Milli dövlətçilik və inkişaf yolu

 

Azərbaycanın özü qədər əbədi

 

 Heydər Əliyev XX əsrin görkəmli liderlərindən biri kimi müasir demokratik Avrasiyanın yeni tarixinin bugünkü qurucularındandır.

 

Çingiz AYTMATOV

 

 

 Tarix boyu, müəyyən dövrlərdə elə tarixi şəxsiyyətlər, elə siyasətçilər olub ki, onlar yalnız öz yaşadıqları dövrün yox, həm də çox-çox illər sonranın da insanı olublar. Gələcəyi görmək, rəhbəri olduğu ölkəni, onun vətəndaşlarını işıqlı gələcəyə aparmaq yönündə gördükləri saysız-hesabsız işlər onları daha da əfsanələşdirib, xalqın sevilən şəxsiyyətinə çevirib. Belə şəxsiyyətlərdən biri də Heydər Əliyevdir.

O, hələ keçən əsrin 70-80-ci illərində Sovet Azərbaycanına rəhbərlik edərkən həyatından artıq sevdiyi ölkəsi üçün xeyli işlər görmüşdür. Onun gördüyü işlər gələcəyə hesablanmış işlər idi. Ümummilli lider Heydər Əliyev dahilərə xas uzaqgörənliklə Azərbaycanın müstəqilliyini bərpa edəcəyini görmüş və hələ o vaxt bu istiqamətdə çox mühüm addımlar atmışdı.

Hərbi sahədə azərbaycanlı zabitlərin fəaliyyət göstərməsi üçün hərbi məktəbin yaranmasına ehtiyac vardı. Azərbaycanda hərbi məktəblər olmasına baxmayaraq, orada azərbaycanlıların təhsil alması çox müşkül idi. Yalnız Heydər Əliyev Azərbaycanda hakimiyyətə gələndən sonra bu problem öz həllini tapdı və həmin məktəblərdə azərbaycanlıların sayı artdı.

1969-cu ildə Azərbaycan KP MK-nın birinci katibi seçilən Heydər Əliyev azərbaycanlıların ali hərbi təhsil almaları üçün yollar axtarmağa başladı. Bunlardan biri də azərbaycanlıların hərbi məktəblərə qəbul olunmasını təmin etmək üçün indiki Cəmşid Naxçıvanski adına hərbi liseyi yaratması oldu. Bu məktəbi yaratmaq heç də asan olmamışdı. Heydər Əliyev böyük uzaqgörənliklə, qeyri-adi cəsarətlə və inadkarlıqla bunu etdi. Hər zaman Heydər Əliyevin qayğısı ilə əhatə olunan məktəbi məhz buna görə də fəxrlə "Heydər Əliyev məktəbi" adlandırırlar. Məzunlar fəxrlə "Mən Heydər Əliyev məktəbinin məzunuyam" deyirlər. Məhz bu amil də Heydər Əliyevin uzaqgörənliyinin, Azərbaycanın gələcəyi üçün səmərəli işlər görülməsinin bariz nəticəsi idi.

Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi həmin illərdə min cür maneələri dəf edərək sovet hökumətinin Azərbaycanın hərtərəfli inkişafını təmin edən xüsusi qərarlar qəbul etməsinə nail oldu. Eyni qətiyyətlə də həmin qərarların yerinə yetirilməsini təmin etdi. Xalqın qurub yaratmaq dühası tamamilə və bütünlüklə Azərbaycanın ümumi yüksəlişi üçün səfərbər olundu. Nəticədə 1970-1985-ci illər Sovet Azərbaycanının tarixinə parlaq quruculuq dövrü kimi daxil oldu. Sənaye və kənd təsərrüfatının bütün sahələrində yüksəliş baş verdi. Respublika iqtisadiyyatında mühüm struktur dəyişiklikləri həyata keçirildi. Yeni və mütərəqqi sənaye sahələri yaradıldı. İstehsalla bilavasitə bağlı olan elmi-tədqiqat sahələrinin inkişafına diqqət artırıldı. Məhz Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilən islahatlar sayəsində Azərbaycan aqrar-sənaye respublikasından sənaye-aqrar respublikasına çevrildi. Respublikada aparılan genişmiqyaslı quruculuq işləri nəticəsində Azərbaycanda bir neçə il ərzində yeni yaşayış massivləri, binalar, məktəblər, sənaye müəssisələri tikildi, yollar salındı. Azərbaycan gənclərinin mükəmməl təhsil alıb ölkənin sabahı üçün peşəkar kadr olmaları üçün Heydər Əliyevin gərgin səyi nəticəsində on minlərlə azərbaycanlının keçmiş ittifaqın ən nüfuzlu ali məktəblərində oxumalarına şərait yaradıldı.

