Qüsurlu orfoqrafiya lüğətləri
Azərbaycanın
dünya arenasına daxil
olaraq özünü
müstəqil bir dövlət kimi təsdiq etməsi, bir
çox beynəlxalq əhəmiyyətli
toplantıların, festivalların, yarışların və
digər tədbirlərin ölkəmizdə keçirilməsi,
texnikanın sıçrayışlı və sürətli
inkişafı dilin lüğət tərkibini alınma
sözlər, adlar, terminlərlə zənginləşdirir.
Aydın məsələdir ki, mövcud terminlər və orfoqrafiya
lüğətləri bu yüksək
templə ayaqlaşa bilmir.
Əlimizdə olan lüğətlər
isə təəssüf ki, tələbatı
ödəmir. Meyarların qüsurlu
olması isə qələm əhlini
çaşdırır.
Son illərdə yaranmış söz axınında əsas
ağırlıq mərkəzi, demək olar
ki, dövri mətbuatın
üzərinə düşüb. Belə ki, mətbuat dünyada baş verən
dəyişikliklərə, hər təzə informasiyaya
dərhal, çevik reaksiya
verdiyinə görə Azərbaycan dilinə daxil
olan yeni sözlər,
terminlər, adlar, ifadələrin
yazılış tərzinin düzgün
olub-olmamasının məsuliyyətini də dilçilərdən
əvvəl mətbuat işçiləri (buraya jurnalistin, redaktorun, korrektorun,
ümumilikdə mətbu orqanın kollektivinin
birgə əməyi daxildir)
daşıyır.
Əslində
ümummilli lider Heydər
Əliyevin 2 yanvar 2003-cü il tarixli fərmanı ilə
qüvvəyə minmiş "Azərbaycan
Respublikasında dövlət dili
haqqında" Azərbaycan Respublikası Qanununun
13-cü maddəsinin 2-ci bəndinə əsasən 5 ildə bir dəfədən az olmayaraq yazı dili
normalarını təsbit edən orfoqrafiya
lüğətinin
nəşr olunması təmin edilməli idi.
Nazirlər Kabinetinin 5 avqust 2004-cü
il tarixli qərarı
ilə təsdiq edilmiş "Azərbaycan
dilinin orfoqrafiya
lüğəti" artıq keçən müddətdə
təkmilləşdirilib nəşr olunmalı idi. Təəssüf ki, bu məsələyə soyuq
yanaşılıb. Buna görə də
eşidəndə ki 2012-ci ildə yeni lüğət çapdan
çıxıb, çox sevindik. Dedik, yəqin, əvvəlki lüğətdə fərqli
yazılışına rast gəldiyimiz
sözlər də düzəldilib. Üstəlik mübahisə
törədən yeni terminlərin, dilə
çox sürətlə daxil
olan alınma sözlərin də düzgün yazılışını biləcəyik.
Amma kitabı ("Azərbaycan dilinin orfoqrafiya lüğəti",
Bakı, "Şərq-Qərb" Nəşriyyat Evi, 2012, 728 səh.) əldə edəndə bunun sadəcə köhnə orfoqrafiya
lüğətinin surəti olduğunu gördük. Heç olmasa, təkrar nəşri təkmilləşdirib
çap edəydilər, müəyyən
qüsurları aradan qaldıraydılar. Yeni terminlərdən, alınma sözlərdən
isə, aydın məsələdir ki, burada danışmağa belə dəyməz!
Əvvəlcə
"Azərbaycan dilinin orfoqrafiya
lüğəti"ndə (Bakı, "Lider
nəşriyyat", 2004, 728 səh.) rast
gəldiyimiz bəzi uyğunsuzluqlar barədə
danışaq.
Lüğətin
əvvəlində "Orfoqrafiya
qaydaları" bölməsində göstərilən
yazı prinsipləri ilə lüğətin daxilində verilən
sözlər arasında xeyli uyğunsuzluq var.
Belə ki, səh.6-dakı qaydada deyilir: "Əslində sonu
qoşa samitlə bitən iki
və ya çoxhecalı sözlər bir samitlə yazılır". Amma nədənsə ekspres
sözü lüğətdə deyilən
qaydada və nümunədəki kimi deyil, əvvəlki tək
ekspress (səh.195), superekspress
(səh.591) şəklində verilib.
Qaydada sonu -iy, -skiy ilə qurtaran xüsusi və ümumi alınma isimlərin sonundakı y hərfinin yazılmadığı göstərilir
(səh.6). Planetari və sanatori
sözləri nümunə kimi verildiyi halda lüğətdə
sanatoriya (səh.552) və planetar
(səh.523), krematoriy (səh. 355) gedir.
