Yüksəlişin
yeni mərhələsi
Qədim Gəncə ötən ili hər sahədə uğurla yola salıb. Bu ilin ilk aylarının da yekunları fərəhlidir. Genişmiqyaslı abadlıq və quruculuq işləri ilə ad çıxaran Gəncə şəhərində həm də iqtisadiyyat yüksəlir, sənaye sürətlə inkişaf edir.
Bu barədə cari ilin birinci rübün yekunlarına həsr olunmuş toplantıda ətraflı söbət açıldı. Şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev üç ay ərzində görülən işlər barədə hesabat verdi. Sonra ayrı-ayrı xidmət təşkilatlarının, təbii qaz, elektrik enerjisi və su təchizatı müəssisələri nümayəndələrinin məlumatları dinlənildi.
Səmimi, işgüzar şəraitdə geniş müzakirə başlandı. Yekdilliklə qeyd olundu ki, cari ilin birinci rübündə şəhərdə ümumi daxili məhsulun həcmi 122,3 milyon manata çatmışdır ki, bu da ötən ilin müvafiq dövründəkinə nisbətən 37,7 faiz çoxdur. Adambaşına düşən məhsulun həcmi 39 faiz artaraq 383,4 manat olmuşdur.
Xarakterik cəhət budur ki, ümumi daxili məhsulun 67,8 faizi qeyri-dövlət bölməsinin, 42,9 faizi sənayenin payına düşür. Həmin məhsulun 94 faizi istehlakçılara göndərilmişdir.
Şəhərdə sənayenin inkişafına təkan verən bir mühüm cəhət xüsusilə əlamətdardır. Cari ilin yanvar ayında dövlət başçısı İlham Əliyevin xeyir- duası ilə Gəncə "DET-AL" alüminium zavodu kompleksinin birinci fazası istifadəyə verilmiş və bununla da 640 nəfər işlə təmin edilmişdir. Kompleksin ikinci fazasında əlli min ton alüminium istehsal edəcək elektroliz korpuslarının, habelə gil-torpaq qəbulu anbarının inşası davam etdirilir.
Bundan əlavə, təzəlikcə illik istehsal gücü 850 min ton olan "DRI" və istehsal gücü 750 min ton olan polad zavodlarının tikintisinə başlanılmış, gələn il isə yeni bir müəssisənin - Pelet zavodunun təməli qoyulacaqdır. Beləliklə, 2012-2016-cı illərdə şəhər üzrə müxtəlif layihələrə 630 milyon dollar investiya yönəldiləcəkdir.
"Gəncə qənnadı" ASC-nin süd emalı zavoduna müasir texnoloji avadanlıq gətirilib. "ELBA" MMC üç hektar sahədə mal-qara və quş əti emalı bazasını yaradır. "İnter Pak" MMC-də meyvə və tərəvəz emalı müəssisəsinin inşası davam etdirilir. Digər müəssisələrdə də xeyli işlər görülür.
Toplantıda qeyd olundu ki, qədim elm və mədəniyyət mərkəzi kimi tanınan Gəncə şəhəri dövlətin qayğısı və köməyi ilə həm də güclü sənaye bazasına çevrilir. Burada yeni texnoparkın salınması isə ümumən sənayenin, eləcə də sahibkarlığın inkişafına xeyli təkan verəcəkdir.
Şəhərdə iqtisadi tərəqqi ilə yanaşı, həmişə olduğu kimi, yenə də abadlıq və quruculuq işlərinə xüsusi önəm verilir. Heydər Əliyev Mərkəzinin, Nizami Gəncəvi Muzeyinin, Gəncə Dövlət Filarmoniyasının, İmamzadə kompleksinin inşası davam etdirilir. Qəza vəziyyətində olan evlərin sakinləri üçün əlli mənzilli yaşayış binasının təməli qoyulub.
Atatürk, M.A.Abbaszadə küçələrində, Nizami prospektində və başqa yerlərdə çoxmərtəbəli səkkiz ictimai binanın fasadları və dam örtükləri klassik memarlıq üslubunda yenidən qurulur.
Şəhərdə aparılan genişmiqyaslı abadlıq və quruculuq işlərindən biri də budur ki, təbii qaz, elektrik enerjisi və rabitə xətləri yerin altına keçirilir. Şəhərdaxili yollar genişləndirilir. Hər yerdə təmir, bərpa və yenidənqurma işləri aparılır. Səkilər düzəldilir, işıq sistemi təzələnir. Cari ildə mövcud yaşıllıqların bərpası ilə yanaşı, müxtəlif yerlərdə altı parkın və bağın salınması nəzərdə tutulub. Yeni yaradılan qəsəbələrdə quruculuq işləri görülür.
Dahi Nizaminin 870 illik yubileyinə hazırlıqla əlaqədar tədbirlər getdikcə genişlənir. Məqbərənin ətrafında, təyyarə limanı bölgəsində, Gülüstan qəsəbəsində, Xatirə parkında və ümumən şəhərin müxtəlif guşələrində müntəzəm surətdə yaşıllaşdırma işləri aparılır. Xarakterik cəhət budur ki, şəhərdə son vaxtlarda meyvə ağaclarının əkilməsinə xüsusi üstünlük verilir.
Öz tarixi
ənənələrinə söykənən Gəncə
şəhərsalmanın müasir tələblərinə
qovuşaraq sürətlə inkişaf edir, müasirləşir,
gözəlləşir. Qədim Gəncə yüksəlişin
yeni mərhələsinə qədəm qoyub. Üç ayın
yekunlarının müzakirəsindən alınan əsas nəticə
bax budur.
Azərbaycan.- 2012.- 29 aprel.- S. 4.