Onun 14 illik fəaliyyəti ərzində respublikada həyatın elə bir sahəsi qalmadı ki, orada inkişaf, tərəqqi müşahidə olunmasın. Ölkənin iqtisadiyyatı, xalqın rifah halı, elm və incəsənət, səhiyyə sahələri inkişaf edərək Azərbaycanı keçmiş müttəfiq respublikalar sırasında ön yerlərdən birini tutmasına gətirib çıxardı. Heydər Əliyev bu fəaliyyəti ilə tək həmin dövrün Azərbaycanı və vətəndaşları üçün yox, həm də gələcək müstəqil Azərbaycanın möhkəm təməlini, sonrakı nəsillərin xoşbəxt və firavan həyatının təməlini qoymuşdur.

Azərbaycanın inkişafı yolunda Heydər Əliyevi xüsusi qayğılandıran məsələlərdən biri milli ədəbiyyatın, dramaturgiyanın və incəsənətin dünyada tanıdılması idi. Bu məqsədlə 1972-ci ildə 50 illiyi təntənə ilə qeyd olunmuş S.Vurğun adına Rus Dram Teatrından səmərəli şəkildə istifadə edilirdi. Əgər fikrən o illərə qayıtsaq, əhəmiyyəti və mənası bütün dolğunluğu ilə yalnız indi dərk edilən nailiyyətlərin heyrətamiz mənzərəsi gözlərimiz qarşısında canlanar. Bu salnamənin bəzi hadisələrini yada salaq. 1972-ci ilin aprelində Heydər Əliyev görkəmli şair İmadəddin Nəsiminin anadan olmasının 600 illiyinə hazırlıqla bağlı qərar qəbul edilməsinə nail oldu. Bir il sonra isə şairin yubileyi müttəfiq respublikaların çoxsaylı nümayəndələrinin iştirakı ilə Bakıda və Moskvada qeyd edildi. 1972-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının yarıməsrlik yubileyi keçirilir. Yubiley bütün mədəniyyətimizin bayramına çevrilir. Üç il sonra Üzeyir Hacıbəylinin 90 illik yubileyi Bakıda və Moskvada böyük təntənə ilə qeyd olunur. Elə həmin il "Koroğlu" operası yeni quruluşda tamaşaya qoyulur. İctimaiyyətin diqqəti Üzeyir bəyin irsinə, bəstəkarın bənzərsiz musiqi yaradıcılığına, ədəbi fəaliyyətinə bir daha cəlb edilir. Hacıbəylinin publisistikası araşdırılarkən, XX əsrin əvvəllərində onu düşündürən milli oyanış problemləri - Heydər Əliyevin fəlsəfi konsepsiyasının həyata keçirilməsinə bu və ya digər formada təkan verən problemlər xüsusilə vurğulanırdı. Milli özgürlüyün atributu olan xalçaçılıq tarixən mədəniyyətimizdə son dərəcə mühüm yer tutmuşdur. Lakin o dövrdə xalq sənətinin bu növünə ögey münasibət bəsləndiyindən Azərbaycanda xalça muzeyi yox idi. Bu hal Heydər Əliyevin vəzifə səlahiyyətləri çərçivəsindən kənarda olsa da, onu çox narahat edirdi. Bu narahatlığa tezliklə son qoyuldu, 1972-ci il aprelin 25-də Bakıda tənətənəli şəraitdə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Muzeyi açıldı. Bundan bir ay sonra Moskvada, İttifaqlar Evinin Sütunlu salonunda Aşıq Ələsgərin anadan olmasının 150 illiyi münasibətilə təntənəli yığıncaq keçirildi. Bu, həmin dövrdə görünməmiş