Bakıda “Təzyiq altında irs -
şəhərlərin tarixi
landşaftlarının perspektivləri” mövzusunda Beynəlxalq konfrans
işə başlamışdır
Aprelin 27-də Bakıda Mədəniyyət və Turizm Nazirliyinin, UNESCO-nun Dünya İrs Mərkəzinin (WHC) məşvərətçi orqanları olan Mədəni Mülkiyyətin Mühafizəsi və Bərpasının Öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin (ICCROM) və Abidələr və Yerlər üzrə Beynəlxalq Şuranın (ICOMOS), həmçinin Azərbaycan Memarlıq və İnşaat Universiteti və İtaliyanın Romualdo Del Bianko Fondunun birgə tərəfdaşlığı ilə "Təzyiq altında irs - şəhərlərin tarixi landşaftlarının perspektivləri" mövzusunda Beynəlxalq konfrans işə başlamışdır.
AzərTAc xəbər verir ki, tədbirdə dünyanın 30-dan artıq ölkəsindən mədəni irsin mühafizəsi və inkişafı sahəsində fəaliyyət göstərən ən nüfuzlu elm adamları, ekspertlər və siyasətçilər iştirak edirlər.
Tədbir çərçivəsində Ermənistan tərəfindən zəbt edilmiş mədəni irsimizlə bağlı fotosərgi nümayiş etdirilmişdir. Sərginin bir qismi işğal altında olan Azərbaycan ərazilərindəki tarixi abidələrin indiki vəziyyətini əks etdirir və yeni əldə olunmuş fotoşəkillərdən ibarətdir.
Tədbiri açan Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirmişdir ki, Bakı konfransı tarixi şəhərlərin, xüsusilə də UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş və yaxud bu qurumun tövsiyələri əsasında dünya irs obyektlərinin yerləşdiyi bəşəri irs əhəmiyyətli şəhərlərin landşaftının inkişaf meyillərini, həmçinin urbanizasiyasının şəhərlərin tarixən formalaşmış landşaftına təsirlərini araşdırmağa çalışacaqdır. Elə bu səbəbdən Bakının konfransa ev sahibliyi etməsi heç də təsadüfi deyildir. Çünki Bakı təkcə Qafqaz və Xəzər regionunun deyil, eyni zamanda, dünyanın ən qədim və ən sürətlə, dinamik inkişaf edən şəhərlərindəndir. Qərblə Şərq arasında körpü rolunu oynayan Bakı daim mədəni sivilizasiyanın episentri olmuşdur.
Nazir vurğulamışdır ki, urbanizasiya insanların sosial-iqtisadi fəaliyyəti ilə bağlı olaraq inkişaf edən və qarşısının alınması son dərəcə mürəkkəb olan təbii bir prosesdir. Onun nəticələri bir sıra sferalarda müəyyən təsirlərə səbəb olur. Bakı konfransında bizlərin əsas vəzifəsi urbanizasiyanın mədəni irsə təsirlərini araşdırmaq, onun mənfi təsirinin neytrallaşdırılması və yaxud da azaldılması istiqamətində müəyyən tövsiyə xarakterli fikirləri ortaya qoymaqdan ibarətdir.
Bakı konfransında araşdırılacaq məsələlər UNESCO-nun Tarixi Şəhər Landşaftı ilə əlaqədar tövsiyələri əsasında inkişaf tendensiyaları ilə bağlı olacaq, urbanizasiyasının şəhərlərin tarixən formalaşması landşaftına təsirlərini araşdırmağa çalışacaqdır. Bu cür məsələlər UNESCO-nun Ümumdünya İrs Obyektlərinin yerləşdiyi bütün şəhərlər üçün aktualdır.
Ə.Qarayev konfrans iştirakçılarına müraciətlə demişdir ki, nəzərinizə çatdırmaq istədiyimiz digər məsələlərin miqyasları isə daha böyük və əgər belə demək olarsa, böhran həddindədir. Bu, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində başlanmış işğal və onun nəticəsi olaraq Azərbaycan xalqının uzun tarixi dövr ərzində yaratdığı zəngin memarlıq irsi nümunələrinin, bəşəriyyətin arxeoloji yadigarlarının zəbt olunması faktıdır. Hazırda bütün dünya ictimaiyyəti tərəfindən ölkəmizin tərkib hissəsi kimi tanınan Dağlıq Qarabağ və onun ətrafında yerləşən Azərbaycan Respublikasına məxsus olan yeddi rayonda Ermənistanın təcavüzü nəticəsində ümumilikdə 699 tarix-mədəniyyət abidəsi işğal edilmiş, 4366 sosial-mədəni obyekt dağıdılmışdır. Bu abidələrin böyük bir qisminin tamamilə məhv edilməsi və yararsız vəziyyətə salınması ilə bağlı əlimizdə maddi sübutlar vardır. Talan edilmiş muzeylərimizdən 40 mindən artıq qiymətli əşya və nadir eksponat oğurlanmış, bir hissəsi isə qaçaqmalçılıq yolu ilə digər xarici ölkələrə satılmışdır.
