Azərbaycan heç vaxt qarşıdurma meydanına çevrilməyəcək

 

Prezident İlham Əliyev: "Biz imkan verə bilmərik ki, ərazimizdən qonşulara qarşı hansısa mənfi planlarda istifadə edilsin"

 

 Milli müstəqilliyini bərpa edəndən bəri Azərbaycan dövlətinin yeritdiyi xarici siyasət xəttinin əsas istiqamətlərindən biri qonşu ölkələrlə mehiban münasibətlər, qarşılıqlı faydalı əlaqələr qurmaqdır. Ötən illər ərzində rəsmi Bakı bu prinsipə həmişə sadiq qalmış, həmsərhəd ölkələrlə hansısa ciddi münaqişənin yaranmasına imkan verməmiş, əksinə, onlarla ikitərəfli əməkdaşlığı genişləndirmək üçün öz tərəfindən maksimum səy göstərmişdir. Məlum səbəblərə görə bu ölkələr arasında Ermənistan istisna təşkil edir. İşğalçı dövlət əsassız iddialarından əl çəkib Azərbaycanın ərazi bütövlüyünü tanısa, onunla da normal münasibətlər qurmaq üçün heç bir maneə qalmaz.

Qeyd etmək lazımdır ki, Azərbaycan xarici siyasətində birmənalı olaraq beynəlxalq hüququn norma və prinsiplərindən çıxış edir. Bütün dövlətlərin, o cümlədən qonşu ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət, onların daxili işlərinə qarışmamaq Azərbaycanın dünya birliyi ilə qarşılıqlı əlaqələrində başlıca prinsiplərdir. Ötən illər ərzində rəsmi Bakı bu prinsipləri daim rəhbər tutaraq çoxsaylı ölkələrlə, ilk növbədə, qonşuları ilə dinc yanaşı yaşama və qarşılıqlı faydaya əsaslanan münasibətlər yaratmağa nail olmuşdur.

O da həqiqətdir ki, ikitərəfli münasibətlərdə belə bir səviyyəyə çatmaq üçün bir çox çətinlikləri dəf etmək, ayrı-ayrı ölkələrlə fikir ayrılıqlarını aradan qaldırmaq üçün xeyli səy göstərmək lazım gəlmişdir. Həm də belə bir məqam vurğulanmalıdır ki, buya digər qonşu ilə münasibətlərdə zaman-zaman meydana çıxmış problemlər heç vaxt Azərbaycandan qaynaqlanmamışdır. Bu problemlər elə də gözlənilməz deyildi. Bir tərəfdən, keçmiş sovet imperiyasının xarabalıqları üzərində yeni dövlətlər yaranmışdı və onların həm öz aralarında, həm də postsovet məkanı ilə bitişik dövlətlərlə normal qarşılıqlı münasibətlər qurması prosesi obyektiv çətinliklərlə müşayiət olunurdu. Digər tərəfdən isə konkret olaraq Azərbaycanın yerləşdiyi Cənubi Qafqaz-Xəzər bölgəsi strateji əhəmiyyət kəsb etdiyindən həm iri regional dövlətlər, həm də dünyanın güc mərkəzləri buraya nüfuz edib mövqelərini möhkəmlətmək üçün hər cür vasitəyə əl atırdılar.

Bu baxımdan xüsusilə ötən əsrin 90-cı illərinin ortalarında cərəyan etmiş hadisələri xatırlamaq kifayətdir. Xəzərin Azərbaycan sektorunda xarici şirkətlərin iştirakı ilə karbohidrogen ehtiyatlarının istismarına başlanması ilə vəziyyət gərginləşmişdi. Sahilyanı ölkələrin - Rusiya, İran və Türkmənistanın dənizin hüquqi statusu müəyyənləşmədiyindən rəsmi Bakının belə bir addım atmasına sərt münasibəti regionda qarşıdurma ab-havası yaratmışdı. Azərbaycan rəhbərliyi Xəzərin hələ sovet imperiyası dövründə mövcud olmuş sektoral bögüsünü qəbul etməyən həmin dövlətlərin, ilk növbədə, Rusiyanın mövqeyinin dəyişməsinə nail olmaq üçün fəal diplomatik səylər göstərdi. Səbrlə görülən bu , nəhayət, bəhrəsini verdi. Əvvəlcə Rusiya mövqeyini dəyişib Xəzərin dibinin sektoral bölgüsünü qəbul etdi. Bu isə böyük irəliləyiş idifaktiki olaraq qarşıdurma ehtimalını aradan qaldırdı. Moskvanın yeni mövqeyi İran və Türkmənistan üçün bir növ siqnal oldu və hər iki ölkə Xəzərlə bağlı məsələlərin həllində diplomatiyaya üstünlük verməyə başladı. Ardınca Azərbaycanla Rusiya və Qazaxıstan, Rusiya ilə Qazaxıstan arasında dənizin sektorlara bölünməsi ilə bağlı əhəmiyyətli addımlar atıldı. Beləliklə, Bakının səyləri ilə Xəzərdə qarşıdurma ehtimalı aradan qalxdı, əməkdaşlıq mühiti formalaşdı. İndi sahilyanı ölkələr arasında iqtisadi, siyasi, mədəni, ekoloji və digər sahələrdə əlaqələrin daha da genişləndiyi müşahidə olunur. Qonşu dövlətlər həllini gözləyən məsələləri dinc şəraitdə tənzimləmək üçün müxtəlif səviyyələrdə müntəzəm görüşlər keçirir, fikir mübadiləsi aparırlar.

