“Ümummilli
lider Heydər Əliyevin xatirəsinə
həsr olunan beynəlxalq velotur
təkcə ölkə daxilində deyil,
xaricdə də böyük maraq doğurmuşdur”
Azərbaycanda idmana göstərilən dövlət qayğısı sayəsində əvvəllər durğunluq dövrünü yaşayan bir sıra idman növləri də yüksək sürətlə inkişaf etməyə başlayıb. Gələn ay ölkəmiz daha bir beynəlxalq yarışa ev sahibliyi edəcək. Velosiped idmanı üzrə təşkil olunacaq ilk peşəkar yarış Azərbaycan Velosiped İdmanı Federasiyası, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və Almaniyanın "FreundeEventlogistik" şirkətinin təşkilatçılığı ilə keçiriləcək. Ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunan bu beynəlxalq veloyürüş mayın 9-da start götürəcək və 13-də başa çatacaq. Onu da qeyd edək ki, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş velotur Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) təqvim planına daxil edilib və U-23 (19-23 yaş arası) kateqoriyasına aid UCI kontinental turudur. Bakının ev sahibliyi edəcəyi yarışda dünyanın müxtəlif ölkələrindən 23 yaşadək velosipedçilər qüvvələrini sınayacaqlar. Yarışlarda dünyanın 17 ölkəsindən 20 komanda qalib adı uğrunda mübarizə aparacaq. Əsas qrupda 4 qitə, 4 milli və 12 klub-qarışıq komanda qüvvəsini sınayacaq.
Bu beynəlxalq turnir və velosiped idman növünün Azərbaycanda inkişafı ilə bağlı Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Fazil MƏMMƏDOVdan müsahibə almışıq.
- Fazil müəllim, respublikamızda idmanın əksər növləri öz populyarlığı ilə seçilir. Bir vaxtlar velosiped idmanı da Azərbaycanda kifayət qədər populyarlıq qazanmışdı. Lakin uzun müddət bu idman növündə tənəzzül yaşandı. Sevindirici haldır ki, son vaxtlar velosiped idmanı inkişaf etdirilən növlər sırasında yer alıb. Təsadüfi deyil ki, London Yay Olimpiya Oyunlarına lisenziya qazanan idmançılarımız arasında velosipedçimiz Yelena Çalıx da var. Hazırda bu növün inkişafı və kütləviliyi istiqamətində hansı tədbirlər həyata keçirilir?
- Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bütün sahələrdə olduğu kimi, idman sahəsində də əsaslı irəliləyişlərə nail olunmuşdur. Xüsusilə cənab İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçildikdən sonra respublikamızda idman və Olimpiya hərəkatının inkişafında böyük canlanma baş vermişdir. Dövlət başçısının diqqət və qayğısı sayəsində ölkəmiz artıq bir çox beynəlxalq səviyyəli yarışların, Avropa və dünya çempionatlarının keçirildiyi məkanlardan birinə çevrilib. Hər il bədii gimnastika, taekvondo, güləş, boks, futbol və s. kimi olimpiya növlərinə daxil olan idman yarışlarının məhz Azərbaycanda keçirilməsi ölkəmizin inkişaf səviyyəsinin və qüdrətinin göstəricisidir.
Məlum olduğu kimi, Prezidentin sərəncamı ilə 2012-ci il ölkəmizdə "İdman ili" elan edilmişdir. Bu il Azərbaycanda velosiped idman növünün inkişaf etdirilməsi sahəsində də genişmiqyaslı işlərə başlanılmışdır. Bunun üçün bizdə kifayət qədər böyük potensial, əlverişli landşaft və istedadlı velosipedçilər var. Həqiqətən də keçən əsrin ikinci yarısında bu idman növü Azərbaycanda kifayət qədər inkişaf etmişdi. Bakıda o dövr üçün müasir velotrek tikilib istifadəyə verilmiş, velosipedçilərimiz Azərbaycanı bir çox yarışlarda layiqincə təmsil etmişlər.
