Beynəlxalq Valyuta Fondu Azərbaycanda vergi islahatlarını yüksək qiymətləndirir
Vergilər Nazirliyində Beynəlxalq Valyuta Fondunun (BVF) Yaxın Şərq və Mərkəzi Asiya Ölkələri Departamentinin baş iqtisadçısı Mariya Albino-Uor ilə görüş keçirilmişdir.
Vergilər nazirinin birinci müavini Natiq Əmirov son dövrlərdə ölkəmizin vergi sistemində aparılan islahatlar və bu sahədə əldə olunan uğurlar haqqında məlumat vermiş, BVF ilə işgüzar görüşlərin keçirilməsinin əhəmiyyətindən danışmışdır.
BVF-nin nümayəndəsi Mariya Albino-Uor ölkəmizlə əməkdaşlıqdan, Azərbaycanda vergi inzibatçılığının təkmilləşdirilməsi, elektron xidmətlərin tətbiqinin genişləndirilməsi və nağdsız ödənişlərin stimullaşdırılması sahəsində əldə olunan nəticələrdən məmnunluğunu ifadə etmişdir. O, vergitutma bazasının genişləndirilməsi və qeyri-neft sektorundan vergi daxilolmalarının artırılması istiqamətində Vergilər Nazirliyinin göstərdiyi səyləri yüksək qiymətləndirmişdir.
Görüşdə Vergi Məcəlləsinə nəzərdə tutulan dəyişikliklər, 2011-ci ildə vergi gəlirlərinin icrası, 2012-2013-cü illərdə vergi daxilolmaları üzrə proqnozlar, qeyri-neft sektorundan vergilərin yığılmasının gücləndirilməsi ilə bağlı görülən tədbirlər haqqında fikir mübadiləsi aparılmışdır.
AzərTAc
Azərbaycan.- 2012.- 29 aprel.- S. 5.