Mərakeşin nüfuzlu əl-Aləm qəzetində Azərbaycan həqiqətlərinə dair geniş məqalə dərc olunmuşdur

 

Mərakeşdə çıxan və geniş oxucu kütləsinə malik "əl-Aləm" ("Bayraq") qəzetinin 2012-ci il 22 avqust tarixli nömrəsində "Azərbaycan Respublikası ilə Mərakeş Krallığı arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyi: iki ölkə arasında əməkdaşlıq perspektivləri geniş və müxtəlifdir. Bu perspektivləri müdrik siyasi iradə dəstəkləyir" sərlövhəli geniş məqalə dərc edilmişdir.

Azərbaycanın Rabatdakı səfirliyindən verilən məlumata görə,  məqalənin müəllifi, Mərakeş-Azərbaycan Dostluq Cəmiyyətinin baş katibi M.Fəqiri ölkələrimiz arasında diplomatik əlaqələrin qurulduğu 1992-ci il 25 avqust tarixini əlamətdar gün kimi qiymətləndirmişdir. Müəllif müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikasının ərəb ölkələri, o cümlədən Mərakeş Krallığı ilə əlaqələrin genişləndirilməsinə böyük əhəmiyyət verdiyini xüsusi qeyd etmişdir.

Məqalədə iki ölkənin mərhum rəhbərləri - Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ilə Kral II Həsən arasında İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan ölkələrin dövlət və hökumət başçılarının 1994-cü ilin dekabrında Kasablanka şəhərində keçirilmiş zirvə toplantısı çərçivəsində baş tutmuş tarixi görüşdən bəhs edilmişdir. Yazıda həmin görüşdə iki qardaş ölkə arasında əlaqələrin inkişaf perspektivlərinin müzakirə edildiyi diqqətə çatdırılmışdır. Müəllif Azərbaycan-Mərakeş münasibətlərinin bugünkü yüksək səviyyəsini həmin görüşün bəhrəsi kimi qiymətləndirmişdir. Məqalədə mərhum rəhbərlərin qoyduğu ənənələrin bu gün Prezident İlham Əliyev və Kral VI Məhəmməd tərəfindən uğurla davam etdirildiyi vurğulanmışdır.

Yazıda xüsusilə son illərdə Azərbaycanın əldə etdiyi mühüm iqtisadisiyasi nailiyyətlər haqqında ətraflı məlumat verilmişdir.

Müəllif Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal edildiyini qeyd etmişdir. Vurğulanmışdır ki, işğalçı ölkə BMT, İƏT və digər beynəlxalq təşkilatların Azərbaycan ərazilərindən Ermənistan silahlı qüvvələrinin dərhal çıxarılmasını tələb edən qərarlara hələ də məhəl qoymur.

Respublikamızın hazırda təkcə regionda deyil, bütün dünyada güclümühüm dövlətə çevrildiyini diqqətə çatdıran M.Fəqiri Azərbaycan rəhbərliyinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində göstərdiyi səylərdən bəhs etmişdir. Müəllif Azərbaycanın sülhsevər dövlət olduğunu vurğulamışdır.

Məqalədə Azərbaycan ilə Mərakeş arasında siyasi əlaqələrin yüksək səviyyəsi, beynəlxalq təşkilatlar çərçivəsində sabit və davamlı qarşılıqlı dəstək məmnunluqla qeyd edilmiş, ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən 13 sazişin imzalandığı, 20-dək sənədin isə baxılmaqda olduğu vurğulanmışdır.

Müəllif Azərbaycanın Rabatdakı səfirliyi tərəfindən keçirilən xeyriyyə tədbirlərindən də bəhs etmişdir.

Məqalənin sonunda qarşıdakı günlərdə Azərbaycanın Mərakeşdəki səfirliyində ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyinə həsr edilmiş təntənəli tədbirin keçiriləcəyi haqqında da məlumat verilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 25 avqust.- S. 3.