Nümunə kimi qaydada (səh.7) iki sait arasında gələn
qoşa samitlərin qoşa
yazıldığı da bildirilir:
ballada, kassa, şassi, vassal, kapella, klassik, libretto, operetta, nəqqaş,
səyyar, kəmiyyət. Diqqəti apellyasiya
sözünə çəkmək istərdik. Latın dilində
bu söz appellatio (müraciət) şəklində
yazılır. Sovet dövrünün
lüğətlərində appelyasiya kimi verilirdisə, yeni
lüğətlərdə apellyasiya
şəklindədir. Halbuki ya orijinalına uyğun
yazılmalıdır, ya da
qoşa samitlərdən hər ikisi düşməlidir.
Ümumiyyətlə
bir neçə söz
var ki, orfoqrafiya
lüğətlərində müxtəlif cür
verilir. Məsələn, nəqd-nəğd-nağd,
nəqərat-nəqarət, eyib-ayıb (və ya hər iki formada), xariqə-xarüqə, vərəq-varaq,
həlqə-halqa, masqara-maskara-məsxərə və s. Yaxud həmişə
işlətdiyimiz qılaf, qılaflı, qılman, qeylü-qal sözləri orfoqrafiya,
həm də izahlı lüğətlərin hər ikisində
qilaf, qilaflı, qilman,
qilü-qal (səh. 400) (bu
söz izahlı lüğətdə defissizdir: qilü qal - səh.162) kimi verilib. Dilçilərimiz birdəfəlik
razılığa gəlib bu sözlərin
ancaq bir cür, özü də düzgün yazılışı haqda qərar versəydilər, çox
yaxşı olardı.
Nəqqaş sözü də
lüğət daxilində naqqaş (səh.474) kimi gedir,
qaydada isə nəqqaş verilib. Həmçinin antenna
sözünün anten şəklində yazılmalı
olduğu göstərilsə də lüğətdə
antena, antenalı (səh.43) şəklindədir.
"Şəkilçilərin
yazılışı" hissəsində bir
cür yazılan şəkilçilər
kimi -vari şəkilçisi
də göstərilir və buna misal olaraq buynuzvari,
qalxanvari, yüngülvari,
üzükvari sözləri verilir (səh.7). Lakin lüğətin daxilində sözügedən
şəkilçi aid olduğu
yüzlərlə sözün tərkibində
-varı formasındadır: buynuzvarı (səh.106),
ilanvarı (səh.300), kisəvarı (səh.341),
qalxanvarı (səh.366), oxvarı (səh.492),
yüngülvarı (səh.711), üzükvarı (səh.666)
və s.
Qaydada (səh.8) sonu kar samitlə bitən fel
köklərindən isim və sifət
düzəldən şəkilçilər verilib:
-ki, -qı, -kü, -qu: sürtkü; -kin, -qın, -kün, -qun: ötkün.
Lüğətdə isə nümunədəki kimi deyil, sürtgü
(səh.595), ötgün, ötgünlük
(səh.503) şəklində verilib.
"Mürəkkəb
sözlərin yazılışı" hissəsində (səh.9)
"qoşa sözlərdə defisdən
istifadə edilir" qaydasında nümunə
kimi sür-sümük,
qarma-qarışıq, adda-budda sözləri
verilib. Lakin
lüğətin daxilində buna riayət
olunmayıb, belə ki, bu
sözlərdən bəziləri defislə yox,
bitişik verilib. Məsələn:
qarmaqarışıq (səh.376) (amma
qatma-qarışıq (səh.379) sözü
defislə verilib), bərbəzək (səh.84),
zirzibil (səh.719). Alaqaranlıq sözü bir yerdə verildiyi halda alatoranlıq
defislə verilib.
Qaydada tərkibində "super" sözü
işlənən sözlərin yazılışında
defisdən istifadə edildiyi bildirilir (səh.9). Nümunə kimi isə super-market sözü göstərilir. Halbuki bu
söz nəinki lüğətdə
verilməyib, üstəlik bu sözlə
başlanan 17 söz bitişik yazılıb (superarbitr,
superdövlət, superekspress, superfaşizm, superfilm, superfiniş, superfosfat,
superfosfatçı, superkompüter, superkubok, supermikron, superpozisiya, supersement, superstrat (dilç.), supertanker, superteleskop, supertrauler (səh.591).
Qaydada (səh.9) deyilib:
"...tərkibində mənaca bir-birinə yaxın və ya zidd olan
sözlər işləndikdə defisdən istifadə edilir". Nümunədə
alış-veriş sözü verilib. Onunla eynitipli olan alver sözü isə ancaq bitişik formada verilib (səh.39).
