Milyonların qəlbində
yaşayır
Müslüm haqqında danışmaq, söz demək çətindir. Əslində dahiləri dərk etmək heç vaxt asan olmayıb. İnternetdə Müslümün şərəfinə açılan "Orfey i eqo muzıka" saytında ona məktublar yazırlar. Yazırlar ki, "Doğum günün mübarək, əziz Müslüm". Rus dilində yazırlar. Onun ölümünə inanmadan, itkisi ilə barışmadan, Simonovun təbirincə desək, "bütün ölümlərin acığına" onunla diriymiş kimi danışırlar. Zəmanəsinin "qızıl səsi"nin, dünya vokalının əsrarəngiz və təkrarolunmaz nümunəsinin ölümünə heç kim inanmır. O, "Azərbaycan atam, Rusiya isə anamdır" - deyərdi. Ayrıla bilmədi ömrünün sonuna kimi "ata"sından, "ana" qoynundan da geri dönə bilmədi. Bəzi məqamlarda atardı, dönüb getməyə səbəb də tapardı. Dəniz kimi kükrəyən, cilovlanması mümkün olmayan bir istedadın verdiyi qərarın qarşısını kim ala bilərdi ki? Məgər getmədimi valideynləri onu Bakıda evləndirəndə? Pasportunu da gizlətmişdilər. Ancaq o, axtardı tapdı, boşandı və "ata" kölgəsindən "ana" qoynuna - Moskvaya sığındı. Dahiləri qınamaq çətindir, daha doğrusu, qınamaq da olmur. Onlar bir yerdən üzülüb başqa yerə üz tutanda küləklərin apardıqları aciz müti toxumlar kimi yox, qollu-budaqlı əsrlik nəhəng çinarlar kimi kökündən qopub gedirlər. Bitdiyi yerdə də toxum kimi düşüb həyat gətirən yağışları gözləmirlər. Əksinə, bütün əzəməti və qüdrəti ilə boy verərək yad mühitdən çəkinmədən digərlərindən nə qədər fərqli və güclü olduqlarını nəyin bahasına olursa-olsun sübuta yetirirlər.
Müslüm şöhrət dalınca qaçmadı, əksinə, şöhrət onu çox tez - 19 yaşında tapdı! O, zəmanəsinin ən qüdrətli və nəhəng dövlətinin sevimlisinə çevrildi, əfsanəyə döndü. Hətta SSRİ tarixində Stalin repressiyalarını siyasi bahara dəyişən Nikita Xruşov belə bakılı oğlana səmimi rəğbət bəsləyirdi. SSRİ mədəniyyət naziri Furtsevanın özü də Müslümin pərəstişkarlarından biri idi. Lakin Maqomayev əqidəcə bu iki nəfərdən heç birinə yaxın deyildi. O, sonralar etiraf edirdi ki, o vaxtlar açıq büruzə verməsə də, özünü qatı "antisovetçik" sayırdı.
