Prezident İlham Əliyev Lənkəranda
yenidən qurulan Heydər Əliyev Mərkəzi ilə
tanış olmuşdur
Lənkərana
səfəri çərçivəsində Prezident İlham
Əliyev iyulun 31-də yenidən qurulan Heydər Əliyev Mərkəzi
ilə tanış olmuşdur. Dövlətimizin
başçısına məlumat verildi ki, yenidənqurma
işlərindən əvvəl mərkəzin ümumi sahəsi
300 kvadratmetr olmuşdur. Hazırda isə binanın ümumi
sahəsi üç min kvadratmetrdir. Mərkəzin ikimərtəbəli
binasının interyeri nəfis tərtibatda işlənmişdir.
Heydər Əliyev
xatirə parkında yerləşən mərkəzin muzeyində
ulu öndərin büstü qoyulmuşdur. Muzeydə görkəmli
dövlət xadiminin həyatı və siyasi fəaliyyətinin
müxtəlif dövrlərinə aid maraqlı sənədlər
və fotolar toplanmışdır. Burada ulu öndər Heydər
Əliyevin uşaqlıq, gənclik və tələbəlik
illəri, eləcə də dövlət təhlükəsizlik
orqanlarında çalışdığı dövrlərə
aid maraqlı fotolar vardır. Bu fotolardan aydın
görünür ki, bütün həyatını
xalqının inkişafına həsr edən ümummilli
lider istər sovet hakimiyyəti, istərsə də müstəqillik
illərində Azərbaycana rəhbərliyi dövründə
ölkəmizi tərəqqi yoluna
çıxarmışdır. Ümummilli lider Heydər Əliyevin
Azərbaycana rəhbərlik etdiyi müxtəlif dövrlərdə
Lənkərana səfərləri rayonun tərəqqisi ilə
xarakterizə olunur. Bu səfərlər Lənkəranın
tarixinə yeni inkişaf mərhələsinin
başlanğıcı kimi düşmüşdür.
Mərkəzdə
dahi şəxsiyyətin ordu quruculuğuna göstərdiyi
diqqət və qayğı, eləcə də Prezident
İlham Əliyevin Lənkərana səfərlərini əks
etdirən fotolar da vardır.
Burada həmçinin
3D avadanlığı ilə təchiz edilmiş kinozal,
elektron kitabxana, internet klub, kafe, linqvistika otağı, rəsm
studiyası, fotostudiya, sərgi salonu, şahmat və
intellektual oyun otaqları, kompyuter kursları və virtual sinif
vardır. Buradakı elektron kitabxana vasitəsilə
dünyanın 45 ölkəsinin müvafiq kitabxanaları ilə
əlaqə saxlamaq mümkündür.
Binada
yaradılan tədqiqatçılar qrupunda ümummilli lider
Heydər Əliyevin 1973-1998-ci illərdə Lənkərana səfərlərinə
dair fotolar, qəzetlər, sənədlər
toplanmışdır. Həmin səfərlər zamanı ulu
öndər Heydər Əliyev ilə görüşən
insanların xatirələri və səs yazıları burada
toplanmışdır.
Mərkəzdəki
300 yerlik akt və 80 yerlik konfrans zallarında rayonun
ictimai-siyasi və mədəni həyatında, əlamətdar
günlərdə müxtəlif tədbirlərin
keçirilməsi üçün geniş şərait
yaradılmışdır. Zallar müasir akustika sistemləri
ilə təchiz olunmuşdur.
Heydər Əliyev
Mərkəzində yaradılan şəraitlə
tanış olan Prezident İlham Əliyev rayon ictimaiyyətinin
nümayəndələri ilə görüşdü.
Rayon ictimaiyyətinin nümayəndələrini
salamlayan Prezident İlham ƏLİYEV
dedi:
- Biz bu gün Heydər Əliyev Mərkəzinin
yenidənqurmadan sonra açılışını qeyd
edirik. Gözəl mərkəzdir, həm yaraşıqlı
binadır, həm də ki, mərkəzin tərtibatı
çox dəyərlidir, qiymətlidir.
Bu gün sizinlə yenidən
görüşürəm. Mən buna çox şadam. Bu, mənim
Prezident kimi Lənkərana səkkizinci səfərimdir. Səkkiz
ildə səkkizinci dəfə səfər edirəm və
çox şadam ki, Lənkəranda işlər yaxşı
gedir. Rayon inkişaf edir, şəhər gözəlləşir,
abadlaşır, gözəl binalar ucaldılır. Bu gözəl
mərkəz də həm memarlıq, həm funksional
baxımdan çox dəyərlidir, qiymətlidir, ulu öndərin
xatirəsinə ehtiramın əlamətidir.
Biz keçən
il müstəqilliyimizin bərpasının 20 illik yubileyini
qeyd edərkən, yenə də keçmişə baxarkən
bir daha görürdük ki, ulu öndərin Azərbaycan
dövlətçiliyinin formalaşmasında müstəsna
xidmətləri olmuşdur. Ən ağır dövrdə
ölkə rəhbərliyinə gəlmiş Heydər Əliyev
xalqı böyük bəlalardan qurtara, dövlətçiliyin
əsaslarını yarada bilmişdir, ölkəmizin
bugünkü reallıqlarını təmin etmişdir.
Çünki onun tərəfindən irəli
sürülmüş bütün təşəbbüslər
ölkəmizin inkişafına yönəldilmişdir.
Ölkəmiz beynəlxalq aləmdə layiqli yerini tuta
bilmişdir, daxildə proseslər müsbət istiqamətdə
getmişdir, islahatlar aparılmış, böyük nailiyyətlər
əldə edilmişdir. Biz hamımız ulu öndərin
siyasi xəttinə sadiqik, bu xətti davam etdiririk. Lənkəranda
son illər ərzində görülmüş işlər
bu siyasətin bariz nümunəsidir, onun təzahürüdür.
Mən çox
şadam ki, Lənkəranda, doğrudan da, həm şəhərdə,
həm kəndlərdə işlər yaxşı gedir, əlavə
tədbirlər də görüləcəkdir. Lənkəranın
sosial-iqtisadi inkişafı ilə bağlı yeni sərəncam
imzalanacaq və əlavə vəsait ayrılacaqdır ki,
işlər daha da sürətlə getsin. Siz yaxşı
bilirsiniz ki, son illər ərzində, bir sıra obyektlərin
istifadəyə verilməsi nəticəsində rayonda
inkişaf daha da sürətlə getmişdir.
Lənkəran
aeroportu yenidən quruldu. Bu gün mən Lənkərana təyyarə
ilə gəlmişəm və artıq beynəlxalq
uçuşlar da təşkil edilir. Əminəm ki, gələcəkdə
bu uçuşların sayı artacaqdır. Lənkəranın
çox gözəl təbiəti, çox gözəl
iqlimi, turizm imkanları vardır. Bu gün mənim səfər
proqramımda yeni hotelin təməlqoyma mərasimi də
vardır və ümid edirəm ki, gələcək illərdə
turizm daha da sürətlə inkişaf edəcəkdir.
Hazırda daxili turizm inkişaf edir. Mən
bilirəm ki, Bakıdan, Azərbaycanın digər bölgələrindən
insanlar dincəlmək üçün Lənkərana gəlirlər.
Amma istərdim ki, xaricdən də gəlsinlər, Lənkəranı
daha çox tanısınlar və burada istirahət etsinlər.
Beləliklə, turizm potensialı çox güclüdür.
Bu potensial var, sadəcə olaraq infrastruktur layihələrinin
həyata keçirilməsi nəticəsində biz bu
potensialı daha da aşmalıyıq.
Bakı-Astara magistral yolunun tikintisi gedir. Bu
yol da Lənkərandan keçəcəkdir. Ümid edirəm
ki, ən müasir standartlara cavab verən magistral yol gələn
ilin sonuna qədər istifadəyə veriləcəkdir və
beləliklə, gediş-gəliş daha da rahat olacaqdır.
Kənd yollarının tikintisinə dair sərəncamlar
verilmişdir. Keçən ay 40 min əhalisi olan 20
yaşayış məntəqəsini birləşdirən kənd
yolunun tikintisi üçün vəsait
ayrılmışdır və əminəm ki, yaxın
zamanlarda tikinti başlanacaq və yol istifadəyə veriləcəkdir.
İcra hakimiyyətinin
başçısı və deputatlar yeni məsələlər
qaldırırlar ki, əlavə kənd yollarının
tikintisinə ehtiyac vardır. Biz bu məsələyə də
baxacağıq. Mərkəzi rayon xəstəxanasının
vəziyyəti o qədər də yaxşı deyildir. Biz bu
məsələyə də baxacağıq. Bildiyiniz kimi, Lənkəranda
Müalicə-Diaqnostika Mərkəzi tikilmişdir və bu mərkəz
insanlara yaxşı xidmət göstərir. Ancaq mərkəzi
rayon xəstəxanasının təmirinə, yenidən
qurulmasına ehtiyac vardır. Əlbəttə ki, bu məsələ
də öz həllini tapacaqdır.
Qəzalı vəziyyətdə olan məktəblər
Lənkəranda da, başqa bölgələrdə də hələ
ki, vardır. Baxmayaraq ki, son illərdə 2 mindən artıq
məktəb tikilmişdir, hələ ki, qəzalı vəziyyətdə
məktəblər vardır. Biz
çalışacağıq ki, bütün qəzalı məktəbləri
gələn ilin sonuna qədər əsaslı şəkildə
bərpa edək.
Digər infrastruktur layihələri də
Lənkəranda ardıcıllıqla icra edilir. Çünki
biz birinci mərhələdə elektrik enerjisi ilə
bağlı məsələləri
həll etdik. Astarada modul tipli elektrik stansiyasının istifadəyə
verilməsi nəticəsində bütün cənub
zonasının elektriklə təchizatı böyük dərəcədə
yaxşılaşdırılmışdır. İndi demək
olar ki, problem yoxdur.
Ondan sonrakı mərhələdə
qazlaşdırma icra edilməyə başlanmışdır.
İndi bu proses geniş vüsət almışdır. Mən
qarşıya vəzifə qoymuşam ki, Lənkəranın
bütün yaşayış məntəqələri gələn
ilin sonuna qədər qazlaşdırılsın. Şəhər
qazlaşdırılıbdır, proses davam edir və bu məsələ
də öz həllini tapacaqdır.
İnsanları narahat edən digər
problem içməli su ilə bağlıdır. Amma bu problem
də artıq öz həllini tapmaqdadır. Yenə də
qarşıya vəzifə qoyulubdur ki, Lənkəran şəhərinin
su və kanalizasiya problemi gələn ilin sonuna qədər əsaslı
şəkildə həll olunsun. Ətraf kəndlər də
bu proqramla əhatə olunacaq və ondan sonrakı mərhələdə
digər kəndlərin su-kanalizasiya problemi öz həllini
tapmalıdır. Yəni, bu əsas infrastruktur layihələrinin
sadalanması göstərir ki, nə qədər böyük
işlər görülür.
Hələ mən sahibkarlığın
inkişafına verilən dəstəyi demirəm, biznes
mühitinin yaxşılaşdırılması
üçün irəli sürülən təşəbbüsləri
qeyd etmirəm. Yəni, əgər biz bunların
hamısını təhlil etsək, Lənkəran rayonunun
timsalında ölkənin dinamik inkişafını görərik.
Bu inkişaf hər yerdə, hər bir bölgədə
özünü büruzə verir. Regionların sosial-iqtisadi
inkişafı Dövlət Proqramının icrası bu
problemlərin həlli üçün əsas bir mexanizm
olmuşdur. Mən çox şadam ki, proqram uğurla icra
edilir. İkinci dövlət proqramı gələn ilin sonuna
qədər başa çatacaqdır. Ondan sonrakı dövr
üçün də planlarımız vardır. Bu barədə
mən artıq öz fikirlərimi bildirmişəm. 2014-2023-cü
illəri əhatə edəcək yeni dövlət
proqramı artıq hazırlanır.
Ancaq birinci proqramların icra edilməsi nəticəsində
əsas infrastruktur, sosial məsələlər öz həllini
tapacaqdır. Növbəti onillik proqram gələcəyə
baxışlarımızı əks etdirəcəkdir.
Çünki biz növbəti 10 il ərzində Azərbaycanı
daha da sürətlə inkişaf etdirməliyik. Ölkə
qarşısında duran əsas vəzifələr icra
edilibdir. Ancaq həyat yerində durmur, yeni vəzifələr
ortaya çıxır. Elə etməliyik ki, növbəti 10
il ərzində iqtisadi gücümüzü iki dəfə
artıra bilək. Son səkkiz il ərzində
iqtisadiyyatımız üç dəfə artıbdır.
Növbəti on il ərzində daha iki dəfə
artmalıdır. Bu proqramın reallaşdırılması nəticəsində
Azərbaycan dünya miqyasında yüksək gəlirli
ölkəyə çevriləcəkdir. Beləliklə,
insanların rifah halı daha da yaxşılaşacaq, ölkəmiz
daha da güclü olacaq, bizim dünyadakı mövqeyimiz daha
da möhkəmlənəcəkdir.
Qlobal məsələlərlə
yanaşı, yəni, həm xarici siyasətlə, həm
enerji siyasətimizlə bağlı irəli
sürülmüş təşəbbüslərin
reallaşması ilə bərabər, hər bir kəndin
problemi də həll olunur. Hesab edirəm ki, bu, dünyada nadir
bir təcrübədir. Çünki biz istənilən
istiqamət üzrə ancaq və ancaq uğurlar
qazanırıq. Biz indi dünyanın ən mötəbər
beynəlxalq təşkilatının üzvüyük. BMT Təhlükəsizlik
Şurasının 15 üzvü vardır, onlardan beşi
daimi üzvdür, 10-u seçilən üzvlərdir. Bu 10
ölkənin içərisində Azərbaycan da vardır.
155 ölkə bizə inandı, bizi dəstəklədi və
öz səsini bizə verdi.
Enerji siyasətimiz bu gün nəinki
bölgənin, qitənin enerji siyasətini müəyyən
edir. Bunu biz öz zəhmətimizlə etmişik. Gələcək
illərdə bu istiqamətdə əlavə təşəbbüslərin
irəli sürülməsi nəticəsində bizim
dünyadakı mövqeyimiz daha da güclənəcəkdir və
iqtisadi maraqlarımız daha da dolğun şəkildə təmin
ediləcəkdir. Yəni, hər bir istiqamət üzrə
konkret proqramlar vardır və addımlar atılır. Ancaq
yenə də deyirəm, bütün bu qlobal məsələlərlə
yanaşı, daxildəki vəziyyət, insanların
yaşaması, infrastruktur layihələrinin icra edilməsi, təhsil,
səhiyyə məsələlərinin həlli də
prioritetdir.
Mən bir daha demək istəyirəm ki, Lənkəranın
uğurlu inkişafı demək olar ki, ölkəmizdə gedən
bütün prosesləri özündə cəmləşdirir.
Biz növbəti illərdə daha da sürətli inkişafa
nail olmalıyıq ki, Lənkəran şəhəri də,
rayonu da gözəlləşsin, abadlaşsın, insanlar daha
da yaxşı yaşasınlar.
Bir daha sizi ürəkdən salamlayıram
və yeni uğurlar arzulayıram.
Lənkəran sakini, əməkdar müəllim
Mənsur AĞAYEV göstərdiyi
diqqət və qayğıya görə rayon ictimaiyyəti
adından dövlətimizin başçısına minnətdarlıq
edərək dedi:
- Möhtərəm cənab Prezident!
İcazə verin, Sizi Lənkəran ictimaiyyəti adından
salamlayım, şəhərimizə "Xoş gəlmisiniz!"
deyim. Ulu öndərimiz Heydər
Əliyev bütün mənalı ömrünü Azərbaycanın
inkişafına sərf etmişdir. Onun səyləri nəticəsində
Azərbaycan uğurla və yüksək sürətlə
inkişaf etmişdir. Bu gün Siz onun siyasətini uğurla
davam etdirirsiniz. Biz buna görə Sizə minnətdarıq.
Sizin uğurlu siyasətiniz də Azərbaycanın
inkişafını, onun beynəlxalq nüfuzunun
artmasını, əhalinin rifah halının
yaxşılaşmasını təmin etmişdir. Bu gün
şəhərlər böyüyür, abadlaşır və
Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələrindən
birinə çevrilir. Bütün bunlara görə biz Sizə
minnətdarıq, cənab Prezident!
Digər bölgələr kimi, cənub
bölgəsinin incisi sayılan Lənkəran da sürətlə
inkişaf edir. Lənkəran Azərbaycanın mədəni mərkəzlərindən
biri kimi tanınmışdır. Bu gün Sizin qayğı və
diqqətiniz nəticəsində Lənkəran yenə də
cənub bölgəsinin mədəniyyət mərkəzi
kimi diqqəti cəlb edir. Lənkəranda dram teatrı, musiqi
məktəbi, muzeylər fəaliyyət göstərir ki, bu
da onun zəngin mədəniyyət mərkəzi olmasından
xəbər verir.
Cənab Prezident, biz bilirik ki, Sizin əsas
məqsədiniz hər bir azərbaycanlı ailəsinin firavan
yaşamasıdır. Mən 40 ilin müəllimi, 20 ilin məktəb
rəhbəri və mübarək sərəncamınız ilə
əməkdar müəllim fəxri adına layiq görülən
bir şəxs kimi Sizin sosial sahəyə verdiyiniz önəmi
çox yaxşı başa düşürəm. Başa
düşürəm ki, Siz bütün fəaliyyətinizi bu
sahəyə yönəltmisiniz. Dünyada iqtisadi böhran
baş verən zaman, dünya ölkələrində əməkhaqlarının,
sosial müavinətlərin azaldığı bir dövrdə
Azərbaycanda əksinə, sosial müavinətlər və əməkhaqları
artırıldı. Bu, onu sübut edir ki, Sizin fəaliyyətinizin
ana xəttini Azərbaycan vətəndaşının, hər
bir azərbaycanlının rifahının yüksəlməsi
təşkil edir.
Möhtərəm cənab Prezident, Siz əhalinin
bütün zümrələrinə eyni məhəbbətlə,
eyni həssaslıqla yanaşırsınız. Sovet dönəmindən
qalan əmanətlərin əhaliyə verilməsi buna daha bir
bariz nümunədir. Azərbaycan o nadir ölkələrdəndir
ki, onlarda sosial proqramlar maliyyə böhranları nəticəsində
aradan çıxmır, əksinə, Sizin rəhbərliyiniz
altında onlar daha da artırılır və həyata
keçirilir.
Cənab Prezident, bu gün Azərbaycanın
digər şəhərləri kimi Lənkəran da
inkişaf edir. Sizin əməyiniz, zəhmətiniz nəticəsində
Lənkəran abadlaşır, gözəlləşir və
Azərbaycanın dilbər guşələrindən birinə
çevrilmişdir. Bütün bunlara görə lənkəranlılar
Sizə minnətdardırlar. Çünki onlar həmişə
Sizin qayğı və diqqətinizi öz üzərlərində
hiss edirlər.
Hörmətli cənab Prezident! İcazə
verin, lənkəranlılara bu diqqət və
qayğınıza, Lənkəranda görülən
bütün işlərə görə Sizə və eyni
zamanda, Lənkərana çox səmimi, xoş münasibət
bəsləyən Mehriban xanım Əliyevaya lənkəranlıların
minnətdarlığını və xoş arzularını
bildirim.
* * *
Prezident İlham ƏLİYEV:
- Sağ olun. Siz çox vacib məsələlərə
toxundunuz. Doğrudan da, sosial məsələlərin həlli
bizdə prioritetdir və son illərin, ayların təcrübəsi
bunu göstərir. Sosial proqramları icra etmək üçün ilk
növbədə iradə, digər tərəfdən iqtisadi
güc lazımdır. Bizdə həm iradə, həm iqtisadi
potensial vardır və bu iqtisadi gücü biz
özümüz yaratmışıq. Çünki 20 il əvvəl,
müstəqilliyimizin ilk illərində bizdə demək olar
ki, iqtisadiyyat, sənaye yox idi, sovet dövründən
qalmış müəssisələr işləmirdi, kütləvi
işsizlik və ümidsizlik hökm sürürdü. Bundan əlavə,
siyasi və hərbi böhran, torpaqlarımızın
işğalı, vətəndaş müharibəsi - demək
olar ki, biz məhvə doğru gedirdik. Ulu öndərin o vaxt
qətiyyətli addımları bizi bu bəladan qurtara bildi və
ondan sonra aparılan iqtisadi islahatlar, enerji siyasətimiz və
çəkilən neft-qaz kəmərləri bizə
böyük iqtisadi dəstək verdi.
Ondan sonra iqtisadiyyatın digər
sektorlarının inkişafı hesabına biz çoxşaxəli
iqtisadiyyata malik ola bildik. Misal üçün, bu ilin
altı ayının
yekunlarına görə qeyri-neft sektorumuz 11 faizdən
çox artmışdır. Bu, dünya miqyasında ən
yüksək göstəricidir. Yəni, bu, bizə əlavə
maddi imkanlar verdi ki, infrastruktur və sosial məsələləri
həll edək.
Bununla bərabər, güclü iradə
də vardır. Əmanətlərin qaytarılması,
böhranlı illərdə müavinətlərin,
maaşların, pensiyaların artırılması məhz bu
güclü iradəyə söykənir. Onu da qeyd etməliyəm
ki, postsovet məkanında əmanətlər ən yüksək
əmsalla və ən qısa müddət ərzində Azərbaycanda
verilir. Çünki biz bu proqramı gələn ilin sonuna qədər
yekunlaşdıracağıq. Postsovet məkanında ölkələrin
əksəriyyətində bu proses başlanılıb, amma hələ
ki, başa çatmayıbdır və nə vaxt başa
çatacağını heç kim bilmir. Amma Azərbaycanda
hər şey planlı şəkildə aparılır,
göstərişlər verilir, qərarlar qəbul olunur və
icra edilir. Bundan sonra da, sonrakı illərdə də sosial məsələlərin
həllinə daim böyük diqqət göstəriləcəkdir.
Maaşlar, pensiyalar daim artmalıdır, artacaqdır.
Ünvanlı sosial yardım proqramı, digər sosial
proqramlar aparılır. Biz bunu bundan sonra da edəcəyik.
Çünki bizim maliyyə imkanlarımız ildən-ilə
artacaqdır. O ki qaldı siyasi iradəyə, o da ildən-ilə
güclənəcəkdir.
Ona görə mən əminəm ki, Lənkəranda
hələ görüşlərimiz,
açılışlar, tədbirlər çox olacaqdır.
Bu gün hotelin, Gənclər Mərkəzinin təməl
daşı qoyulur. Bu da rəmzi xarakter daşıyır. Gənclər
bizim gələcəyimizdir. İndi Azərbaycan Gəncliyi
Dövlət Proqramı icra edilir, Gənclər Fondu
yaradılıbdır. Prezidentin Ehtiyat Fondundan Gənclər
Fonduna beş milyon manat vəsait ayrılıbdır ki, biz gəncləri
ölkə üçün lazım olan layihələrə
cəlb edək, onları stimullaşdıraq, qrantlar verilsin,
müxtəlif layihələr üzrə vəsait verilir.
Hotelin təməl daşı qoyulur, əminəm ki, bir-iki
ildən sonra gözəl turizm mərkəzinə çevriləcəkdir.
Yəni, hələ görüşlər,
işlər çox olacaqdır. Biz inamla
addımlayırıq və gələcəyimiz də
açıqdır. Əminəm ki, bizi gələcəkdə
ancaq uğurlar gözləyəcəkdir. Sizə də yeni
uğurlar arzulayıram. Sağ olun.
* * *
Sonda xatirə şəkli çəkdirildi.
AzərTAc
Azərbaycan.-
2012.- 1 avqust.- S. 1; 2.