hadisə idi. Vətəni Göyçə mahalı sovet dövründə Ermənistan SSR-in tərkibinə daxil edilən Aşıq Ələsgərin belə bir yubileyinin keçirilməsində məqsəd böyük el sənətkarını Azərbaycan xalqına qaytarmaqla yanaşı, həm də tarixən Azərbaycanın real sərhədlərinin necə olduğu, ulu ata-babalarımızın bu yerlərdə əzəldən yaşadıqları fikrini yeni nəslə çatdırmaq idi. 1974-cü ildə Heydər Əliyev Azərbaycan teatrının 100 illik yubileyi mərasimində çıxış edərək Şərqdə ilk professional teatrın inkişaf yollarından, ictimai fikrin formalaşmasına onun göstərdiyi təsirdən danışır. Azərbaycan teatrının görkəmli nümayəndələrinə yüksək dövlət mükafatları verilir. Azərbaycan dilinin tədqiqi sahəsində araşdırmalara görə həmin il respublikanın bir qrup dilçi alimi də dövlət mükafatına layiq görülür. Həmin dövrdə respublikamızda ilk dəfə olaraq müstəqil Dilçilik İnstitutu yaradılır ki, bu da Ana dilimizin ictimai-siyasi nüfuzunun möhkəmlənməsinə kömək edir və dilin tarixinə, dialektologiyaya və bir çox digər problemlərə dair fundamental tədqiqatlar aparılmasına imkan verir. 1975-ci ildə Bakıda xalqımızın görkəmli şairi Səməd Vurğunun ev-muzeyi açılır. Bundan bir il sonra Moskvanın Böyük Teatrında Səməd Vurğunun yubileyi qeyd edilir. Elə həmin il İttifaqlar Evinin Sütunlu salonunda Müslüm Maqomayevin 90 illik yubileyi keçirilir. Dekabrın 12-də isə Azərbaycan memarı Əcəmi Naxçıvaninin anadan olmasının 850 illiyi münasibətilə, onun yaratdığı Mömünə xatın türbəsinin qarşısında bu dahi sənətkarın abidəsinin təməli qoyulur. 1978-ci il fevralın 3-də Qara Qarayevin anadan olmasının 60 illiyi münasibətilə təntənəli yığıncaq keçirilir. Elə həmin gün böyük bəstəkara Sosialist Əməyi Qəhrəmanı adı verilir. Fevralın 15-də isə Moskva Konservatoriyasının Böyük salonunda ustadın yubileyi qeyd olunur. Həmin ilin ən böyük hadisəsi isə çoxlarının müqavimətinə baxmayaraq, Azərbaycan dilinə dövlət statusu verilməsi oldu. Heydər Əliyevin respublikaya rəhbərliyi dövründəki fəaliyyətinin nəticəsi olaraq, 1978-ci ildə qəbul olunan Konstitusiyada Azərbaycan dilinin dövlət dili statusu təsbit edildi.

Dövr baxımından, sözün əsl mənasında, qəhrəmanlığa bərabər olan bu addım gələcəyin müstəqil, yeni Azərbaycanı naminə atılmışdı. 1980-ci ilin noyabrında bir qrup Azərbaycan alimi və mədəniyyət xadimi SSRİ dövlət mükafatına layiq görülür, bir çox elm, ədəbiyyat və incəsənət xadimlərinin təntənəli yubiley mərasimi keçirilir. O illərdə Heydər Əliyevin Azərbaycan mədəniyyəti qarşısında ən misilsiz xidmətlərindən olan filosof şair Hüseyn Cavidin nəşinin qalıqlarının 1982-ci ildə Bakıya gətirilməsi və Naxçıvanda doğma torpağa tapşırılması olmuşdur.