Ondan dəfələrlə tələb edilsə də, partiya haqqında oxumadı, rəva bilmirdi özünə. M.Maqomayevin içində bizim qəzəlxan Vahid kimi kövrək bir sevgi, Hüseyn Cavid kimi pisliklərə baş əyməyən təlatümlü bir ruh vardı. Bunu da bilənlər imkan düşən kimi bu məxfi "antisovetçik"dən xəlvəti qisas alırdılar, həyatını zəhərləyirdilər. Mədəniyyət naziri Furtseva onu nə qədər sevirdisə, bir o qədər də müavinləri imkan düşən kimi cidd-cəhdlə Müslümü sıxışdırırdılar ki, zəhmətkeş kütlələri onun operalarını başa düşmür. Soruşurdular ki, nə vaxt komsomol haqqında oxuyacaq? O, heç vaxt proqressiv sovet gəncliyini təmsil etməyib, buna çalışmayıb da. Onu Yer kürəsində məşhur edən "Dünyanın ən gözəl şəhəri" tvistində Moskvanın Qorki küçəsinin adını çəkmədən mahnıda bu küçənin köhnə adlarını - Arbat və Tverskayanı vəsf edir. Bu indi adi başa düşülə bilər, lakin repressiyalardan sonra gələn N.Xruşovun siyasi baharı ərəfəsində bu sovet ideologiyasına atılan şapalaq təsiri bağışlayırdı. Nikita qəzəblənir və mahnını "stilyaqaların himni" adlandırır. "Dünyanın ən gözəl şəhəri" tvisti qadağan olunur, Müslümün başı üstündə qara buludlar dolanır. Lakin Səməd Vurğunun "Vaqif" poemasındakı kimi Tanrı bir gecəyə mıxı mismara çevirir. Kremldə baş verən siyasi çevriliş də beləcə Nikitanı Sovet İttifaqının arxivinə atır. Bircə anda nüfuzunu və bütün titullarını itirən liderin qəzəbi də gülünc görünür. Müslümün pərəstişkarları isə "qarğıdalı tullayan oğlan" Müslümün qəzəbinə gəldi" - deyərək zarafat edirdilər. Müslümü keçmiş ittifaqda sevdirən amillərdən biri elə onun sovet rejimini vəsf etməməsi, bir qədər də məxfi dissident kimi yaşaması idi. O, sənətinə xəyanət etmək niyyətində deyildi. Mayakovski özünü də, poeziyasını da sovet inqilabına qurban verdi. Lakin Maqomayev belə addımlar üçün çox vüqarlı idi. Bütün bunlara baxmayaraq, onun qəlbində çox nadir insanların başa düşə biləcəyi vətən sevgisi var idi. Dəfələrlə onu həmişəlik xaricə dəvət edib bütün titulları təklif etsələr də həmişə düşünmədən imtina edib.
Milanda "La Skala" teatrında bir il təcrübə keçdi, İtaliyaya aludə olsa da, vətənini dəyişmədi. 1964-cü ildə isə vətənə dönüşü triumf idi. Əksər teatrlar, konsert zalları onun çıxışı üçün növbəyə dayanırdılar. Bu sırada Azərbaycan da istisna deyildi. Onun kimi işıqlı sima rus müziklində bugünədək olmayıb və bir də heç vaxt olmayacaq!
1966-cı ildə Fransa estradası sovet müğənnilərini dəvət edir, SSRİ mədəniyyət naziri Furtseva siyahıya Müslüm Maqomayevin adını birinci yazsa da, Azərbaycan KP MK buna etiraz edərək razılıq vermir. Furtseva gecə Bakıya zəng vurur, şəxsən birinci katiblə danışır. O, Müslümün əbədi qastrollarda olmasından, Azərbaycana az gəlməsindən gileylənir. Təəccüblənir ki, o boyda ölkədə Fransaya göndərməyə məgər Müslümdən başqa adam yoxdurmu? Furtseva məsələni bircə sualla həll edir: "Məgər biz bir ölkə deyilikmi?"
O zaman xaricə təcrübə mübadiləsinə və ya qastrola getmək üçün artistlərə təhqiramiz mərhələlərdən keçmək lazım gəlirdi. Raykom partiyada yoxlamalardan keçmək, bütün suallara partiyanı qane edən bir tərzdə cavab vermək, kommunist əqidəsinə sahib olduğunu sübut etmək lazım idi. Müslümün də o zamankı ittifaqda bağışlanılmaz dərəcədə azad və sərbəst düşüncəli insan olduğunu bilənlər xaricə getməsinə dəfələrlə mane olublar. Gah onu dövlət səviyyəli bir müğənni kimi xarici qastrollara vaxtı çatmadığını bəhanə gətirirdilər, gah da elə qiymətlər oxuyurdular ki, heç bir xarici şirkətin bu məbləği ödəməyə gücü çatmırdı. Artistlərin qarşısına qoyulan qadağalar tədricən ona gətirib çıxardı ki, ittifaqın hüdudlarını tərk edənlərin əksəriyyəti geri qayıtmırdı. Müslüm bu mənada da hamıdan seçildi. O, Vətənini təmənnasız bir məhəbbətlə sevirdi və hara getsəydi, geri dönürdü. Hətta geri dönmək təhlükəli olanda belə!
