Azərbaycan həqiqətləri
dünyaya çatdırılır
Heydər Əliyev Fondunun
bu sahədə fəaliyyəti digər
qeyri-hökumət təşkilatları üçün
örnəkdir
Cənubi Qafqaz regionunda liderliyini təmin edən Azərbaycan son illər təkcə sosial-iqtisadi sahədə deyil, xarici siyasət sferasında da mühüm uğurlara imza atıb. Bir vaxtlar dünya xəritəsində tanınmayan, bədnam erməni lobbisinin təsiri ilə müxtəlif təzyiqlərə, təhdidlərə, ədalətsizliklərə məruz qalan, informasiya blokadası şəraitində haqlı mövqeyini dünyaya çatdıra bilməyən respublikamız bu gün tamamilə fərqli statusda çıxış edir. Yeni dünya nizamının gerçəkliklərinə cavab verən daxili və xarici siyasət yeridən, milli maraqlarını qətiyyətlə müdafiə edən, Avropanın enerji təhlükəsizliyində söz sahibinə çevrilən Azərbaycan diplomatik fəaliyyət sferasında artıq müdafiə deyil, hücum taktikasından çıxış edir.
Bu gün beynəlxalq birlik respublikamızı regionda sülhü, inkişafı, tərəqqini, səmərəli əməkdaşlıq təşəbbüslərini dəstəkləyən dövlət kimi tanıyır. Azərbaycan yürütdüyü uğurlu diplomatiya sayəsində bədnam erməni lobbisinin məkr və iftira üzərində qurulmuş qərəzli təbliğat siyasətini darmadağın edir. Ölkə rəhbərliyinin "hücum diplomatiyası" sayəsində ermənilərin münaqişə ilə bağlı gerçəklikləri təhrif etmək, dünyanı çaşdırmaq cəhdləri də puça çıxır. Ermənistan bu gün dünyada işğalçılıq siyasəti yürüdərək özünü qlobal iqtisadi layihələrdən təcrid edən, bütövlükdə Cənubi Qafqaz regionunun iqtisadi inkişafını ləngidən dövlət kimi tanınır. Təcavüzkar dövlət regionda başqa dövlətin "for-postu" kimi çıxış edir və sülh danışıqlarını süni şəkildə uzatmaqla vaxt udmağa çalışır.
Dövlət başçısı İlham Əliyev 2011-ci ilin aprel ayında AMEA-da alimlər qarşısındakı dərinməzmunlu nitqində elm xadimlərini, ümumilikdə cəmiyyətin ayrı-ayrı fəal zümrələrini informasiya savaşında fəal olmağa çağıraraq demişdir: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mövcudluğu bizə diktə edir ki, bu sahəyə daha da böyük diqqət göstərək. Çünki bu bölgənin tarixi ermənilər tərəfindən daim saxtalaşdırılır, daim təhrif olunur".
Son illər Azərbaycanın xaricdəki diasporu, səfirlikləri ilə yanaşı, ayrı-ayrı ictimai qurumların - dərnəklərin, qeyri-hökumət təşkilatlarının, cəmiyyətlərin də bu prosesdə iştirakının intensiv xarakter alması isə çox sevindiricidir. İctimai statusda fəaliyyət göstərməsinə baxmayaraq, milli mənafelərə xidmət edən strateji əhəmiyyətli layihələri uğurla reallaşdıran, cəmiyyətin ciddi rəğbətini və dəstəyini qazanan Heydər Əliyev Fondunun Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, ölkəmizin milli-mənəvi irsinin dünya miqyasında tanıdılması istiqamətindəki ardıcıl və sistemli fəaliyyəti bu baxımdan xüsusi vurğulanmalıdır.
Ümumilikdə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın üzərinə götürdüyü məsuliyyətli missiya çoxşaxəli olması ilə diqqəti çəkir. Heydər Əliyev Fondunun prezidenti çoxşaxəli fəaliyyəti ilə həm də sosial ədalət, humanizm, xeyirxahlıq, insanpərvərlik kimi dəyərlərin Azərbaycan ictimai rəyində möhkəmlənməsinə çalışır. Konkret layihələrin reallaşdırılması hesabına nəcib məqsədlərin vacibliyi ictimai fikrə çatdırılır, ölkədə tarixi ənənələri olan xeyriyyəçilik təşviq olunur. Fondun prezidenti həyata keçirilən nəcib və insanpərvər missiya ilə bağlı deyir: "Xeyriyyəçilik, insansevərlik, mərhəmət Azərbaycan xalqının mentalitetinə, mədəniyyətinə, əsrlər boyu formalaşan ənənələrinə xas ən gözəl keyfiyyətlərdən biridir və bu gün biz Heydər Əliyev Fondu olaraq, bu ənənələri davam etdirməyə çalışırıq".
