Yaxşı yaşayış üçün bütün şərait olmalıdır

 

  Prezident İlham Əliyev Qazax bölgəsinin sakinləri ilə görüş zamanı bu fikri dönə-dönə vurğuladı

 

Ölkəmizin Qərb qapısı sayılan Qazax rayonu da sürətlə inkişaf edir. Son vaxtlarda bir-birindən dəyərli layihələr həyata keçirilir. Prezident İlham Əliyevin növbəti səfəri zamanı baş çəkdiyi obyektlərin müxtəlifliyi diqqəti cəlb edir: Qazaxbəyli-Aşağı Salahlı avtomobil yolu, Konserv zavodu, Gənclər Mərkəzi, Şahmat Məktəbi, yeni tikilən Sement zavodu... Bu, hər sahədə coşqun inkişaf  reallığıdır.

Abadlıq-quruculuq bütün rayonu bürüyüb. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı uğurla yerinə yetirilir. Həm iqtisadiyyat inkişaf edir, həm yeni istehsal sahələri yaranır, həm yol infrastrukturu yenidən qurulur, həm də yeni-yeni sosial-mədəni obyektlər əhalinin istifadəsinə verilir.

Qazaxbəyli-Aşağı Salahlı avtomobil yolunun, Gənclər Mərkəzinin və Şahmat Məktəbinin açılışı zamanı sakinlər dedilər ki, cənab Prezident, Siz həmişə bütün problemlərin həllinə böyük diqqət göstərirsiniz. Yaxşı yaşamağımız üçün bizə hər cür şərait yaradırsınız. Ulu öndərin memarı olduğu müasir Azərbaycanı daha firavan ölkəyə çevirirsiniz. Bütün bunlara görə biz Sizə ürəkdən minnətdarıq.

Sakinlərlə söhbət zamanı dövlət başçısı dedi: "Mən Qazax rayonunda dəfələrlə olmuşam. Keçən il də gəlmişdim. Çox şadam ki, işlər yaxşı gedir, daha da yaxşı getməlidir. Bütün sahələrdə qarşıya qoyulan vəzifələr icra edilməlidir. Yaxşı yaşayış üçün bütün şərait olmalıdır. Yaxşı yollar, yaxşı məktəblər, tibb məntəqələri, yerləri olmalıdır... Çalışırıq ki, hər yerdə işlər yaxşı getsin, yerləri açılsın. İnsanların yaşayış səviyyəsi yüksəlsin və gözəl şərait olsun. Bu yol inkişaf deməkdir".

Bu məqsədlə ölkənin hər yerində, eləcə də Qazax rayonunda genişmiqyaslı tədbirlər görülür. "Azərsun-Holdinq" MMC-nin vəsaiti ilə tikilən Qazax Konserv Zavodu Qərb bölgəsi üçün çox əlamətdar hadisədir.

İllik məhsul istehsal gücü 21,5 min ton olan zavodun ümumi dəyəri 14 milyon manatdır. Zavod meyvə-tərəvəz dondurulması, çoxçeşidli kartof məhsullarının istehsal sexləri, soyuducu anbar və digər yardımçı binalardan ibarətdir. Ümumi sahəsi 4,7 hektar olan müəssisədə bütün infrastuktur, mühəndis qurğuları ən müasir səviyyədə qurulub. Zavodun fəaliyyətə başlaması meyvə-tərəvəz istehsalının artmasına, daxili bazarın yüksək keyfiyyətli məhsullarla təmin olunmasına şərait yaradacaqdır. Hazırda burada on növ meyvə -180 dərəcədə dondurulur. İlkin mərhələdə 5 min ton meyvə xammalı, 2 min ton turşu və tərəvəz istehsalı nəzərdə tutulub. İkinci mərhələdə 6 min tona yaxın kartof, 3 min ton turşuüzüm yarpağı istehsalı üçün yeni xətlərin işə salınması planlaşdırılır. Mütəxəssislər deyirlər ki, bu istehsal xətti Qafqazda yeganədir. Həmin texnoloji xətt tam yetişdirilən meyvə və tərəvəzi tez dondurmaqla uzun müddət saxlamağailin istənilən fəslində istehlakçıya təqdim etməyə imkan verəcəkdir.

