Lənkəranda
Gənclər Mərkəzinin təməli qoyulmuşdur
Azərbaycan Respublikasının Prezident İlham Əliyev iyulun 31-də Lənkəranda Heydər Əliyev xatirə parkında inşa olunacaq Gənclər Mərkəzinin təməlqoyma mərasimində iştirak etmişdir.
Prezident İlham Əliyevə əvvəlcə Lənkəran şəhərində yeni inşa edilən yaşayış kompleksi barədə məlumat verildi. Bildirildi ki, kompleks hər biri yeddimərtəbəli 14 binadan ibarətdir. Burada 133 mənzil vardır. Onlardan beşi birotaqlı, beşi ikiotaqlı, 49-u üçotaqlı, 29-u dördotaqlı, 45-i isə beşotaqlıdır. Yaşayış sahəsi 20 min 941 kvadratmetr olan kompleks üçün ümumilikdə 2,39 hektar torpaq sahəsi ayrılmışdır.
Dövlətimizin başçısına məlumat verildi ki, yeni yaradılacaq Gənclər Mərkəzinin ümumi sahəsi bir hektar, tikintialtı sahəsi isə 850 kvadratmetr olacaqdır. Burada geniş abadlıq-quruculuq işləri görüləcəkdir. İkimərtəbəli binada gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün hər cür şərait yaradılacaqdır. Mərkəzin birinci mərtəbəsində kafe, diskoteka, tir və kino zalları fəaliyyət göstərəcəkdir. Burada həmçinin inzibati otaqlar da yaradılacaqdır. Binanın ikinci mərtəbəsində isə kompyuter və oxu zalları, yaradıcılıq studiyaları üçün otaqlar yerləşəcəkdir. Mərkəzdə müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans zalı da inşa ediləcəkdir.
Diqqətə çatdırıldı ki, bu gün gənclərimizin intellektual və yaradıcı potensialının üzə çıxarılması və ümummilli məsələlərə yönəldilməsi, xüsusilə, regionlarda yaşayan gənclərin fəallığının artırılması istiqamətində dövlətimiz tərəfindən məqsədyönlü iş aparılır. Respublikamızın bölgələrində, o cümlədən Lənkəranda yaradılacaq Gənclər Mərkəzi də bu xoşməramlı məqsədə xidmət edəcəkdir.
Gənclər Mərkəzinin təməlini qoyan Prezident İlham Əliyev metal gilizi bünövrəyə buraxdı, beton qarışığı tökən qurğunun düyməsini basdı.
Dövlət başçısı görüləcək işlərlə bağlı tapşırıq və tövsiyələrini verdi.
AzərTAc
Azərbaycan.- 2012.- 1 avqust.- S. 2.