Fond Heydər Əliyev irsinin öyrənilməsi və təbliği ilə yanaşı, təhsil, elm, səhiyyə, idman, ekologiya və digər sahələrə aid proqram və layihələrin hazırlanaraq həyata keçirilməsini qarşıya məqsəd qoyub. Xüsusən də təhsil, səhiyyə və mədəniyyət layihələri Azərbaycanda ictimai təşkilatın hökumətin siyasətinə real dəstəyi anlamında fərqli bir ənənə formalaşdırıb. Təşkilatın mədəniyyət sahəsindəki layihələri də rəngarəngliyi ilə diqqəti çəkir. Ötən 8 ildə UNESCO səviyyəsində Azərbaycanın görkəmli alimlərinin, yazıçı və bəstəkarlarının yubileylərinin keçirilməsi, "Kitabi-Dədə Qorqud" dastanının 1300 illiyinin beynəlxalq miqyasda qeyd olunması, habelə İçərişəhərin Şirvanşahlar Saray Kompleksinin, Qobustan Qoruq Muzeyinin və "Atəşgah"ın UNESCO-nun "Dünya irs siyahısı"na daxil edilməsi xanım Mehriban Əliyevanın Azərbaycanın milli mədəniyyətinin dünya miqyasında təbliği sahəsindəki fəaliyyətinin çox az qismidir. Azərbaycanın milli müsiqisi olan muğamın UNESCO-nun bəşəriyyətin qeyri-maddi irsinin şah əsərləri siyahısına daxil olunması da bu fəaliyyətin nəticəsidir. Bakı şəhərində müasir üslubda Beynəlxalq Muğam Mərkəzinin tikilib istifadəyə verilməsi də fondun qlobal layihələri sırasında mühüm yer tutur.
Azərbaycan musiqisinin dünyada təbliği məqsədilə 2009-2012-ci illərdə Qəbələ rayonunda fondun təşkil etdiyi beynəlxalq musiqi festivallarında Qərbin görkəmli musiqiçiləri də fəal iştirak ediblər. "Evrovizion-2012" musiqi yarışması isə ümumən Avropada Azərbaycanın zəngin mədəniyyəti, musiqisi, incəsənəti barədə kifayət qədər dolğun təəssürat formalaşdırıb.
Heydər Əliyev Fondu Azərbaycanı həm də beynəlxalq tədbirlərin təşkilatçısına çevirib. Fondun bilavasitə təşəbbüsü və təşkilatçılığı ilə Beynəlxalq Millətlər Təşkilatının, İslam Konfransı Təşkilatının və digər nüfuzlu qurumların dünyada savadsızlığın aradan qaldırılmasına, gender bərabərliyinə, milli-mədəni müxtəlifliyin, habelə uşaq hüquqlarının qorunmasına, sivilizasiyalararası dialoqun genişləndirilməsinə, etnik, dini, irqi ayrı-seçkiliyin aradan qaldırılmasına həsr olunmuş bir sıra tədbirlərinə məhz Bakı şəhəri ev sahibliyi edib. Fondun prezidentinin İSESCO və UNESCO-nun xoşməramlı səfiri kimi həyata keçirdiyi mədəni tədbirlər sivilizasiyaların dialoquna, insanlar arasında sülh və barışa, həmrəyliyə, sivil birgəyaşayış məqsədinə xidmət edir. Bu tədbirlər həm də Şərq və Qərb mədəni dəyərləri arasında körpü rolunu oynamaqla, fərqli mədəniyyətlər arasında ortaq təmas nöqtələrinin tapılmasına yönəlib. UNESCO-nun sabiq baş direktoru Koişirio Matsuuranın dediyi kimi, "Azərbaycanın birinci xanımı UNESCO-nun xoşməramlı səfiri kimi təkcə öz ölkəsinin deyil, dünyanın qlobal problemlərinin həllində yaxından iştirak edir".
"Bu gün bütün dünyanın qarşılaşdığı ən ağrılı problemlərdən biri mənəvi idealların ucuzlaşması, onların saxta ideallarla əvəz edilməsidir", - deyən Azərbaycanın birinci xanımı müasir dünyanın innovasion yenilikləri fonunda insanların bir-birindən mənəvi baxımdan uzaqlaşmasını, sosial şəbəkələrdə virtual ünsiyyətin genişlənməsi fonunda gerçək həyatda altruizmin, biganəliyin artmasını haqlı olaraq bəşəri problem kimi səciyyələndirir.
