Azərbaycan və türk diaspor təşkilatları ABŞ Prezidenti Barak Obamaya məktub göndərmişlər

 

Azərbaycan və türk diaspor təşkilatları ABŞ Prezidenti Barak Obamaya göndərdikləri məktubda onun 24 aprel bəyanatına etirazlarını bildirmişlər.

Türkiyənin Anadolu agentliyinin yaydığı xəbərə görə, Türk-Amerikan Dərnəkləri Assambleyası (ATAA), Türk-Amerikan Dərnəkləri Federasiyası (TADF), Türk-Amerikan Cəmiyyətləri Mərkəzi (TACC), Azərbaycan-Amerika Şurası (AAC) və Amerika-Azərbaycan Cəmiyyəti (ASA) sədrlərinin imzaladıqları məktubda B.Obamanın 1915-ci il hadisələrini "soyqırımı" kimi dəyərləndirilməməsindən məmnuniyyət duyulduğu vurğulanmaqla yanaşı, Azərbaycan və Anadolu torpaqlarında qətlə yetirilmiş türklər və yəhudilərin faciəsinin xatırladılmamasının məyusedici olduğu qeyd edilir.  

ABŞ Prezidentinin bəyanatında erməni terror təşkilatı ASALA-nın türklərə qarşı törətdiyi cinayətlərin də yer almadığından təəssüfləndiklərini bildirən məktub müəllifləri qeyd edirlər ki, gələcəkdə veriləcək bəyanatların bu qarşılıqlı faciənin qurbanı olmuş bütün insanlara daha həssas və ədalətli olacağına inanırıq.

 

 

Oqtay BAYRAMOV

 

Azərbaycan.- 2012.- 29 aprel.- S. 5.