Qədim İçərişəhərlə tanışlıq Bolqarıstanın Baş nazirində zəngin təəssürat yaratmışdır

 

  Bolqarıstan Respublikasının Baş naziri Boyko Borisov Azərbaycana rəsmi səfəri çərçivəsində aprelin 27-də İçərişəhərlə tanış olmuşdur.

AzərTAc xəbər verir ki, əvvəlcə qonağa Qız qalası abidəsinin qeyri-adi memarlıq özəllikləri barədə dolğun məlumat verilmişdir. Bildirilmişdir ki, eramızdan əvvəl VII-VI əsrlərdə əsası qoyulmuş Qız qalası XII əsrdə bərpa edilmişdir. Hündürlüyü 28 metr, diametri 16-16,5 metr olan abidə silindr formalı əsl qaladan və cənub tərəfdən ona bitişən iri dayaq tikilidən ibarətdir. Hazırda Qız qalasının muzey konservasiyası işlərinə başlanılmışdır.

Yaxınlıqdakı Sıratağlı dini-memarlıq kompleksinin ərazisindəki ekspozisiya ilə tanışlıq da qonaqda böyük maraq doğurmuşdur.

Elektromobillə gəzinti zamanı Bolqarıstan Respublikasının Baş nazirinə və nümayəndə heyətinin üzvlərinə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan təmir, abadlaşdırma və bərpa işləri barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi memarlıq abidələri vardır və bunlar qorunub saxlanılır.

Kiçik Qala küçəsi ilə davam edən gəzinti zamanı Boyko Borisov təndir çörəyinə qonaq edilmişdir.

Gəzinti zamanı qonaq orta əsr Şərq memarlığının şah əsəri, dünya əhəmiyyətli tarix-memarlıq abidəsi olan "Şirvanşahlar Sarayı Kompleksi" ilə tanış olmuşlar. Məlumat verilmişdir ki, XV əsrin əvvəllərində inşa olunmuş tarixi abidənin tikililəri İçərişəhərin təpələrindən birinin ən hündür nöqtəsində yerləşir. O, Xəzər dənizindən və şəhərin ətrafındakı yüksəkliklərdən aydın görünür. Kompleks bu günə qədər öz tarixi-memarlıq üstünlüyünü saxlamaqdadır.

Daha sonra Boyko Borisov Məhəmməd məscidi, Kiçik karvansaradakı Azərbaycan təsviri və dekorativ-tətbiqi sənət mərkəzində - "İncəsənət bağı"ndakı sənət nümunələrini seyr etmişdir.

Bolqarıstan Respublikasının Baş naziri "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun fəxri qonaqlar kitabına ürək sözlərini yazmışdır.

Azərbaycan paytaxtının qədim guşəsi ilə tanışlıqdan xatirə olaraq qonağa hədiyyə təqdim edilmişdir.

 

 

Azərbaycan.- 2012.- 28 aprel.- S. 4.