2011-ci ildə Azərbaycan Velosiped İdmanı Federasiyasında köklü islahatlar aparılmış, ölkəmizdə bu idman növünün daha da populyarlaşması üçün ardıcıl və düşünülmüş tədbirlər həyata keçirilməyə başlanmışdır. Hazırda velosiped idmanının maddi-texniki bazasının möhkəmləndirilməsi, köhnə velotrekin təmiri və yeni möhtəşəm velotrekin tikilməsi ilə bağlı lazımi işlər aparılır. Ölkənin şəhərlərində, xüsusilə də Bakıda velosipedçilərin hərəkəti üçün lazımi şərait yaradılması məqsədilə müzakirələr keçirilir. Həmin tədbirlər çərçivəsində bu il ölkəmizdə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilən beynəlxalq velosiped turu təşkil olunacaq.
- Beynəlxalq veloyürüş ölkəmizdə ilk dəfə keçiriləcək. Turnirdə 4 qitə, 4 milli və 12 klubun qarışıq komanda halında mübarizə aparacağı bu yarışın möhtəşəmliyindən xəbər verir. Veloturla bağlı daha ətraflı nə deyə bilərdiniz?
- Azərbaycanda idmanın inkişafında misilsiz rolu olmuş ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş beynəlxalq velosiped turu Bakı şəhərində və Böyük Qafqazın dağətəyi ərazilərində keçiriləcək. Beş mərhələdən ibarət beynəlxalq yarış beş gün davam edəcək. Bu, Azərbaycanda təşkil olunacaq ilk belə genişmiqyaslı peşəkar velosiped yarışıdır. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) təqvim planına daxil edilmiş yarış Azərbaycan Velosiped İdmanı Federasiyası, Azərbaycan Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və Almaniyanın "FreundeEventlogistik" şirkətinin təşkilatçılığı ilə həyata keçiriləcək.
Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş beynəlxalq velosiped turu təkcə ölkə daxilində deyil, xaricdə də çox böyük maraq doğurmuşdur. Yarışda iştirakla bağlı təşkilatçıların ünvanına çoxlu sayda ərizə daxil olmuş və onların arasından turda iştirak etmək üçün 17 ölkəni təmsil edən 20 komanda seçilmişdir. Turnirdə 4 qitə, 4 milli və 12 klub-qarışıq komanda mübarizə aparacaq. Qitə komandalarına "Specialized Concept Store" (Almaniya), "Team Vorarlberg" (Avstriya), "Jayco AİS" (Avstraliya), "Velo Club Sovac" (Əlcəzair), milli komandalara Qazaxıstan, Moldova, Belarus və İran daxildir. Qarışıq-klub komandaları arasında isə "İSD Sport Club Ukraine" (Ukrayna), "Sumqayıt" (Azərbaycan), "ATA" idman klubu (Azərbaycan), "Tera Katyusha U-23" (Rusiya), "Samara" (Rusiya), "Moskva" (Rusiya), "RRS Riga" (Latviya), "Gediminas Gruodis" (Litva), "Rucanor-Line Cycling Team" (Niderland), "Team Hoppla" (İtaliya), "Centre Mondial de Cyclisme" (İsveçrə), "Ovyta-Eijssen-Acrog Cycling Team" (Belçika) yer almışdır.
- Veloyürüşün başlamasına çox az vaxt qalıb. Yarışa hazırlıq işləri necə gedir?
- Hazırlıq işləri yüksək səviyyədə həyata keçirilir. Yeri gəlmişkən, mən turun hazırlıq işlərinə yaxından kömək göstərən dövlət orqanlarına, qeyri-hökumət təşkilatlarına, idman ictimaiyyəti və mətbuat nümayəndələrinə, sponsorlara federasiya adından təşəkkürümü bildirirəm.
