Penitensiar xidmət müəssisələrində məhbusların layiqli şəraitdə saxlanılması üçün bütün imkanlar vardır

 

 Penitensiar xidmət müəssisələrində məhbusların layiqli şəraitdə saxlanılması üçün bütün imkanlar vardır. AzərTAc xəbər verir ki, bunu jurnalistlərə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə şöbəsinin müdiri Fuad Ələsgərov demişdir.

F.Ələsgərov bildirmişdir ki, Avropa penitensiar qaydaları mövcuddurbiz bu qaydaları  qanunvericiliyimizdə tətbiq etmişik. Hazırda parlamentdə oxunuşda həbs yerlərində saxlanılan şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı çox mühüm bir qanun layihəsi vardır. Bu yaxınlarda hesab edirəm ki, o qanun layihəsi son oxunuşda qəbul ediləcəkdir. Orada həbs yerlərində saxlanılan şəxslərin hüquqlarının təminatı ilə bağlı müddəalar əksini tapmışdır.  Penitensiar xidmət müəssisələrində islahatlar davam edir, məhbusların layiqli şəraitdə saxlanılması üçün bütün imkanlar var, yeni penitensiar müəssisələr tikilir, islah əmək müəssisələri yaradılır. Bilirsiniz ki, Azərbaycanın Cinayət Məcəlləsində azadlığın məhdudlaşdırılması ilə bağlı cəza növü mövcud idi. Bu yaxınlarda parlamentdə qəbul olunmuş qanuna əsasən, bu cəza növü ləğv olunmuşdur. Ona görə də həmin məhbusların cəzası da başqa daha yüngül cəza növləri ilə əvəz olunmuşdur. Artıq belə bir cəza növü Azərbaycanda yoxdur.

 

 

Azərbaycan.- 2012.- 28 aprel.- S. 2.