AZPROMO ilə
Bolqarıstanın Ticarət və Sənaye Palatası
arasında əməkdaşlıq haqqında memorandum
imzalanmışdır
Aprelin 27-də Bolqarıstan Respublikasının Baş naziri Boyko Borisovun rəhbərliyi ilə nümayəndə heyətinin ölkəmizə rəsmi səfəri çərçivəsində Azərbaycan-Bolqarıstan biznes forumu keçirilmişdir.
AzərTAc xəbər verir ki, İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçirilən forumda tikinti, nəqliyyat, logistika, əczaçılıq, quşçuluq, şərab məhsullarının, süd və qızılgül yağının istehsalı və digər sahələrdə fəaliyyət göstərən iş adamları iştirak etmişlər.
AZPROMO-nun rəhbəri Adil Məmmədov təmsil etdiyi qurumun fəaliyyəti barədə danışmış, ölkələrimiz arasında işgüzar əlaqələrin genişləndirilməsində ikitərəfli görüşlərin, biznes forumların və sərgilərin əhəmiyyətini vurğulamışdır. Bildirilmişdir ki, AZPROMO sahibkarlarının ixrac və investisiya imkanlarının genişləndirilməsində, potensial tərəfdaşların tapılmasında və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsində iş adamlarına dəstək göstərir.
Bolqarıstanın İqtisadiyyat, Energetika və Turizm Nazirliyinin nümayəndəsi Yordan Tenev iki ölkə arasında prioritet sahələr üzrə əməkdaşlığın genişləndirilməsi imkanlarından danışmışdır. Bildirmişdir ki, ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi həcmi 33 milyon ABŞ dolları olmuşdur. Qonaq demişdir ki, Bolqarıstan öz mallarını Azərbaycana ixrac etməkdə, turistləri cəlb etməkdə, ümumilikdə isə ölkənizlə nəqliyyat, tikinti, qida, kənd təsərrüfatı sahələrində əməkdaşlıqda maraqlıdır.
AZPROMO Azərbaycanın biznes və investisiya mühiti, Bolqarıstanın Ticarət və Sənaye Palatası, İşəgötürənlər və Sənayeçilər Konfederasiyası isə ölkəsinin biznes imkanlarına dair təqdimatlar keçirmişlər.
Sonda AZPROMO ilə Bolqarıstanın Ticarət və Sənaye Palatası arasında əməkdaşlıq haqqında memorandum imzalanmışdır.
Biznes forum
iqtisadi əlaqələrin və əməkdaşlığın
perspektivlərinin müzakirə olunduğu
ikitərəfli görüşlərlə davam
etmişdir.
Azərbaycan.- 2012.- 28 aprel.- S. 4.