Lənkəranda Bayraq Meydanı ilə tanışlıq
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 31-də Lənkərandakı Bayraq Meydanında yaradılan şəraitlə tanış olmuşdur.
Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, ölkəmizdə dövlət atributlarına hörmət və ehtiram ən yüksək səviyyədədir. Paytaxt Bakı ilə yanaşı, ölkəmizin bir çox bölgələrində yaradılan bayraq meydanları dövlət atributlarımıza olan sevgi və hörmətin göstəricisidir. Lənkərandakı Bayraq Meydanı da bu baxımdan mühüm əhəmiyyət kəsb edir.
Qeyd olundu ki, Bayraq Meydanının inşasına bu ilin mayında başlanılmışdır. Meydan şəhərin giriş hissəsində, Heydər Əliyev prospektində yerləşir. Bayraq dirəyinin hündürlüyü 70, bayrağın uzunluğu 20, eni isə 10 metrdir. Təbii mərmərlə üzlənmiş postamentin üzərində Azərbaycanın dövlət himni və gerbi əks olunmuşdur. Burada həmçinin Azərbaycanın dövlət bayrağı, himni, gerbi, 1843-cü il mayın 2-də təsdiq edilmiş Lənkəran şəhərinin gerbi barədə məlumatların əks olunduğu guşələr yaradılmışdır. Bundan başqa, burada Azərbaycan Prezidenti İlham Əliyevin dövlət bayrağına ehtiramını əks etdirən ayrıca guşə də fəaliyyət göstərir.
Bildirildi ki, Bayraq Meydanının ərazisində geniş abadlıq işləri aparılmış, yaşıllıq zolağı salınmışdır. Mərmər plitələr və tamet üzlüklər döşənmiş meydanda müasir işıqlandırma sistemi quraşdırılmışdır.
Sonra Azərbaycan Prezidenti Lənkəran şəhərinin inkişafına dair yeni layihələrlə bağlı stendlərə baxdı.
Dövlətimizin başçısı Bayraq Meydanında görülmüş işləri yüksək qiymətləndirdi, tapşırıq və tövsiyələrini verdi.
* * *
İyulun 31-də Prezident İlham Əliyev Lənkərana səfərini başa çatdıraraq Cəlilabad rayonuna gəlmiş, bir sıra obyektlərin açılışında iştirak etmişdir.
(Dövlətimizin başçısının Cəlilabada səfəri barədə hesabat qəzetin növbəti nömrəsində dərc olunacaqdır).
AzərTAc
Azərbaycan.- 2012.- 1 avqust.- S. 3.