Əlbəttə, dövlətlərarası münasibətlərdə münaqişə, mübahisə daha çox qonşular arasında olur. Hansısa iki qonşu ölkə arasında ortaya çıxan mübahisəli situasiya normal sayılır və belə halların aradan qaldırılması üçün beynəlxalq hüquq bir yol göstərir - dinc vasitələr. Azərbaycan qonşuları ilə münasibətlərdə məhz bu yolla gedir.

Qərbin görkəmli siyasətçilərindən birinin dediyi kimi, coğrafiyaya bağlı olmayan heç bir siyasət yoxdur. Odur ki, Azərbaycanın əlverişli coğrafi movqeyi, Şərqlə Qərbin, Şimalla Cənubun qovşağında yerləşməsi ölkəmizi daim diqqət mərkəzində saxlayır. Beynəlxalq əhəmiyyətli inkişaf layihələri, yeni ticarət və nəqliyyat marşrutları burada reallaşdırılır. Böyük dövlətlərin maraqları burada kəsişir. Üstəlik, Azərbaycanın müstəqilliyini hələ də həzm edə bilməyənlər var. Ona görə də beynəlxalq dairələrdə, dünya kütləvi informasiya vasitələrində Azərbaycanın adının tez-tez çəkilməsi təsadüfi deyil. Özü də həmişə xeyirxah niyyətlə yox. Bədnam qüvvələr regionda məqsədlərinə çatmaq üçün bütün vasitələrə əl atırlar. Bulanıq suda balıq tutmaq sevdasına düşənlərin planlarına Azərbaycanla qonşuları arasında gərginlik yaratmaq da daxildir.

Xeyli vaxtdır ki, İranın nüvə proqramı ilə əlaqədar Tehranla Qərb dövlətləri arasında gərginlik yaşanır. Vəziyyətin cələcək inkişafı ilə bağlı müxtəlif mülahizələr irəli sürülür: Qərb İrana qarşı hərbi qüvvə tətbiq edəcək, İsrail İranın nüvə obyektlərinə aviasiya zərbələri endirəcək və s. Azərbaycanı istəməyən qüvvələrin də əlinə yaxşı fürsət düşüb. Bu qüvvələr ara vermədən car çəkirlər ki, guya Qərb dövlətləri İrana qarşı həyata keçirəcəyi hərbi əməliyyatda Azərbaycan ərazisindən istifadə edəcək, guya Azərbaycan hərbi hava bazalarını İsrailin sərəncamına verəcək... Yalnız sadəlövh adamların inana biləcəyi bu tipli yalanlar dünyanın çoxsaylı informasiya vasitələrinə ötürülərək tirajlanır, müzakirə mövzusuna çevrilir və beləliklə, ictimai rəy formalaşdırmağa cəhd göstərilir. Məqsəd aydındır: Azərbaycanla İranın, eləcə də ərəb ölkələrinin arasını vurmaq. Amma əbəs yerə. Ən azı ona görə ki, qonşu ölkələrə belə bir münasibət rəsmi Bakının yeritdiyi xarici siyasətin ruhuna ziddir.

Azərbaycan üçün belə informasiya təxribatları yeni deyil. Bu cür hücumlara həmişə ən yüksək səviyyədə reaksiya verilir. Prezident İlham Əliyevin son çıxışlarında qeyd etdiyi kimi, "Mətbuat hazırda nəinki informasiya mənbəyidir, eyni zamanda, təxribat mənbəyidir. Əfsuslar olsun ki, bu, belədir. Biz isə öz növbəmizdə buna hazır olmalıyıq. Biz hazırıq. Hər bir əsassız hücuma biz cavab verməliyik, veririk və verəcəyik... Elə qüvvələr var ki, bölgədə vəziyyəti qarışdırmaq istəyirlər. Elə qüvvələr vardır ki, Azərbaycanı öz qonşuları ilə üz-üzə qoymaq istəyirlər. Burada da informasiya təxribatlarından istifadə edilir. Başqa necə istifadə edə bilərlər?! Mümkün deyil. Çünki qonşularımızla əlaqələrimiz tarixi köklərə söykənir. Biz bütün qonşularla - Ermənistan, təbii ki, istisna olmaqla - normal, yaxşı dostluq münasibətləri yaratmışıq və bu dostluq münasibətlərini gücləndiririk, gücləndirəcəyik. Heç bir qonşumuzla problemimiz yoxdur".

Dövlət başçısı bir daha bəyan etmişdir ki, Azərbaycan heç vaxt xarici qüvvələrin qarşıdurma meydanına çevrilməyəcək: "Biz heç vaxt imkan verə bilmərik ki, ərazimizdən qonşulara qarşı hansısa mənfi planlarda istifadə edilsinbunu hamı bilir... Qonşularla münasibətlər prioritet xarakter daşıyır. Biz bu bölgədə yaşayırıq və yaşayacağıq. Mən qonşulardan da Azərbaycana ancaq müsbət münasibət görürəm və buna çox şadam. Ona görə biz bunu bilməliyik, bu barədə açıq deməliyik və buna qarşı biz öz prinsipial mövqeyimizi qoymalıyıq və qoyuruq".

 

 

 Allahverdi MEHDİYEV

 

Azərbaycan.- 2012.- 29 aprel.- S. 3.