Pakistanın nüfuzlu Daily Times qəzetində Mehriban Əliyeva - humanizm rəmzi sərlövhəli məqalə dərc olunmuşdur

 

Pakistanda çıxan və bu ölkə ilə yanaşı, Böyük Britaniyada, Birləşmiş Ərəb Əmirliklərində milyonlarla oxucusu olan nüfuzlu ingilisdilli "Daily Times" qəzetində nəşrin İslamabad bürosunun baş redaktoru xanım Dure Nəcəfin "Mehriban Əliyeva - humanizm rəmzi" sərlövhəli məqaləsi dərc edilmişdir.

Azərbaycanın Pakistandakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, "Mehriban Əliyeva - cəmiyyətin həyatında müsbət dəyişikliklər etməyi bacaran, mühüm əhəmiyyət kəsb edən məsələlərə dair prinsipial mövqe tutan xanımdır" sözləri ilə başlayan məqalədə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı,  UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın tanınmış ziyalı ailədə dünyaya göz açdığı vurğulanmışdır.

Yazıda bildirilir ki, Azərbaycanın birinci xanımı 2004-cü il mayın 10-da ümummilli lider Heydər Əliyevin adını daşıyan fondun prezidenti vəzifəsinə təyin edilmişdir. Heydər Əliyev Fondunun genişmiqyaslı fəaliyyətini vurğulayan jurnalist qeyd etmişdir ki, fondun təşəbbüsü ilə Azərbaycanda məktəblər, xəstəxanalar, Talassemiya Mərkəzi, konsert zalları, musiqi liseyləri tikilmişdir.

Məqalədə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə uşaqlar və ahıllar evlərinə maddi və mənəvi yardımların edildiyi, şikəst uşaqların cəmiyyətə inteqrasiyası üçün yay düşərgələrinin təşkil olunduğu, insulinin pulsuz paylandığı və qanvermə aksiyalarının keçirildiyi qeyd olunmuşdur.

Yazıda mədəniyyətin təbliğinin fondun prioritet istiqamətlərindən biri olduğu qeyd edilmiş, bu sahədə görülmüş işlər, keçirilmiş beynəlxalq müsabiqələr və konsertlər, Niaqarada Azərbaycan Muğamı Günləri, Qəbələ festivalı haqqında ətraflı söhbət açılmışdır.

Azərbaycanı tolerantlıq nümunəsi adlandıran müəllif fond tərəfindən dinlərarası dialoqun inkişaf etdirilməsi istiqamətində atılmış addımlardan da yazmışdır. Vurğulanmışdır ki, Heydər Əliyev Fondu Azərbaycanda bir sıra dini məbədlərin, ziyarətgahların, məscidlərin, kilsələrin yenidən qurulmasının təşəbbüskarı olmuşdur.

D.Nəcəf dünya irsinin qorunub saxlanılması yolunda Mehriban xanım Əliyeva tərəfindən görülmüş işlər barədə də ətraflı məlumat  vermişdir. Müəllif Strasburq kafedral kilsəsinin, Luvr muzeyinin, Versal sarayının  təmirinin də bu sıradan olan işlərdən olduğunu vurğulamışdır.

Məqalədə Azərbaycanın birinci xanımının, eyni zamanda, ölkənin Gimnastika Federasiyasının prezidenti olduğu, 2003-cü, 2004-cü və 2005-ci illərdə gimnastika üzrə dünya yarışmalarının Bakıda keçirildiyi qeyd edilmişdir. Jurnalist Mehriban xanım Əliyevanın idmana qayğısını xüsusi vurğulamışdır.

Jurnalist Mehriban xanım Əliyevanın Avropanın ən mötəbər mahnı müsabiqəsi olan "Eurovision-2012"nin hazırlıq işlərinə rəhbərlik etdiyini qeyd etmişdir. Bildirmişdir ki, bu münasibətlə Azərbaycanın paytaxtında qısa bir zamanda Xəzər dənizi sahilində 23 min nəfərlik möhtəşəm "Crystal Hall" konsert arenası inşa edilmiş, yeni mehmanxanalar tikilmiş, şəhərin infrastrukturu əsaslı surətdə yenilənmiş və digər zəruri tədbirlər həyata keçirilmişdir.

 Məqalədə Mehriban xanım Əliyevanın Azərbaycanın folklor ədəbiyyatı və musiqi irsinin inkişafına görə UNESCO-nun, həyatın müxtəlif sahələrində genişmiqyaslı fəaliyyətinə görə isə İSESCO-nun xoşməramlı səfiri titullarına layiq görüldüyü qeyd edilmişdir.

Yazıda həmçinin Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanda görülmüş işlərdən bəhs olunmuşdur. Qeyd edilmişdir ki, 2007-ci ildə zəlzələdən zərər çəkmiş Müzəffərabad şəhərində Heydər Əliyev Fondu tərəfindən 500 nəfərlik qızlar məktəbi tikilmişcari ildə orada əsaslı yenidənqurma və təmir işləri aparılmış, tədris müəssisəsi lazımi avadanlıqla təmin olunmuşdur.

D.Nəcəf qeyd etmişdir ki, Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın Xayber Paxtunxava əyalətində Hepatit B virusuna qarşı peyvəndləşdirmə aparılmış, Laki Marvat şəhərindəki Serebral İflic İnstitutunda pulsuz müalicə təşkil olunmuş, Peşavar Qadın və Uşaq Xəstəxanasında açıq ürəkdə əməliyyatlar aparılmışdır.

Məqalədə vurğulanmışdır ki, Heydər Əliyev Fondu cari il iyunun 14-də Peşavarda Dünya Donorlar Gününə həsr edilmiş mərasimdə qan xəstəliklərinin müayinəsi ilə məşğul olan Həmzə Xeyriyyə Fonduna xüsusi qanköçürmə laboratoriyası ilə təchiz olunmuş təcili tibbi yardım avtomobili və minlərlə qanköçürmə paketi təqdim etmişdir. Eyni zamanda, Heydər Əliyev Fondu Xayber Paxtunxava əyalətində reallaşdırdığı humanitar layihələr proqramı çərçivəsində Xayber Göz Fonduna, bu təşkilatın nəzdində fəaliyyət göstərən Göz Klinikasının yeni blokunun inşası üçün maddi yardım etmişdir. Heydər Əliyev Fondu həmin xəstəxanada imkansızlar üçün pulsuz göz əməliyyatlarının keçirilməsini də təşkil etmişdir.

D.Nəcəf məqaləsində Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə müqəddəs Ramazan ayında Pakistanın dörd əyalətinin səkkiz şəhərində 1200-dən çox kimsəsiz uşaq üçün iftar süfrəsinin və əyləncə proqramının təşkil olunduğunu da qeyd etmişdir.

Məqalənin tam mətni ilə http://www.dailytimes.com.pk/default.asp?page=2012%5C08%5C24%5Cstory_24-8-2012_pg7_17 linkindən tanış olmaq olar.

 

 

Azərbaycan.- 2012.- 25 avqust.- S. 3.