Uzun tarixi dövr ərzində hazırkı müstəqil Azərbaycan dövləti ərazisində mövcud olmuş Qafqaz Albaniyasının yadigarı olan kilsə və məbədlərin erməniləşdirildiyini bildirən natiq demişdir ki, məhz Qafqaz Albaniyasına məxsus olan memarlıq üslubu məhv edilir və ya saxtalaşdırılır.
Nazir diqqətə çatdırmışdır ki, hazırda burada Ermənistanın işğalını əks etdirən sübutların kiçik hissəsi sərgilənir. Şübhəsiz, bu fotoşəkillərdən işğalın miqyasını, bəşəri irsin nə dərəcədə təzyiq altında olduğunu təxmin edə bilərsiniz. Hətta bütün bunlar azmış kimi, dünyada qəbul edilmiş bütün etik və dini dözümlülük normalarına zidd olaraq işğal altında olan ərazilərimizdə müsəlmanların müqəddəs inanc yeri olan məscid binalarında heyvanların saxlanıldığını, buranın tövlə kimi istifadə edildiyini də görə bilərsiniz. Bütün bunlar dünyada dinlərin, mədəniyyətlərin və sivilizasiyaların bir-birlərinə etimadının azalmasına, fundamentalizm və radikalizm meyillərinin artmasına şərait yaradan incə məqamlardır. Təbiidir ki, bu cür hallar Ermənistanın hazırkı hökumətinin siyasətinin bariz təcəssümüdür. Halbuki Azərbaycan hökuməti hər bir kəsin dini və mənəvi inanclarına hörmət bəsləyir. Dövlətimiz Ermənistan ilə müharibə vəziyyətində olmasına baxmayaraq, Bakının mərkəzində yerləşən Qriqorian kilsəsinin mühafizəsini ən yüksək şəkildə təmin edir. Bundan əlavə, biz dünyada sivilizasiyaların və mədəniyyətlərin bir-birlərini daha da aydın şəkildə anlaması üçün Bakını qlobal dialoq məkanına çevirmək təşəbbüsü ilə çıxış etmiş və beynəlxalq təşkilatların vasitəçiliyi ilə bir sıra mühüm irəliləyişlər əldə etmişik.
Tədbirdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarov çıxış edərək bildirmişlər ki, hər hansı bir ərazidə mədəni abidələrin qorunaraq saxlanması xalqlar arasında müsbət münasibətlərin davamlı inkişafına təkan verən amillərdəndir.
Ölkəmizdə mədəni irsin qorunması sahəsində görülmüş işlərdən söz açan ICCROM-un baş direktoru Stefano de Karo xüsusi olaraq qeyd etmişdir ki, bu sahədə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın mühüm xidmətləri vardır.
Heydər Əliyev Fondunun dünyanın bir çox ölkələrində reallaşdırdığı layihələrdən söz açan natiq bildirmişdir ki, belə nəcib və həssas addımlar həmin ölkələrdə yaşayan xalqların mədəni həyatının inkişafına mühüm təsir göstərəcəkdir.
Bir ölkənin başqa bir xalqa yardım etməsini yüksək qiymətləndirən Stefano de Karo diqqətə çatdırmışdır ki, Azərbaycanda mədəniyyət sahəsində inkişaf gündən-günə sürətlənir.
Tədbirdə çıxış edən ICOMOS-un prezidenti Qustavo Aravoz, Romualdo del Bianko Fondunun prezidenti Paolo del Bianko, ICOMOS-mühafizə və bərpanın nəzəriyyə və fəlsəfəsi beynəlxalq elmi komitəsinin sədri Vilferd Liipp tədbirin əhəmiyyətindən danışmış və konfransın işinə uğurlar arzulamışlar.
Aprelin 29-da başa
çatacaq konfrans işini 4 sessiyada davam etdirəcəkdir.
Azərbaycan.- 2012.- 28 aprel.- S. 7.