Daxili investisiyaların artması iqtisadi inkişafın dinamikasını qoruyub saxlayır

 

Cari ilin yanvar-iyul aylarında ölkənin iqtisadisosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 7126 milyon manat vəsait qoyulmuşdur. Bu vəsaitin 59,6 faizindən tikinti-quraşdırma işlərinin yerinə yetirilməsində istifadə olunmuşdur.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin həcmi 27,2, tikinti-quraşdırma işlərinin həcmi isə 26,9 faiz artmışdır. Dövlət mülkiyyətli müəssisə və təşkilatlar əsas kapitala daha çox vəsait sərf etmişdir. Qoyulan kapitaldan əsasən istehsal təyinatlı obyektlərin inşasında istifadə olunmuşdur.

Dövlət Statistika Komitəsinin məlumatına görə, əsas kapitala yönəldilmiş vəsaitin 78,8 faizini daxili, 21,2 faizini isə xarici mənbələrdən yönəldilmiş sərmayələr təşkil etmişdir. Bunun da 73,7 faizi dövlət mülkiyyətində olan müəssisə və təşkilatların, qalanı qeyri-dövlət mülkiyyətinə məxsus müəssisələrin payına düşmüşdür. Statistik rəqəmlərdən göründüyü kimi, əsas kapitala yönələn investisiyada daxili sərmayənin payı daha çoxdur. Bu onu göstərir ki, dövlət ölkədə iqtisadi inkişafın dinamikasını qoruyub saxlamaq üçün kapital qoyuluşunda yaxından iştirak edir.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bu məsələyə toxunaraq demişdir: "Birinci üç ayda investisiyalar 4,3 milyard dollar təşkil etmişdir. Hələ ki altı ayın investisiya rəqəmləri hesablanır və bu da müsbət göstəricidir. Keçən illə müqayisədə ölkə iqtisadiyyatına qoyulan investisiyalar 30 faiz artmışdır. Əgər biz ilin sonuna qədər bu templə işləsək və mən hesab edirəm ki, temp daha da yüksək olmalıdır, - təqribən 18, bəlkə də 19 milyard dollar investisiyaya çatdıracağıq. Bu da əhlisi o qədər də çox olmayan Azərbaycan kimi ölkə üçün böyük rəqəmdir. Nəzərə alsaq ki, hər il 10 milyard dollardan az olmayaraq investisiyalar qoyulub, növbəti illərdə ölkə qarşısında duran bütün infrastruktursosial məsələlər öz həllini tapacaqdır".

Ötən yeddi ay ərzində dövlət büdcəsində inşaat işləri üçün nəzərdə tutulmuş vəsaitin 3046,7 milyon manatından istifadə edilmişdir. Bu dövrdə əsas kapitala yönəldilmiş sərmayənin ümumi həcmində müəssisə və təşkilatların vəsaitləri ümumi vəsaitin 43,8, bank kreditləri 4,5, büdcə vəsaitləri 44,5, büdcədənkənar fondların vəsaitləri 4,3, əhalinin şəxsi vəsaitləri 2,5 və s. vəsaitlər isə 0,4 faiz təşkil etmişdir.

Cari ilin yanvar-iyul aylarında əsas kapitala yönəldilmiş vəsaitin çox hissəsi sənaye sahələrinin inkişafına, nəqliyyat və anbar təsərrüfatına, daşınmaz əmlakla əlaqədar əməliyyatlara, kənd təsərrüfatına, informasiya və rabitəyə, tikintiyə, səhiyyəyə və s. sahələrə yönəldilmişdir.

Dövlət qeyri-neft sektorunun inkişafına xüsusi önəm verir. Bu məqsədlə daxili investisiyaların çox hissəsi qeyri-neft sektorunu əhatə edən sənaye sahələrinin inkişafına yönəldilir. Bunu statistik rəqəmlər də sübut edir. Belə ki, yanvar-iyul ayları arasında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 27,6 faizi neft bölməsinin, 72,4 faizi qeyri-neft bölməsinin, o cümlədən 10,7 faizi qeyri-neft sənaye bölməsinin inkişafında istifadə edilmişdir.