Heydər Əliyev Fondunun son 8 ildə milli həqiqətlərin, ilk növbədə, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasət digər qeyri-hökumət təşkilatları üçün də örnək sayıla bilər. Fond Dağlıq Qarabağ münaqişəsində xalqın üzləşdiyi faciələri əyani şəkildə göstərən filmlərin, fotosənədlərin, kitabların, digər kütləvi nəşrlərin çapını və bütün dünyada yayılmasını təmin edir. Bu məqsədlə müxtəlif internet saytları yaradılır, müxtəlif xarici kütləvi informasiya vasitələrinin imkanlarından geniş istifadə olunur. Fond Xocalı soyqırımının 15-ci ildönümü ilə 2007-ci il fevralın 19-dan 26-dək Türkiyənin İstanbul şəhərində və daha 25 vilayətində "Xocalı həftəsi"ni keçirmişdir. Tədbirlər proqramı çərçivəsində İstanbulun mərkəzi meydanı Taksimdə bir sıra anım mərasimləri təşkil olunmuşdur. Xocalı faciəsinin beynəlxalq miqyasda tanıdılması baxımından 2008-ci il fevralın 14-də Berlində keçirilmiş "Xocalı soyqırımı və 1915-ci il hadisələrindəki gerçəkliklər" adlı elmi konfrans da son dərəcə əhəmiyyətli olmuşdur. Konfransda Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanmış "Xocalı uşaqların gözü ilə" sərgisi nümayiş etdirilmiş, erməni qəddarlığını əks etdirən kitablar paylanmışdır.
Fondun Moskva nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın İslam Konfransı Təşkilatının Gənclər Təşkilatı ilə əməkdaşlıq çərçivəsində "Xocalıya ədalət!" kampaniyasına start verməsi də bəşər tarixində ən dəhşətli cinayətlərdən olan Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması məqsədi daşıyır. Bu kampaniya İKT Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın 2008-ci il mayın 8-də irəli sürdüyü təşəbbüs əsasında həyata keçirilir. Tunisdə İSESCO-nun Baş Assambleyasının 10-cu sessiyasında imzalanmış protokol "Xocalıya ədalət!" Beynəlxalq Məlumat Təşviqat kampaniyasına dəstək verilməsini və dünya miqyasında təhsil, elm və mədəniyyət sahələrində birgə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Aksiyanın əsas məqsədi - beynəlxalq birliyi Xocalı faciəsi haqda ədalətli məlumatlandırmaqdır. Bu məqsədlə dünyanın bir çox ölkələrində "Xocalıya Ədalət!" veb-saytının təqdimetmə mərasimləri keçirilmişdir.
İslam Konfransı Təşkilatına üzv ölkələr fondun Rusiya nümayəndəliyinin təşəbbüsünü dəstəkləyərək 26 fevral - Xocalı soyqırımı gününun "Humanitar fəlakətlər qurbanlarının xatirəsini anma günü" kimi qeyd olunması barədə qərar qəbul etmişlər. 2009-cu ildən 26 fevral tarixi islam ölkələrində humanitar fəlakətlər qurbanlarının xatirəsini anma günü kimi geniş miqyasda qeyd olunur.
Fondun təşəbbüslərinə fəal dəstək verən Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) hər il Xocalı soyqırımı ərəfəsində Avropanın müxtəlif şəhərlərində etiraz aksiyaları təşkil edir. Artıq bir neçə ildir ki, ATXƏM "Xocalıya ədalət!" layihəsi çərçivəsində Avropanın siyasi mərkəzlərindən biri olan Fransanın Strasburq şəhərində Azərbaycan və türk diaspor təşkilatlarının birgə iştirakı ilə yürüş-mitinqlər təşkil edir, Xocalı faciəsinin geniş Avropa cəmiyyətinə çatdırılması üçün müxtəlif silsilə tədbirlər keçirir. Bu tədbirlərdə Heydər Əliyev Fondunun müxtəlif dillərdə hazırlayıb nəşr etdirdiyi təbliğat materialları erməni yalanlarının ifşa olunmasında olduqca əvəzsiz bir vasitə olur.
Ümumiyyətlə, Heydər Əliyev Fondunun ölkə həqiqətlərinin dünya miqyasında yayılması, Azərbaycanın ermənilər tərəfindən üzləşdiyi təcavüzkarlıq siyasətinin ifşası istiqamətində məqsədyönlü və ardıcıl iş apardığını bir daha təsdiqləyir. Fondun bu istiqamətdəki fəaliyyəti, əslində, ölkədəki digər qeyri-hökumət təşkilatları üçün də nümunəvi örnəkdir. İnanırıq ki, həqiqi vətənpərvərliyə və humanizmə əsaslanan bu missiya qarşıdakı illərdə də layiqincə davam etdiriləcək, Azərbaycanın üzləşdiyi ədalətsizliklərin aradan qaldırılması prosesinə sanballı töhfə olacaqdır.
İlham İSMAYILOV,
Azərbaycanlıların və digər
Türkdilli Xalqların Əməkdaşlıq
Mərkəzinin sədri
Azərbaycan.- 2012.- 25 avqust.- S. 3.