Mingəçevirin yeni naxışları

 

Böyük sənaye potensialına malik Mingəçevir sürətli inkişaf yolundadır. Hələ sovet dönəmində tikilib-qurulmasına ulu öndər Heydər Əliyevin böyük qayğı göstərdiyi bu şəhərin indiki gözəlliyi xüsusilə heyranedicidir.

Mingəçevirin əlverişli coğrafi məkanda yerləşməsi onun hüsnünə qeyri-adi naxışlar vurur. Şəhəri ikiyə bölən ana Kürün nəğməkar ləpələri sanki nur şəhərinin övladlarına layla çalır. Əlbəttə, könülaçan, gözoxşayan gözəllik təkcə təbiətin töhfəsi deyil. Vətənini, yurdunu sonsuz məhəbbətlə sevən insanlar sahilsiz bir istəklə gözəlliyə can atır, bu yerlərin hər qarışını cənnətə döndərməyə çalışırlar. Şəhərin hər tərəfində abadlıq, quruculuq işləri gedir. Yenidənqurma işləri elə şövqlə, elə həvəslə aparılır ki, bu ahəngə heyran qalmaya bilmirsən. Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bizimlə söhbətində vüsət alan quruculuq işlərindən söz açdı:

- Mingəçevirin tikilib-qurulmasında, müasir sənaye şəhərinə çevrilməsində Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Bu gün biz Mingəçevirdə abadlıq, quruculuq işləri apararkən çalışırıq ki, hər şey ulu öndərin arzularına uyğun olsun. Bu, böyük məsuliyyətdir. Ali məqsədimiz daş üstə qoyulan hər daşın, salınan hər yeni parkın, ucaldılan hər yeni binanın insanların rahatlığına xidmət etməsidir. Prezident İlham Əliyevin məmurlara tapşırıq və tövsiyəsi də budur ki, əhalinin yaxşı dolanışığı, firavan yaşaması üçün zəruri olan bütün tədbirlər görülsün. İndi şəhər rəhbərliyinin fəaliyyəti məhz bu istiqamətdə qurulmuşdur.

Bu günlərdə Mingəçevir şəhərinin 2012-ci ilin birinci yarısında sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş yığıncaq keçirilmişdir. Yığıncaqda ötən yarım il ərzində görülmüş işlər təhlil edilmiş, sosial-iqtisadi inkişafı sürətləndirmək üçün həyata keçiriləcək  zəruri tədbirlər müəyyənləşdirilmişdir. Aparılan təhlil göstərir ki, ölkənin bütün regionlarında olduğu kimi, Mingəçevirdə də dinamik inkişafın ahəngdarlığı təmin olunur. Şəhər iqtisadiyyatının əsas sahələri üzrə məhsul buraxılışı 35 faiz artaraq 174 milyon manat, sənaye məhsulu istehsalı 17 faiz artaraq 89 milyon manat təşkil etmişdir. Altı ay ərzində nəqliyyatda 1,7 milyon manatlıq, rabitədə 600 min manatlıq xidmət göstərilmişdir. Keçən ilin eyni dövrü ilə müqayisədə əhaliyə göstərilən pullu xidmətlərdə 17 faiz artım müşahidə olunmuşdur. Ötən dövr ərzində regionların sosial-iqtisadi inkişafını nəzərdə tutan ikinci Dövlət Proqramının Mingəçevir şəhərinə aid olan bəndləri ardıcıllıqla yerinə yetirilmişdir. Azərbaycan İstilik Elektrik Stansiyasının 8 enerji blokunda və SES silsiləsinin 4 hidroaqreqatında təmir-bərpa işləri görülmüşdür. Nəticədə şəhər üzrə enerji istehsalı 26 faiz artaraq 4 milyard 742 milyon kilovat-saata çatdırılmışdır.

Şəhər əhalisinin, idarə və müəssisələrin elektrik enerjisi, təbii qazsu ilə təminatında olan problemlər tamamilə aradan qaldırılmışdır. Ötən yarım il ərzində şəhər ərazisində aparılan abadlıq və quruculuq işləri uğurla davam etdirilmişdir. Yol və səkilərə 81 min kvadratmetr asfalt örtük salınmış, 13 min kvadratmetr bina fasadı rənglənmiş, 5,2 min kvadratmetr damörtüyü əsaslı təmir olunmuşdur.

Mingəçevirlilərin kütləvi istirahət yeri olan Sahil parkı hazırda xüsusi layihə əsasında yenidən qurulur. Parkın layihəsi respublikanın tanınmış memarları tərəfindən işlənib hazırlanmışdır. Parkda 16 min kvadratmetr əraziyə mozaik plitələr döşənəcək, 10 min kvadratmetr ərazidə isə yaşıllıq salınacaq. Parkda xüsusi zövqlə düzəldilmiş oturacaqlar qoyulacaq, dekorativ ağaclar, gül-çiçək əkiləcək, milli memarlıq elementləri qurulacaq, fəvvarələr quraşdırılacaq. Hazırda ərazidə 100 nəfərdən çox işçi çalışır. Müasir işıqlandırma sistemi Sahil parkının gecələrini füsunkar edəcək.

İndi Sahil parkı inşaat meydanına çevrilib. Burada çalışan şəhər sakinləri ilə görüşdən xoş təəssürat aldıq. Bunlar sürücü Roman MahmudovVahid Maqsudov, ekskavatorçu Ələsgər Ağayev, sahə rəisi Mehman Behbudov, Cavanşir Əhmədov, usta Zakir Balayev, Ramin İsayev, Ağalı Gülmalıyev, Tahir Məmmədov, mühəndis Bayram Tağıyev və başqaları idi.

Beləliklə, Bozdağın qoynundakı şəhər əsl məhəbbətlə yenidən qurulur. Şəhər əhalisini uzun illərdən bəri narahat edən çimərliyə gedən ikinci yolun bərpası başa çatmaq üzrədir. Şəhərin əsas giriş avtomobil magistralı genişləndirilib müasir formaya salınır. Dövlətə və dövlətçiliyə sədaqətli mingəçevirlilər böyük həvəslə Bayraq meydanı inşa edirlər.

Biz ana Kürün sahilində qərar tutan şəhərdə görülən bəzi işlərə nəzər yetirdik. Əslində, aparılan abadlıq, quruculuq işlərinin miqyası daha böyükdür. Günlər, həftələr ötəcək, görülən işlərin, çəkilən zəhmətin könülaçan nəticələri üzə güləcək, nur şəhəri doğma əllərin sığalı ilə daha gözəl və yaraşıqlı olacaq.

 

 

Lazım QULİYEV

 

Azərbaycan.- 2012.- 25 avqust.- S. 4.