Bütün görülən bu işlər Azərbaycan xalqına öz ədəbiyyatı və mədəniyyətinin klassiklərini, böyük tarixi şəxsiyyətlərini daha yaxşı tanımağa, mədəni sərvətlərini və dəyərlərini qoruyub saxlamağa imkan vermişdir. XX əsrin 1969-1982-ci illərində Azərbaycan müəyyən mənada milli hisslərin əsl intibah dövrünü yaşamışdır. Bu illərdə görülmüş bütün işlər Heydər Əliyev siyasətinin əməli nəticələridir. Heydər Əliyev bu fəaliyyəti son dərəcədə yüksək siyasi məharət və peşəkarlıq səviyyəsində həyata keçirirdi.

Bütün görülən bu işlər ümummilli liderin gələcəyə hesablanmış addımları idi. Ulu öndər uzaqgörənliklə hiss edirdi ki, Azərbaycan müstəqilliyini bərpa edəcək, onun yaratdığı istər maddi, istərsə də mənəvi dəyərlər müstəqil Azərbaycana gərəkli olacaqdır.

Azərbaycanın dövlət müstəqilliyinin bərpası ərəfəsində gedən prosesdə Heydər Əliyev tarixi şəxsiyyət, lider olaraq Azərbaycan xalqının taleyinə təsir göstərən əhəmiyyətli addımlar atdı. 1990-cı ilin yanvarında sovet qoşunları Bakıya hərbi müdaxilə edərək qanlı hadisələr törətdilər, yüz otuzdan artıq vətəndaşımız qətlə yetirildi. Azərbaycan xalqının öz ərazi bütövlüyünü qorumaq uğrunda apardığı mübarizə qan içərisində boğuldu. Bu haqsızlığa qarşı Azərbaycan xalqı qəti etirazını bildirirdi. Heydər Əliyevin 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəlməsi və orada bu faciəni törədənləri kəskin ittiham etməsi tarixi prosesə, tarixi hadisələrə ciddi təsir göstərən addım idi. Məhz bundan sonra Azərbaycanda xalq hərəkatı milli azadlıq hərəkatına çevrildi. Əgər 1987-ci ildə Azərbaycan xalqı ərazi bütövlüyü və Qarabağın qorunması uğrunda mübarizəyə qalxmışdırsa, 1990-cı ilin yanvarından sonra gedən mübarizə artıq müstəqillik, azadlıq, suverenlik, istiqlal uğrunda mübarizə idi. Heydər Əliyevin məhz həmin çıxışı, çağırışı Azərbaycanın siyasi həyatında böyük dəyişiklik məqamı oldu və milli azadlıq, istiqlal uğrunda mübarizə başlandı. Bu mübarizə 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpası ilə yekunlaşdı.

Heydər Əliyev 1993-cü ildə, ölkəmizdə siyasi böhran yaşandığı, vətəndaş müharibəsi təhlükəsi yarandığı, Ermənistanın təcavüzünün gücləndiyi bir vaxtda siyasi hakimiyyətə qayıdıb, ilk növbədə, vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı. Azərbaycanda ictimai-siyasi sabitliyin yaradılması üçün ciddi və təxirəsalınmaz addımlar atıldı. Hərb cəbhəsində atəşkəsə nail olundu. Atəşkəsin əldə edilməsi ilə yaranmış fasilədən ümummilli lider ölkədə dövlət quruculuğu işinin aparılması və ictimai-siyasi sabitliyin bərqərar olması, iqtisadi və maliyyə sabitliyinin yaradılması üçün çox ciddi siyasətin həyata keçirilməsinə başladı. İctimai-siyasi sabitliyin yaradılması üçün həyata keçirdiyi siyasətin ana xəttini qanunçuluq və möhkəm dövlət intizamının yaradılması təşkil edirdi.