Lüğətdə
eyni sözün bir neçə variantına da
çox rast gəlinir:
ah-əfğan, ahu-əfğan; ah-vay,
ahu-vay; ah-nalə, ahu-nalə; ah-zar, ahu-zar (səh.30); axıtmaq,
axızmaq (səh.30); ayıb (səh.62), eyib (səh.204);
başaçıq, başıaçıq (səh.74);
cavahirat (səh.111), ləl-cəvahirat (səh.416); daraşmaq
(səh.148), darışmaq (səh.149); dopdoğru, dosdoğru
(səh.180); dəlmə-deşik (səh.158), dərmə-deşik
(səh.162); genefond (səh.239), genofond (səh.240), kamod (səh.322),
komod (səh.345); kəklikotu, kəkotu (səh.331); kompyuter (səh.346),
superkompüter (səh.591); kürdü, kürdi (səh.360);
qaraağac (səh.371), qarağac (səh.372); qubar, qubarlanmaq
(səh.408), quvar, quvarlanmaq (səh.413); qorçibaşı,
qorçu (səh.404); qorxutmaq, qorxuzmaq (səh.404); sayaqlamaq,
sayıqlamaq (səh.555); sivrilmək, siyrilmək (səh.578);
yumrulamaq, yumurlamaq (səh.709),
piano, pianino (səh.520); misia, missiya (səh.458); özünəidarə,
özünüidarə (səh.505); özünəçəkmə,
özünüçəkmə (səh.505); yornuq, yorunuq (səh.705);
yelpik, yelpinc (səh.697); vanil, vanilin (səh.668); varite, varyete
(səh.669); valyuta (səh.668), volyuta (səh.676) və s.
qoboy; qoboyçalan;
qoboyçu (səh.401) qaboy;
qaboyçalan (səh.364). Əslində ancaq qoboy formasında
verilməlidir. Görünür,
lüğəti tərtib edənlər sözün
düzgün yazılış tərzini
bilmədiklərindən onu iki variantda veriblər (?!).
jilet, jiletka (səh.319).
"Azərbaycan dilinin orfoqrafiya
lüğəti"ndə (səh.4)
yazılıb: "...Azərbaycan dilinin sözyaratma modellərinə uyğun
olan bütün
sözlər lüğətə salınmışdır. Bu
baxımdan, lüğətin əhatə etdiyi
leksik arsenal öz əhatə dairəsinə görə mövcud izahlı tərcümə və s. lüğətlərimizin hamısından böyükdür və bu
lüğətə daxil edilmiş
sözlərin bir çoxu
oxucular üçün
anlaşılmaz və ya mübahisəli
görünə bilər. Ona görə də alınma sözlərin, xüsusən
rus dilindən alınan sözlərin bəziləri
(polka, reyka və s. bu qəbildən olan sözlər) aydınlıq xatirinə əlavə
izahatla verilir və
beləliklə, hansı məqamda işləndiyi göstərilir.
Məsələn, lüğətə polka "rəf" yox,
"rəqs növü", reyka "tamasa, ensiz taxta" mənasında
yox, texnikada "əyri
cızıqlar çəkmək üçün
nazik lövhə" mənalı söz kimi daxil
edilmişdir (oxuculardan
belə xüsusi halları nəzərə
almaları xahiş olunur).
Sual olunur: məgər
jilet ilə jiletka eyni şey demək deyil? Bunu iki
cür verməyin nə mənası var? Bundan əlavə,
lüğətdə kabinə, kabinka (səh.319),
marionet, marionetka (səh.433);
vizit, vizitka (səh.675),
valeriyan, valeriyanka (səh.668),
tatuirləmə, tatuirovka (səh.619), jirovka (səh.319) kimi
sözlərə çox rast
gəlmək mümkündür.
Lüğətdə şotlandka sözünün qarşısında kursivlə
parça sözü
verilir. Bəs kubanka
(səh.356); varşavyanka, vaqr
(-lar) - vaqranka sözləri
hansı məqamda işlənir? Hələ zaqs
(səh.712)
(Zakonodatelğnıy Akt Qrajdanskoqo Sostoəniə) sözü
də lüğətdə verilib. Məlumdur
ki, bu söz
VVAQ (Vətəndaş Vəziyyəti Aktlarının
Qeydiyyatı) sözünün rusca abreviaturudur. Bunu lüğətdə vermək nə dərəcədə
orfoqrafiya lüğətçiliyi
qaydalarına uyğundur? Onda
gərək VVAQ sözü də verilə.
Yaxud qranat, varenik kimi sözlərin
azərbaycanca çox işlək
qarşılığı var. Elə isə
çox dar çərçivədə
işlənən bu gəlmə söz niyə eyni vətəndaş
hüquqlu söz kimi lüğətdə verilməlidir?
yarəb; yarəbbi
(səh. 685). Bu sözün
"Ya Rəbb", "Ey Rəbb!
Ay Rəbb!" olduğu
aydın məsələdir. "Azərbaycan dilinin
izahlı lüğəti"ndə (Bakı, "Şərq-Qərb"
nəşriyyatı, 2006, IV cild, səh.497,
III cild, səh.645) verilir:
Ya - nida (ər.) Xitab bildirir. Rəbb is. ər. - Allah, Tanrı. