BMT Təhlükəsizlik Şurası və beynəlxalq təşkilatlar qəbul etdikləri sənədlərə sahib çıxmalıdırlar

 

Mayın 6-da Ermənistanda keçiriləcək parlament seçkiləri ilə bağlı təbliğat kampaniyası qızğın şəkildə davam edir. Ölkənin iqtidarı da, müxalifəti də bu dəfəki təbliğatını tamamilə Qarabağ probleminin üzərində qurublar. Sosial-demokrat partiyasından namizəd olan Qurgen Yegiazaryan isə keçiriləcək parlament seçkilərinin biabırçı olacağını bildirib: "Saat 12.00-dək rayonumuzun "mərhum sakinlərinin" əl-ələ verərək seçki məntəqələrinə necə getdiklərinə şahid olacaqsınız. Ölülərdən sonra səsverməyə Ermənistanda olmayan, son on ildə ölkədə yaşamayan şəxslər gələcək. Onların da hakim partiyaya səs verməsindən sonra məntəqələrə sayı 30-40 minə çatan Cavaxetiya erməniləri üz tutacaqlar. Beləliklə, hakim partiya yenidən qələbə qazanaraq parlamenti ələ keçirəcək".

Kampaniya çərçivəsində prezident S.Sarkisyan deyib ki, əgər onun rəhbərlik etdiyi partiya parlamentdə əksəriyyət təşkil edərsə, münaqişənin tənzimlənməsi üzrə danışıqlara "Dağlıq Qarabağ respublikası" da cəlb olunacaq. Daşnaksütyunİrs partiyaları daha irəli gedərək həyasız bəyanatla çıxış ediblər. Onlar "Dağlıq Qarabağ Respublikası"nın mövcud sərhədləri daxilində tanınması"nın əleyhinədirlər. Göründüyü kimi, Azərbaycan nə qədər sülh şəraitində yaşamağın tərəfdarı olduğunusülh sazişinin üzərində birgə işləmək istədiyini bildirsə də, qarşı tərəf heçsülh arzusunda deyil. 

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Dağlıq Qarabağ problemindən danışarkən bildirdi ki, gec-tez torpaqlarımız düşmən tapdağından azad ediləcək:

"...Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün beynəlxalq tədbirlərdə mən sözlərimi demişəm, Ermənistanın işğalçı siyasətini ifşa etmişəm. Xocalıda o qanlı faciəni, soyqırımını törədənlər faşistlərdir, bunun başqa adı ola bilməz. Mən bu imkanlardan istifadə edərək həm həqiqətləri, həm də Azərbaycanın mövqeyi və gələcəyə ümumi baxışları haqqında fikirlərimi bildirmişəm. Bizim xarici siyasətimiz daxili siyasətimizin məntiqi davamıdır. Bundan sonra da bütün beynəlxalq tədbirlərdə Ermənistanın işğalçı siyasətini ifşa edəcəm. Münaqişənin həlli ilə bağlı bizim prinsipial mövqeyimiz dəyişilməz olaraq qalır. Azərbaycanın ərazi bütövlüyü qeyd-şərtsiz bərpa edilməli, işğalçı qüvvələr torpaqlarımızdan geri çəkilməlidir. Beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyümüz tam şəkildə bərpa ediləcəkdir. Mən buna şübhə etmirəm. Biz həm iqtisadi, həm də beynəlxalq aləmdə güclənirik, hərbi potensialımız da güclənir. Bu sahəyə daim böyük diqqət göstərilir və göstəriləcəkdir. Biz güclü hərbi sənaye yaradırıq... Bu gün Azərbaycanın güclü ordusu vardır. Bütün silahlı qüvvələr bu gün istənilən vəzifəni - ölkəmizin bütün maraqlarını müdafiə etmək üçün hazırdırlar, buna qadirdirlər..."

Avropa Parlamentinin assosiativ saziş üzrə Azərbaycan-Avropa İttifaqı danışıqlarına dair bir neçə gün öncə qəbul etdiyi qətnamədə Azərbaycanın Avropa Qonşuluq Siyasəti çərçivəsində fəaliyyəti yüksək qiymətləndirilir. Avropa İttifaqı Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşdığını belə ifadə edir: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunmalı, BMT-nin və digər nüfuzlu beynəlxalq təşkilatların qəbul etdikləri qərar və qətnamələr yerinə yetirilməlidir. İşğal olunmuş ərazilər Azərbaycana qaytarılmayacağı, qaçqın və məcburi köçkünlər doğma yurd-yuvalarına geri dönməyəcəyi təqdirdə assosiativ saziş həyata keçirilə bilməz".

Son zamanlar beynəlxalq miqyasda səslənən bəyanatların və nəhayət, dünyanın həqiqətə tərəf getmək istədiyini işarət edən fikirlərin şahidi oluruq. Bunlar əlbəttə, sülh ümidlərini artırır. Çünki Azərbaycan min bir əziyyətlə tikib-qurduğu, iqtisadi cəhətdən inkişaf etdirdiyi ölkəsini, yurdunun daşını, torpağını, ən başlıcası, vətəndaşlarını haqsız müharibənin girdabına salmaq istəmir. Müharibə bütün hallarda müharibədir, qandır, ölüm-itimdir, dağıntıdır. Ancaq ölkə başçısının son vaxtlar xüsusilə vurğuladığı kimi, sülh arzusunun da bir həddi var. Bir gün Azərbaycan ya sülhlə, ya da savaşla torpaqlarını düşmən işğalından təmizləməlidir. Bu, Azərbaycanın təbii haqqıdır. Ona görə də Prezident İlham Əliyev ölkənin müdafiə sənayesini, ordu quruculuğunu, hərbi gücünü durmadan artırır və bunu bir haqq sahibi kimi dünyaya bəyan edir.      

Avropa Parlamentinin bir müddət öncə Brüsseldə yerləşən binasında Dağlıq Qarabağ problemi və münaqişənin humanitar tərəfləri ilə bağlı keçirilən "Mən öz evimdə yaşamaq istəyirəm" adlı konfransda avropalı deputatlar məsələni daha ciddi şəkildə gündəmə gətirdilər. Avropa Parlamentinin Rumıniyadan olan deputatı Norika Nikolean, Almaniya parlamentinin keçmiş üzvü Eduard Lintner, sloveniyalı deputat İvo Vayql, Belçika Konstitusiya Məhkəməsinin hakimi Jan Pol-Murman bir neçə dəfə Azərbaycana gəlib, yerindəcə qaçqın və məcburi köçkünlərlə tanış olduqlarını, onların yaşayış şəraitlərini gözləri ilə gördüklərini bildirmişdilər: "İnsanların nə qədər acınacaqlı vəziyyətdə yaşadıqlarını müşahidə etdik və hamının  doğma yurdlarına qayıtmaq istədiyini aydın şəkildə gördük. Bu, böyük bir insan faciəsidir, biz bunun həlli yollarını tapmalıyıq, belə ciddi məsələnin həllinə daha çox vaxt ayırmalıyıq. Bu müzakirələri bəzi insanların manipulyasiya adlandırması bizim bu məsələdə susmağımıza əsas ola bilməz. Tərəflər arasında razılıq əldə olunmasının vaxtı çatıb".

Beynəlxalq təşkilatların sənədlərində Azərbaycan ərazilərinin, o cümlədən Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı problemi, qaçqınların və məcburi köçkünlərin problemi, Azərbaycanın zəbt olunmuş mədəniyyət abidələrinə vurulan ziyanın qeyd olunması da çox böyük əhəmiyyət daşıyır.   

