Lənkəranda hotel kompleksinin təməlqoyma
mərasimi olmuşdur
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 31-də ölkəmizin cənub bölgəsinə səfəri çərçivəsində Lənkəran şəhərindəki Heydər Əliyev prospektində inşa olunacaq hotel kompleksinin təməlinin qoyulması mərasimində iştirak etmişdir.
Dövlət başçısı hotel kompleksinin baş planını əks etdirən stendlərə baxdı.
Məlumat verildi ki, hotel kompleksi şəhərin şimal hissəsində 4,7 hektar ərazidə tikiləcəkdir. Hotelin 114 nömrədən ibarət yeddimərtəbəli binasının sahəsi 20 min kvadratmetr olacaqdır. Burada eyni vaxtda 244 qonağa xidmət göstəriləcəkdir. Bundan əlavə, beşi VİP olmaqla 22 kottec inşa ediləcəkdir. Ərazidə uşaq əyləncə kompleksi, 80 və 300 yerlik restoranlar, 300 yerlik konfrans zalı fəaliyyət göstərəcəkdir. Həmçinin kompleksdə kafe və restoran, idman zalları, fitnes mərkəzi, boulinq zalı, sahəsi 1400 kvadratmetrlik hovuz, idman meydançaları və sair yaradılacaqdır.
Kompleksin təməlini qoyan dövlət başçısı metal gilizi bünövrəyə buraxdı, beton qarışığı tökən qurğunun düyməsini basdı.
Prezident İlham Əliyev inşaat işlərinin vaxtında və keyfiyyətlə görülməsi barədə tapşırıq və tövsiyələrini verdi.
AzərTAc
Azərbaycan.- 2012.- 1 avqust.- S. 3.