Ulu öndər Heydər Əliyevin başladığı dövlət quruculuğu siyasətinin tərkibində əsas yerlərdən birini Milli ordunun yaradılması tuturdu. Qarşıya qoyulan ən vacib və təxirəsalınmaz vəzifələrdən biri vahid komandanlığa əsaslanan ordunun yaradılması idi. Az zaman içərisində Müdafiə Nazirliyinin tabeçiliyində və dövlətin nəzarətində olan ordu birləşmələri yaradıldı və düşmən hücumlarının qarşısı alındı.

Heydər Əliyev ictimai-siyasi sabitliyi qorumaq üçün qanunçuluğun yüksək səviyyədə təsbit olunması istiqamətində mühüm addımlar atdı. Ölkədə xaos və özbaşınalığın qarşısı alındı. Xalqın Heydər Əliyevə inamı, etimadı o dərəcədə yüksək idi ki, onun hər bir çağırışı Azərbaycan xalqının bütün təbəqələrində böyük əks-səda doğururdu. 1994-1995-ci illərdə xarici qüvvələrin köməyi ilə bəzi dairələr Azərbaycanda dövlət çevrilişinə cəhd göstərdilər. Məqsəd ölkəmizin həyata keçirdiyi müstəqil siyasəti əngəlləmək, Azərbaycanı yenidən xarici qüvvələrin, imperiya dairələrinin təsiri altına salmaq idi. Azərbaycan xalqının Heydər Əliyevə olan inamı hesabına dövlət çevrilişinə cəhdin qarşısı qətiyyətlə alındı.

İctimai-siyasi sabitliyin təmin edilməsi iqtisadi islahatların həyata keçirilməsinə yol açdı. Dövlət idarəçiliyi ilə bağlı qanunlar hazırlanaraq təsdiq olundu. Ən başlıcası isə müstəqil dövlətimizin ilk Konstitusiyası qəbul edildi. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edildi. Bu Konstitusiyanın müəllifi ulu öndər Heydər Əliyevdir. Azərbaycan xalqının siyasi taleyini, siyasi fəaliyyətini, məqsəd və məramını, iqtisadi və dövlət idarə üsulunu müəyyən edən Konstitusiyanın qəbul edilməsi olduqca əhəmiyyətli hadisədir. Bu Konstitusiya ilə Azərbaycanda hakimiyyət bölgüsü - qanunverici, icra və məhkəmə hakimiyyəti arasında bölgü müəyyənləşdirildi. Konstitusiya ilə təsbit edildi ki, Azərbaycan demokratik, hüquqi və unitar dövlətdir. Konstitusiyada insan hüquq və azadlıqlarına geniş yer verilməsi göstərdi ki, Azərbaycanın yolu demokratiyadır. Bütün bunlar ulu öndərin dövlət quruculuğu sahəsində gördüyü böyük işlərin əsas istiqamətlərindən biridir.

Ulu öndər Heydər Əliyevin ən böyük xidmətlərindən biri də Azərbaycanın öz təbii sərvətlərinə sahib çıxması, dünyanın əsas neft-qaz ixracatçısına çevrilməsidir. Onun bu istiqamətdə həyata keçirdiyi nəhəng siyasi layihələrdən biri neft strategiyasıdır. Neft strategiyası bu gün də Azərbaycan üçün həm siyasi, həm də iqtisadi dividendlər gətirməkdədir. Ulu öndərin uzaqgörənliyi və qətiyyəti sayəsində 1994-cü il sentyabrın 20-də Bakıda müxtəlif ölkələrin neft şirkətləri ilə imzalanan "Əsrin müqaviləsi" Azərbaycanın yeni neft strategiyasının əsasını qoydu. Bu neft strategiyası dünyanın ən qabaqcıl neft şirkətlərini Azərbaycana investisiya yatırmağa cəlb etdi. Bu investisiyalar iqtisadi sabitliyin bərqərar olması üçün böyük rol oynadı. Azərbaycanın beynəlxalq nüfuzu artdı, bölgədə rolu genişləndi. O cümlədən iqtisadi islahatlar aparılması üçün böyük baza, sosial islahatlar üçün iqtisadi potensial yaradıldı.