Ona heç vaxt yaşamaq asan olmayıb. İtaliyada bir il ezamiyyətdə olarkən sovet xüsusi xidmət
orqanları əndazədən çıxan qəyyumluğu
ilə cana gətirirlər. Milanda o, "La Skala"
teatrında gənc balerina ilə tanış
olur, kafeyə dəvət edir. Az keçməmiş
səfirliyin xüsusi təmsilçisi gələrək
görüşün kəsilməsini tələb edir. Müslümgilin qrupunda kimsə onun bütün
addımlarını izləyir, hərəkətləri barədə
səfirliyə mütəmadi məlumat verir. M.Maqomayevə dəfələrlə İtaliyada onun
sovet sistemi ilə uyuşmayan davranışına görə
iradlar tutulur. O, Milanda bir il aramsız
sovet xüsusi xidmət orqanlarının ciddi təzyiqlərinə
məruz qalır. Müslüm satqının
kimliyini bilsə də, ömrünün sonuna kimi onun
adını açıqlamadı, bunu lüzumsuz saydı.
1969-cu ildə Müslüm yenidən Parisə qastrola dəvət
alır. Geri
qayıdanda xəbər verirlər ki, Moskvada onu bəd xəbər
gözləyir: araşdırmalar gedir, onu çoxlu pul
alması ilə bağlı məhkəmə gözləyir.
Müslümə onu tanıyan bir rus ailəsi Parisdə ev, iş, şan-şöhrət təklif
edir, qalsa onun bütün problemlərinə son
qoyulacağı bildirilir: "Paris sizi sevir və burada yad
olmayacaqsınız". O isə Parisin sovet adamının
ağlını azdıran imtiyazlarından Moskvanın hədələrini
üstün tutur, geri qayıdaraq SSRİ daxili işlər
orqanlarında təhqiramiz dindirmələrdən keçir. Ona kəsilən cəza, onu sındırmağa, əyməyə
hesablanan zərbəyə bənzəyir. Oxumasına,
səhnəyə çıxmasına Azərbaycandan başqa
hər yerdə qadağa qoyulur. Lakin bir neçə
aydan sonra DTK-nın sədri Andropov SSRİ mədəniyyət
nazirinə zəng vurur: "Bizim uşaqlar Müslümü
dinləmək istəyirlər". Furtseva
sevincini büruzə vermədən Maqomayevin cəzalandırıldığını,
oxumağın ona qadağan olunduğunu bildirir.
- Bizim Müslümə heç bir sualımız yoxdur
və onun iştirakını təmin edin. -
Andropovun tələbini eşidən kimi Furtseva yubanmadan
Maqomayevin həm
konsertdə iştirakını, həm də
reabilitasiyasını təmin edir. Maqomayevin həyat
yoldaşı Tamara xanım Furtsevanın Müslümə
xususi qayğı göstərdiyini etiraf edir: "O vaxt
Müslümə aşiq olan pərəstişkarlar çox
idi. Furtseva da ola bilər ki, onlardan biri
olsun. Axı o da qadın idi. Müslümə
kim vurulmurdu ki?"
Maraqlıdır, Andropov məhz "Bizimkilər
Müslümə qulaq asmaq istəyir" -deyəndə kimi nəzərdə
tuturdu? Sirr deyil ki, o zaman Heydər Əliyevlə Andropovun
çox səmimi münasibətləri olub. DTK-da kim Andropovdan qara siyahıya düşən
müğənniyə qulaq asmağı xahiş edə bilərdi?
Maqomayevə Heydər Əliyev qədər
yaxın və onun qədər təəssübkeş ikinci
bir adamı yada salmaq çətindir. Ulu
öndər M.Maqomayevi övladı qədər sevirdi,
qoruyurdu. Heydər Əliyev yaxşı bilirdi ki, Azərbaycanın
ən böyük iki sərvəti var: Xəzər nefti və
Müslüm Maqomayev! Ulu öndər L.Brejnevdə
də Müslümə rəğbət oyadır. İtalyan partizanlarının "Bella Çau"
mahnısı baş katibin sevimli nəğməsinə
çevrilir. Brejnevlə istənilən məsələni
asanlıqla həll edə bilən Heydər Əliyev bir dəfə
ondan soruşur ki, nə üçün Müslüm Maqomayevə
SSRİ xalq artisti adının verilməsi gecikdirilir. Səhərisi günü, 31 yaşında
Müslümü səhnəyə SSRİ xalq artisti kimi
çağırırlar.