Turla bağlı geniş tədbirlər planı hazırlanmış və onlar tam həcmdə reallaşdırılır. Yarışda iştirak edəcək komanda üzvlərinin hotellərdə yerləşdirilməsi, yarış zamanı paytaxtda və regionlarda nəqliyyatın hərəkətinin tənzimlənməsi və iştirakçıların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı hazırlıq işləri tamamlanmaq üzrədir. Artıq yarışla bağlı reklam kampaniyasına da start verilib. Tur haqqında ətraflı məlumat əldə etmək üçün www.ha-tour-aze.com saytı yaradılıb. Burada turnirlə bağlı Azərbaycan və ingilis dillərində daim yenilənən press-relizlər yerləşdirilir. Yarışın nəticələri də mərhələlər üzrə saytda təqdim olunacaq.
- Velosipedçilər hansı marşrutlar üzrə hərəkət edəcəklər?
- Tur çərçivəsində velosipedçilər üçün xüsusi marşrutlar müəyyən edilmişdir. Velosiped turu may ayının 9-da Azadlıq meydanında qadınların fərdi yarışı ilə start götürəcək. Elə həmin gün saat 12.00-da meydanda yarışın rəsmi açılış mərasimi keçiriləcək. Tədbir çərçivəsində ekstrim-velosipedçilərin şousu da təşkil olunacaq. Sonra kişilər arasında, demək olar ki, eyni marşrutla velosiped turunun birinci mərhələsi "Azadlıq meydanı-Nobel prospekti-Zığ şosesi-Nobel prospekti-Azadlıq meydanı-Neftçilər prospekti-Azneft meydanı-Neftçilər prospekti-Azadlıq meydanı" marşrutu üzrə komanda yarışı təşkil olunacaq. Növbəti gün - mayın 10-da velosipedçilər ulu öndərin Heydər Əliyev Sarayının qarşısındakı abidəsini ziyarət etdikdən sonra 176 km-lik Bakı-Qobustan-Şamaxı-İsmayıllı marşrutu üzrə yola çıxacaqlar.
3-cü mərləhə mayın 11-də Qəbələdə başlayacaq. Daha sonra velosipedçilər Oğuz və Şəki istiqamətində yüksəklikləri qət edərək yenidən Qəbələyə qayıdacaqlar. Marşrutun uzunluğu 160 km-dir. 4-cü mərhələnin başlanması üçün iştirakçılar may ayının 12-də səhər İsmayıllıya gələcəklər. Sonra onlar müəyyən edilmiş marşrutla Qəbələyə gedərək burada 12 dövrə vuracaqlar. Bu mərhələdə velosipedçilər 114 km məsafə qət edəcəklər. Sonuncu mərhələnin keçirilməsi üçün velosipedçilər Bakıya qayıdacaqlar. May ayının 13-də onlar paytaxtın mərkəzi küçələri ilə hər biri 12,3 kilometr olmaqla 10 dövrə vurduqdan sonra yarışa yekun vurulacaq.
- Beynəlxalq velosiped turu Azərbaycan üçün hansı əhəmiyyətə malikdir?
- Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq velosiped turunun keçirilməsi ökəmizin idman tarixində mühüm hadisə kimi yadda qalacaq, Azərbaycanda velosiped idmanının daha da inkişaf etdirilməsi və kütləviləşdirilməsi, əhalinin, xüsusilə də gənclərin bu idman növünə olan marağının artmasına güclü təkan verəcək. Bundan əlavə, bildiyimiz kimi, Azərbaycan may ayı ərzində beynəlxalq velosiped turniri ilə yanaşı, bir sıra digər nüfuzlu və genişmiqyaslı yarışların keçirilməsinə hazırlaşır. Ölkəmiz "Avroviziya" kimi möhtəşəm musiqi yarışmasına, eləcə də güləş üzrə dünya kuboku yarışlarına və digər tədbirlərə ev sahibliyi edəcək. Bütün bunlar Azərbaycanın yüksək templə inkişaf etməkdə olan bir ölkə kimi, gücünü və qüdrətini göstərir. Azərbaycanın eyni zamanda bir neçə beynəlxalq yarışın iştirakçılarını qəbul etmək imkanlarını nümayiş etdirməsi, ölkəmizin 2020-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarına layiqincə ev sahibliyi edə biləcəyinə əyani sübutdur.
Azərbaycan.- 2012.- 28 aprel.- S. 8.