Heydər Əliyevin həyata keçirdiyi nəhəng geopolitik layihələr sırasında Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsi bu gün həm Azərbaycan, həm də region üçün böyük rol oynayır. Bütün iqtisadi təhlilçilərin və tədqiqatçıların fikri belədir ki, belə nəhəng layihənin həssas bir bölgədə - Cənubi Qafqazda həyata keçirilməsi yalnız böyük şəxsiyyətin - Heydər Əliyevin uzaqgörənliyi ilə reallaşa bilərdi.

 Enerji təhlükəsizliyi bütün dünya dövlətlərini düşündürən ən vacib məsələlərdən biridir. Ona görə də Azərbaycanın, o cümlədən Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılmasına əngəl olmaq istəyən qüvvələr var idi. Onların maneələrinə baxmayaraq, Heydər Əliyev BTC neft kəmərinin, sonra isə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin reallaşması üçün çox iş gördü. Həmin layihələrin reallaşması Heydər Əliyevin uğuru, onun böyük şəxsiyyət olaraq tarixi prosesə göstərdiyi təsirlərin nəticəsi idi.

Bütün bunların fonunda ulu öndər Heydər Əliyevin həm də mənəvi-əxlaqi cəhətdən nə qədər zəngin və kamil insan olduğu bir daha aydın görünür. Böyük strateq və dövlət xadimi siyasətdə mənəvi əxlaq - sadəlik, düzgünlük, təmizlik, vicdanlılıq, ləyaqətlilik, yurdsevərlik, məğrurluq, mərdlik kimi normaları daim uca tutmuş, irəli çəkdiyi, etimad göstərdiyi kadrların da bu keyfiyyətlərə malik olmasına ciddi fikir vermişdir.

Ulu öndər 1993-cü ildə hakimiyyətə qayıtdıqdan dərhal sonra Azərbaycana birinci rəhbərliyi dövründə milli kadrların və dövlət qulluqçularının hazırlanması sahəsində başladığı işləri daha geniş miqyasda, sistemli şəkildə davam etdirməyi prioritet vəzifələrdən biri kimi müəyyənləşdirdi. Heydər Əliyevin yüksək vətənpərvərliyi, ekstremal situasiyalarda düzgün və ədalətli qərarlar qəbul etmək bacarığı, tükənməz enerjisi, işgüzarlığı, onun rəhbərlik etdiyi komandanın da çevikliyinə təkan vermiş, məmurlarda məsuliyyət hissini daha da gücləndirmişdir. Bu komandanın hər bir üzvü yaxşı bilirdi ki, Heydər Əliyevin etimadını və rəğbətini qazanmağın yeganə yolu vicdanla, məsuliyyətlə işləmək, qarşıya qoyulmuş vəzifələri tez bir zamanda yerinə yetirməkdir. Ulu öndər yaxşı işləyən dövlət qulluqçularını mükafatlandırmaqla yanaşı, verilmiş göstərişləri lazımi səviyyədə yerinə yetirə bilməyən, qulluq səlahiyyətlərini aşan, xalq kütlələrində haqlı narazılıq doğuran hərəkətlərə yol verən məmurları müşavirələrdə ifşa edir və bu digərlərinə yaxşı görk olurdu. "Azərbaycanın dövlət başçısı, Prezidenti kimi mənə yaxşı işdən savayı heç bir mükafat vermək, xoş söz demək lazım deyildir. Bunların heç biri mənə lazım deyil. Yaxşı işləyin, iş görün. Amma təmiz iş görün, mənəvi saflığı təmin edin".

Vaxtilə dediyi bu sözlər bir daha təsdiqləyir ki, ulu öndər dövlət idarəçiliyində məmur məsuliyyəti meyarlarını düzgün müəyyənləşdirmiş, hər bir komanda üzvünün işinə xalqın rəyi əsasında qiymət vermiş, özünün zəngin təcrübəsini onlara təlqin etməyə çalışmışdır.