Rus,
Belarus, Ukrayna, Moldova, Pribaltika respublikalarının
qızları onu dəli bir sevgi ilə sevirdilər. Onu konsert zallarının girişində gözləyirdilər,
arxa qapıdan çıxanda dövrəyə
alırdılar. O, böyük bir imperiyanın
kişilik rəmzinə çevrildi. Kükrəyən,
hayqıran bir səs, sərt və eyni zamanda qənirsiz dərəcədə
cəlbedici cənub cizgiləri, vüqarlı baxışlar.
"Mən heç kimdən artıq və əskik
deyiləm" - deyib gülümsəyən gözləri
çoxunun ağlını başından alırdı.
Onu konsertə gələndə də, gedəndə də
qucaqlayıb öpürdülər, əlləri
çatmayanda isə mindiyi maşının
qapılarını,
şüşələrini, kapotunu
öpürdülər. Onun üçün
ağlayırdılar, darıxırdılar, ona yüzlərlə
məktub yazırdılar. Bu başı bəlalı
sevdalara görə heç kim heç kəsi
qınamırdı. Moskvada telefonçu qızlar bütün
qanunlara tüpürərək iki cütlyüyn
danışıqlarına həmişə qulaq asıblar:
Mariya Vladi ilə Vısotskinin və Tamara ilə
Müslümün. Tamara sonralar həmişə kiminsə
onlara daim qulaq asdığını hiss etdiyini etiraf
etmişdi.
Müslüm
Maqomayevi kim sevmirdi ki? Pərəstişkarları
dalğa kimi onun üstünə atılır, ona
çırpılırdılar. O isə məğrur
qaya kimi ucalırdı. Yalnız bircə nəfər
Tamara Sinyavskaya Müslümün qollarına atılıb,
hamıdan fərqli olaraq sarmaşıq kimi ona
ömürlük sarıla bildi.
Müslümlə
bir saat söhbət etmək, sadəcə onun yanında
oturmaq üçün ömrünü belə qurban vermək
istəyənlər var idi! Aradan illər
ötdü. Sovet estradasının
şahına aşiq olanların arasında ərli də var
idi, subay da, sadələr də, məşhurlar da. Lakin Müslümün böyüklüyü onda
oldu ki, subaylıqda sultan olduğunu gizlətmədi və
heç vaxt ona aşiq olanlardan birinin də adını
açıqlamadı. Onu sovet
qadınları kişilik rəmzi kimi qəbul etdilər.
O, partiya-komsomol repertuarına əyilmədi, axıra kimi! Buna
görə də Müslümə minnətdarlıq edənlər
az deyildi.
Bəzən onu opera artisti olmaq istəmədiyinə görə qınayırdılar. Lakin o, çərçivələrə sığan, qaydalara baş əyən insan deyildi! Azadlığı sevirdi, mahnılarının qanadında yüksəlirdi və minlərlə tamaşaçını da arxasınca qaldırırdı. Sonra isə nə Müslüm, nə də ki dinləyiciləri bu ucalıqlardan enə bilirdilər.
Onun səhnədən gedişi də gözəl oldu. Qəfil gəldiyi kimi, qəfil də səhnəni tərk etdi. Rusiyada deyirlər ki, Müslüm səhnədən ingilislər kimi getdi. Ancaq belə deyildi. Yenidənqurma başlayanda səhnələrə axışan ulduzların sayı artdı və Sovet İttifaqının musiqi şahı tacı başından götürərək səhnəni əbədi tərk etdi. Tüfəngi görüb qılıncını qınına qoyaraq "Kişilərin zəmanəsi bitdi"- deyən Koroğlu kimi.
O, səhnədən və dünyadan getsə də, milyonların qəlbində yaşamaqda davam edir.
Bahadur İMANQULİYEV
Azərbaycan.- 2012.- 25 avqust.- S.
5.