İlin əvvəlindən Bakı şəhərində Metal Konstruksiyalar Zavodu, "Baku Crystal Hall" İdman-Konsert Kompleksi, Heydər Əliyev Mərkəzi, "Qafqaz Baku City Hotel and Rezidences" və "JW Marriott Absheron" otelləri, Zirə İdman Kompleksi, "Xəzri" İstirahət və Sağlamlıq Mərkəzi, İstixana Kompleksi, Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişməsindəki yol qovşağının üçüncü kompleksi istifadəyə verilmişdir. Bunların sırasında  Naxçıvan şəhərində poliklinika və Naxçıvan-Culfa magistral avtomobil yolu, Sumqayıt şəhərində "Azgüntex" zavodu, Sumqayıt Texnologiyalar Parkında ağır maşınqayırma və dəqiq emal mərkəzləri zavodları, Astara rayonunda Olimpiya İdman Kompleksi, Kijəbə-Ojakəran və Kijəbə-Qəcimardə avtomobil yolu, Balakən rayonunda Mazımçay üzərində yeni körpü istifadəyə verilmişdir. Yeni istifadəyə verilmiş obyektlər sırasında  Cəlilabad rayonunda un fabriki nəzdində un dəyirmanı və taxıl anbarı kompleksi, Olimpiya İdman Kompleksi, Gədəbəy rayonunda Gədəbəy-Qızıltorpaq-Qonaqlı avtomobil yolunda yeni körpü, Goranboy rayonunda Şahmat Məktəbi, Qazax rayonunda Konserv ZavoduŞahmat Mərkəzi, Quba rayonunda Qaraçay üzərində körpü, Qusar rayonunda Mərkəzi Xəstəxana və Şahmat Mərkəzi, Masallı rayonunda Soyuducu anbarİstixana kompleksləri, Siyəzən rayonu ərazisində Bakı-Quba yolunda yeni körpü, Tovuz rayonunda "Ayan Palace" oteli və digər obyektlər də var. Bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 922 min kvadratmetr olan yeni yaşayış evləri, 15 çarpayılıq xəstəxana, növbədə 666 nəfəri qəbul edən ambulatoriya-poliklinika müəssisəsi, 360 şagird yerlik ümumtəhsil məktəbi, 280 yerlik məktəbəqədər təhsil müəssisəsi, 140 yerlik klub istifadəyə verilmişdir.

Ölkəmizdə olan münbit investisiya şəraiti həmişə xarici investorların diqqətini özünə cəlb edib. Elə buna görə də xarici investorların Azərbaycana yatırdığı sərmayə ildən-ilə artır. Cari ilin yanvar-iyul aylarında xarici mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin həcmi 1513,8 milyon manat təşkil etmiş, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,4 faiz çoxdur. Xarici ölkə və beynəlxalq təşkilatlar tərəfindən bu dövrdə əsas kapitala yönəldilmiş xarici vəsaitin 92,4 faizi Böyük Britaniya, ABŞ, Yaponiya, Norveç, Türkiyə, Çexiya Respublikası və Fransa investorlarına məxsus olmuşdur.

Mərkəzi Bankın təqdim etdiyi məlumata görə, cari il iyul ayının 1-i vəziyyətinə ölkənin bank-kredit təşkilatları tərəfindən iqtisadiyyatın inkişafına 10,8 milyard manat həcmində kredit vəsaitləri yönəldilmişdir. Kredit qoyuluşlarının 34,1 faizi dövlət, 63,3 faizi özəl banklar, 2,6 faizi isə bank olmayan kredit təşkilatları tərəfindən həyata keçirilmişdir.

Cari ilin birinci yarısında inşaat bölməsində çalışmış 85,6 min nəfərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 8 faiz artaraq 553,1 manat təşkil etmişdir. İriorta tikinti müsəsisələrində işləyənlərin orta aylıq nominal əməkhaqqı daha çox - 581 manat olmuş, mülki təyinatlı inşaat işlərində işləyən işçilərin 17,8 və ixtisaslaşdırılmış tikinti işlərində çalışanların əməkhaqları 15,8 faiz artmışdır.

 

 

Rüstəm KAMAL

 

Azərbaycan.- 2012.- 25 avqust.- S. 1.