İran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, Ermənistanı isə təcavüzkar ölkə kimi qəbul edir

 

Avqustun 24-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İranın xarici işlər nazirinin müavini Seyid Abbas Ərəqçinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə iki ölkə arasındakı münasibətlər, regionda cərəyan edən proseslər, Qoşulmama Hərəkatının Tehranda keçiriləcək zirvə görüşü ilə bağlı məsələlər müzakirə olunmuşdur.

Nazir Elmar Məmmədyarov Azərbaycan ilə İran arasındakı münasibətlərin inkişafının vacibliyini vurğulamış və bu münasibətlərin regiondakı ümumi vəziyyətə təsir etdiyini bildirmişdir. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının regiona olduqca mənfi təsir etdiyini söyləyən Elmar Məmmədyarov bildirmişdir ki, beynəlxalq ictimaiyyət rəsmi Yerevana təcavüzkar siyasətindən əl çəkməsi üçün təzyiq göstərməlidir. Elmar Məmmədyarov bildirmişdir ki, bütün ölkələr, o cümlədən Ermənistan BMT-yə və onun qərarlarına hörmətlə yanaşmalıdır.  

Elmar Məmmədyarov İranda həbs olunmuş azərbaycanlı şairlərlə bağlı məsələyə xüsusi diqqət yetirmişdir. Nazir bu məsələnin Azərbaycan xalqı və dövlətinin çox ciddi narahatlığına səbəb olduğunu qeyd etmişdir. O, məsələnin qısa müddət ərzində müsbət həllini tapacağına ümidvar olduğunu bildirmişdir.

İranın xarici işlər nazirinin müavini Seyid Abbas Ərəqçi ölkəsinin Azərbaycan ilə münasibətlərə böyük önəm verdiyini söyləmiş və rəsmi Tehranın Azərbaycanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşdığını bildirmişdir.

 

* * *

 

Həmin gün Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov da iranlı həmkarı Seyid Abbas Ərəqçinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. 

Görüşdə Azərbaycan və İran arasındakı ikitərəfli əlaqələrin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. Xələf Xələfov Seyid Abbas Ərəqçinin Azərbaycana səfərindən öncə ölkəsində İran-Azərbaycan münasibətlərinə dair verdiyi müsahibənin təqdirəlayiq olduğunu qeyd etmişdir. O, Azərbaycan və İran arasındakı əlaqələrin inkişafına töhfə verəcək konkret addımların atılmasının da vacibliyini vurğulamışdır.

Xələf Xələfov Azərbaycan-İran münasibətlərinin regiondakı ümumi vəziyyətə təsir etdiyini diqqətə çatdırmışdır. O, iki qonşu ölkə arasındakı münasibətlərdə qarşılıqlı hörmət və ehtiram, daxili işlərə qarışmamaq, eyni zamanda, suverenliyin və ərazi bütövlüyünün dəstəklənməsi prinsiplərinin fundamental olduğunu bildirmişbu strateji kursun əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu söyləmişdir.

Xələf Xələfov bildirmişdir ki, Ermənistanın bütün regional layihələrdən kənarda qalmasının səbəbi bu ölkənin yürütdüyü işğalçı siyasətdir və bu siyasət regionun inkişafına başlıca maneədir.

Azərbaycan xarici işlər nazirinin müavini İranda baş vermiş təbii fəlakətə görə xalqımızın kədərləndiyini söyləmişdir.

Seyid Abbas Ərəqçi ölkəmizə səfərindən məmnunluğunu bildirmiş, İranda baş vermiş zəlzələ ilə bağlı Azərbaycanın göndərdiyi yardıma görə minnətdarlıq etmişdir. 

Seyid Abbas Ərəqçi İranın Azərbaycan ilə münasibətlərinin inkişaf etdirilməsində maraqlı olduğunu söyləmiş və rəsmi Tehranın ölkəmizin ərazi bütövlüyünü dəstəklədiyini, Ermənistanı isə təcavüzkar ölkə kimi qəbul etdiyini bildirmişdir.

 

 

Azərbaycan.- 2012.- 25 avqust.- S. 2.