Ermənistanın ciddi müqavimətinə və növbəti dəfə şər-böhtan dolu hay-küy salmasına baxmayaraq, Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyasında qurumun bürosu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ üzrə alt komitənin fəaliyyətini davam etdirməsi barədə qərar qəbul etmişdi. AŞ PA-da Azərbaycan nümayəndə heyətinin yaz sessiyasının ilk günündə hazırlayıb  assambleyanın katibliyinə təqdim etdiyi bəyanatda xüsusi komitənin fəaliyyətinin davam etdirilməsi zəruri hesab edilir. Bəyanatda deyilir:

"...2005-ci ildə Parlament Assambleyası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar uzun və ardıcıl müzakirələrdən sonra 1416 saylı ayrıca qətnamə qəbul edib. Həmin qətnamədə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, Dağlıq Qarabağda separatçı rejimin mövcudluğu, Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə aparması faktları birmənalı şəkildə əksini tapıb. Azərbaycan təcavüzə uğramış, yüz minlərlə insanı qaçqın və köçkünə çevrilmiş zərərçəkən dövlət olsa da, münaqişənin diplomatik vasitələrlə həllinin tərəfdarıdır..."

Xatırladaq ki, Azərbaycanın BMT yanında daimi nümayəndəsi Aqşin Mehdiyev 17 fevral 2012-ci ldə bu təşkilatın Baş katibi Pan Gi Muna məktub göndərmişdir. Məktubda erməni silahlı qüvvələrinin Azərbaycanın Xocalı şəhərinin azərbaycanlı sakinlərinə qanlı divan tutması qeyd olunmuşdu. Ermənistanın daimi nümayəndəsinin həmin məktuba cavab vermək üçün göstərdiyi "həyasız cəhdə" cavab olaraq daimi nümayəndəmizin məktubu aprelin 9-da BMT Təhlükəsizlik Şurasının və BMT Baş Məclisinin rəsmi sənədi kimi yayılmışdır. Məktubda deyilir: "Məlumdur ki, Ermənistanın indiki prezidenti Serj Sarkisyankeçmiş prezident Robert Koçaryan, habelə bu dövlətin bir sıra başqa yüksək vəzifəli şəxsləri və Azərbaycanın işğal edilmiş ərazisində Ermənistan tərəfindən yaradılmış oyuncaq separatçı rejimin liderləri Azərbaycan torpaqlarının işğal olunmasında və mülki əhaliyə qanlı divan tutulmasında birbaşa iştirak etmişlər. Xocalı şəhərinin dinc sakinlərinin və onu müdafiə edənlərin bilərəkdən kütləvi şəkildə qətlə yetirilməsi ayrıca akt deyil, Ermənistan tərəfindən həyata keçirilən genişmiqyaslı və sistemli zorakılıq siyasəti və praktikasının tərkib hissəsi idi. Bu mənada, Ermənistan rəhbərləri və separatçıların onlara tabe olan liderləri İkinci Dünya müharibəsi dövründə misligörünməmiş cinayətlər törədənlərdən az fərqlənir... Serj Sarkisyan 2000-ci il 15 dekabr tarixində britaniyalı jurnalist Tomas de Vaala verdiyi müsahibədə əsla vicdan əzabı çəkmədən etiraf etmişdir: "Xocalı hadisələrinə qədər azərbaycanlılar elə düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməz. Biz bu stereotipi alt-üst edə bildik".

Göründüyü kimi, bir dövlətin başçısı heç bir təqsiri olmayan insanların kütləvi şəkildə qətlə yetirilməsindən cinayətkar, terrorçu kimi danışır. Deməli, BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ problemi ilə bağlı qəbul etdiyi qətnamələrin yerinə yetirilməməsi ilə bağlı kəskin sözünü deməli, beynəlxalq təşkilatlar öz legitimliyini ortaya qoyub işğalçı dövlətə qarşı təzyiqlərini artırmalıdır. Yəni, vaxt o vaxtdır. Beynəlxalq aləm qərarını daha qətiləşdirməli, işğalçı ölkəni fakt qarşısında qoymalıdır.   

 

 

 Rəsmiyyə RZALI

 

Azərbaycan.- 2012.- 29 aprel.- S. 3.