdafiə olunması və ölkəmizdə aparılan quruculuq işlərində gənclərimizin qərar vermək, fikrini, mövqeyini  bildirmək üçün sərbəst şəraitin yaradılmasıdır. Azərbaycanda gənclərə aid qanunvericilik aktları  qəbul edildikdə daha öncə onlar gənclərimizin ictimai monitorinqindən keçir, onların təklifləri nəzərə alınır.

Qeyd olunmuşdur ki, hazırda Azərbaycan gənclər təşkilatları  30-dan çox beynəlxalq qurumda təmsil olunur. ELSA təşkilatı da Azərbaycanın gənc hüquqşünasları üçün gözəl bir platformadır ki, müxtəlif ölkələrdən olan həmkarları, həmyaşıdları ilə ünsiyyət qursunlar, təcrübə və  fikir  mübadiləsi aparsınlar. Forumda iştirak edən həm azərbaycanlı, həm də Avropadan gəlmiş hüquqşünasları birləşdirən vacib dəyər Avropa dəyərləridir, hüquqi dövlət anlayışıdır, qanunun aliliyidir, insan hüquqları və demokratik dəyərlərdir.

Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA) prezidenti Niuşa Nademi rəhbərlik etdiyi qurum haqqında məlumat vermişdir.

Bildirilmişdir ki, ELSA müstəqil, qeyri-siyasi, gəlir məqsədi güdməyən ən böyük hüquq tələbə təşkilatıdır. ELSA Avropanın 42 ölkəsində, 210 universitetində hüquq ixtisası üzrə təhsil alan 30 mindən çox tələbəni və gənc hüquqşünası birləşdirir. ELSA-nın əsası 1981-ci ildə Avstriya, Macarıstan, PolşaAlmaniyadan olan 5 hüquqşünas tələbə tərəfindən qoyulmuşdur. Bu gün isə ELSA artıq uzun müddət fəaliyyət göstərən, özünü təsdiqləmiş, ənənələri olan bir təşkilatdır.

Niuşa Nademi Azərbaycanda gənclərə, gənc hüquqşünaslara yaradılan şəraiti yüksək qiymətləndirmişdir.

Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri Elşən Bayramov nümayəndəliyin ötən dövrdə gördüyü işlər barədə çıxış etmişdir. 

Sonra "Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının fəaliyyət istiqamətləri", "Avropa hüquq təhsilində strateji məqsədlər və onların həyata keçirilməsi istiqamətində həyata keçirilən fəaliyyət" və "Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının yerli nümayəndəliklərinin fəaliyyəti" mövzularında məruzələr dinlənilmiş, fikir mübadiləsi aparılmışdır.

Tədbirdə ümumilikdə 100-dən çox gənc hüquqşünas iştirak etmişdir.

Beynəlxalq forumun iştirakçıları ölkənin müxtəlif hüquq-mühafizə orqanlarında olacaqlar. Gənc hüquqşünasların iştirakı ilə rəmzi məhkəmə proseslərinin keçirilməsi, Azərbaycanın ali təhsil ocaqlarında hüquq fakültələrinin tələbələri və gənc hüquqşünaslarla müxtəlif işçi qruplarında dialoqun təşkili də nəzərdə tutulmuşdur.

 

 

Azərbaycan.- 2012.- 28 aprel.- S. 2.