Hamı yaxşı bilir ki, Azərbaycan bir dövlət kimi müstəqilliyini bərpa etdikdən sonra da dağılmaq təhlükəsi ilə üzləşməli oldu. Xarici dövlətlərin kəşfiyyat idarələri daxildəki hərc-mərclikdən istifadə etməyə çalışdı. Bir tərəfdən Azərbaycanda süni şəkildə etnik-milli qarşıdurma yaratmaq istəyən şimalda "Sadval" hərəkatının, cənubda isə qeyri-qanuni "Talış-Muğan Respublikası" elan etmiş Əlikram Hümbətovun həyata keçirmək istədiyi separatçı və başqa bu kimi qanunsuz əməlləri böyük uzaqgörənliklə təhlil edib müdrik qərar qəbul edən ulu öndər təkcə milləti, respublikamızı ölüm-dirim mübarizəsindən qurtarmadı, həm də xalqımızın böyük əksəriyyətinin təkidi, tələbi ilə hakimiyyətə ikinci dəfə gəlməsi ilə Azərbaycan xalqının mənliyini, varlığını özünə qaytara bildi.

Beləliklə, Azərbaycan həyatında yeni quruculuq dövrü başladı. Heydər Əliyev özünün nadir istedadına, parlaq dövlətçilik təfəkkürünə və mükəmməl milli dirçəliş konsepsiyasına əsaslanaraq ölkəni iqtisadi, siyasi böhranın cəngindən xilas edə bildi. Bu günün və çiçəklənən gələcəyin etibarlı özülünü qoydu.

Başqa sözlə desək, ulu öndər Azərbaycana ikinci dəfə rəhbərlik etməsi ilə xalq təsərrüfatının bütün sahələrində inkişaf üçün işıqlı yol göstərdi. Elmin bütün sahələrində uğurlar əldə edilməsində elm adamlarına arxa-dayaq oldu. Neft sənayesinin inkişafında xarüqələr yaradılmasına öncüllük etdi. Ulu öndər ölkəmizdə əldə edilən uğurlara qısqanclıqla baxanlara "Kim müxalifətdə durursa dursun, ancaq Vətəninə, xalqına, mənəviyyatına, məsləkinə müxalifətdə durmasın", - deyirdi. "Suverenliyimizi daim yaşatmaq, dövlət müstəqilliyimizi əbədi etmək üçün harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlıdan müqəddəs Azərbaycan qayəsi ətrafında əməl və əqidə birliyi" tələb edirdi.

 İdarəçilikdə siyasi varislik ənənəsi həm də kadrların seçilməsi və dəyərləndirilməsi ilə bağlı mütərəqqi ənənələrin qorunub saxlanılmasını və inkişaf etdirilməsini nəzərdə tutur. 2003-cü ilin oktyabrından ölkəyə inamla rəhbərlik edən Prezident İlham Əliyev ulu öndərin kadr siyasətini də yeni dövrün tələblərinə uyğun, böyük uğurla davam etdirir. Dövlət başçısı seçildikdən sonra hökumət üzvləri ilə keçirdiyi ilk toplantıda xalqa xidməti əsas tələb, vəzifə kimi müəyyənləşdirən Prezident İlham Əliyevin irəli sürdüyü bu prinsip indi də öz qüvvəsindədir. "Xalq Prezidenti seçir, Prezident də xalqın qarşısında cavab verməlidir. Əgər xalq onun fəaliyyətini dəstəkləyirsə, ona inanırsa, bu, ən böyük mükafatdır", - deyən dövlət başçısının siyasətinə olan kütləvi inam da məhz onun belə idarəetmə prinsiplərinə yanaşmasından, hakimiyyəti yalnız vətəndaşlara xidmət vasitəsi kimi dəyərləndirməsindən irəli gəlir. Bu baxımdan, liderlik institutunun Azərbaycan üçün nə qədər böyük önəm daşıdığı indi daha qabarıq görünür.