Zavodun açılışı zamanı Prezident İlham Əliyev müəssisədə görülən işlərdən məmnun olduğunu bildirdi: "Görürəm ki, burada qadınlar əksəriyyət təşkil edir. Özü də əksər qadınlar gənclərdir. Aranızda orta nəslin nümayəndələri də vardır. Yaxşı maaş verilir, yaxşı şəraiti vardır. Müasir müəssisədir. Həm sizin üçün, həm bölgə üçün, həm də dövlət üçün çox vacib olan sahədir".

Qazax sement zavodunda da hər başa çatanda təqribən altı yüz yeni yerinin açılması gözlənilir. Dövlət başçısı zavodda inşaat işlərinin gedişi ilə tanış oldu. Bu genişhəcmli müasir zavodun inşasına "Akkord" Sənaye-Tikinti İnvestiya Korporasiyasının müvafiq departamentləri və ölkənin bir sıra inşaat quraşdırma şirkətləri cəlb olunub. Xüsusi təcrübə tələb edilən işlər üçün Çin Xalq Respublikasının "Sinoma" şirkətinin mütəxəssisləri  dəvət olunub. Zavodun illik istehsal gücü təqribən bir milyon ton olacaq. Burada sementin istehsalı müasir texnologiya əsasında quru üsulla aparılacaqdır. Müəssisə tam işə düşəndən sonra Azərbaycana idxal olunan sementin həcmi otuz faiz azalacaqdır.

Zavodun ərazisində genişmiqyaslı quruculuq işləri gedir. Bir sıra istehsal sahələri texnoloji qurğular, yol-nəqliyyat, su, elektrik sistemləri yaradılır. Bundan əlavə, 75 otaqdan ibarət altımərtəbəli dörd ulduzlu mehmanxana, üçmərtəbəli yeməkxana, beşmərtəbəli inzibati bina, tibbi klinika, uşaqlar üçün əyləncə meydançasının tikilməsi nəzərdə tutulub. Sakinlərlə görüş zamanı Prezident İlham Əliyev dedi: "Mən istəyirəm bütün qərb zonasında belə gözəl müəssisələr yaradılsın ki, həm insanlar yaxşı maaş alsınlar, işləsinlər, həm də ölkəmiz inkişaf etsin. Belə müəssisələrin yaradılmasında biz bir neçə vacib məqsədi nəzərə alırıq və ona çatırıq. İşsizlik aradan qaldırılır, yerli istehsal artır, biznes qurumları fəaliyyətlərini genişləndirirlər. Qeyri-neft sektoru inkişaf edir, idxalı əvəzləyən yerli məhsul istehsal olunur və ölkəmizin uğurlu inkişafı təmin edilir".

Ölkənin hər guşəsində olduğu kimi, qərb bölgəsinə də Prezidentin qayğı və diqqəti daim artır. Elə bu günlərdə "Qazax rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" 12 aprel 2012-ci il tarixli sərəncamı ilə rayon icra hakimiyyətinə Prezidentin Ehtiyat Fondundan iki milyon manat vəsait ayrıldı.

Uzun müddət müxtəlif işlərdə çalışmış ağsaqqal Xanqulu Süleymanov deyir ki, Prezidentin növbəti səfəri ilə rayonun tarixində abadlıq və quruculuğun yeni səhifəsi açılır. Dövlət başçısının bir sözü həmişə ürəyimin başındadır. Cənab İlham Əliyev deyir ki: "Azərbaycanın inkişafı bölgələrin inkişafından asılıdır". Biz bunu Qazağın yüksəlişində və bu qədim diyara olan qayğı və diqqətdə çox aydın şəkildə hiss edirik. Bütün bu qayğı və diqqətə görə ulu öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk. Həqiqətən də, dövlət başçısı hamının yaxşı yaşaması üçün hər yerdə müvafiq şərait yaradılması məqsədilə konkret tədbirlər görür. Bütün bunlara görə dövlət başçısına Qazax sakinləri adından dərin minnətdarlığımızı bildiririk.

 

 

Əhməd İSAYEV

 

Azərbaycan.- 2012.- 29 aprel.- S. 4.