Regionların tərəqqisi, əyalətlərdə yeni iş yerlərinin açılması, urbanizasiya prosesinin səviyyəsinin azaldılması, sosial infrastrukturun yenilənməsi, yerlərdəki problemlərin aradan qaldırılması məqsədilə imzaladığı sənədlərin icrası vəziyyəti ilə tanış olmaq, sıravi insanlarla ünsiyyət quraraq mövcud çətinliklər barədə informasiyaları ilkin mənbədən almaq üçün vaxtaşırı Azərbaycanın müxtəlif rayonlarına ardıcıl səfərlər etməsi Azərbaycan Prezidentinin fəaliyyətinin üstün istiqamətlərindən biri kimi diqqəti çəkir. Vətəndaşlarla birbaşa təmaslara üstünlük verən, özünəməxsus təmkin və həssaslıqla onların problemlərini dinləyən, problemlərin həlli üçün qəti tapşırıqlar verən Prezident İlham Əliyevin bu addımları ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir, xalqın öz rəhbərinə olan inamını, etimadını daha da artırır.

İllər keçir, Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin qurub yaratdıqlarından bəhrələnir və bundan sonra da çox-çox illər bəhrələnəcəkdir. Heydər Əliyev yolu ilə, Heydər Əliyev ideyaları ilə Azərbaycan daim böyük uğurlar qazanıb daha böyük zirvələr fəth edəcəkdir.

Bir sözlə, böyük şəxsiyyət Heydər Əliyev uzun illər gördüyü işləri canı qədər sevdiyi Azərbaycan üçün edibdir. O, müdrik uzaqgörənliklə hər bir Azərbaycan vətəndaşının xoş yaşayışı, yüksək sosial rifahı, maddi və mənəvi cəhətdən zəngin olması üçün durmadan çalışıbdır. Aradan neçə illər keçsə də, əsrlər bir-birini əvəz etsə də, qədirbilən xalqımız ümummilli liderin gördüyü işləri unutmayacaqdır. Hər bir vətəndaşımız görülən bu işləri, nailiyyətləri öz yaşayışında, həyat tərzində hiss edəcəkdir. "Azərbaycan Heydər Əliyevin şah əsəridir" deyimi heç vaxt öz dəyər və aktuallığını itirməyəcəkdir. Çünki Heydər Əliyev həm də Azərbaycanı bütün dünyada tanıdıbdır. Bayrağımızın dünyanın nüfuzlu təşkilatlarının binaları qarşısında şəstlə dalğalanması, dünyanın inkişaf etmiş ölkələri ilə ikitərəfli və çoxtərəfli əlaqələri, Azərbaycanın çoxdandır cəlb edildiyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində haqlı tərəf kimi qəbul edilməsi, ölkəmizin iştirakı və razılığı olmadan regionda heç bir layihənin gerçəkləşə bilməməsi məhz ulu öndərin həyata keçirdiyi uzaqgörən və məntiqli siyasətin nəticəsində baş veribdir. Onun hədəflədiyi müasir, inkişaf etmiş Azərbaycan gələcək nəsillərə bir töhfədir. Gələcək nəsillər də fəxr edəcəkdir ki, onların Heydər Əliyev kimi ümummilli lideri vardır.

"Azərbaycan müstəqil dövlətdir. Azərbaycanın dövlət müstəqilliyi tarixi hadisədir, Azərbaycan xalqının tarixi nailiyyətidir. Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədidir və bizim borcumuz dövlət müstəqilliyini, əldə etdiyimiz milli azadlığı daim qoruyub saxlamaqdır. Bizim borcumuz bu müstəqilliyi möhkəmləndirməkdən və gələcək nəsillərə müstəqil, qüdrətli Azərbaycan dövləti çatdırmaqdan ibarətdir". Ulu öndər Heydər Əliyevin bu məramı Azərbaycan xalqı üçün artıq prinsipial vətəndaş mövqeyinə çevrilib.

 

 

Səməd SEYİDOV,

Milli Məclisin Beynəlxalq

münasibətlər və parlamentlərarası

əlaqələr komitəsinin sədri,

Azərbaycan Dillər Universitetinin

rektoru

 

Azərbaycan.- 2012.- 28 aprel.- S. 3.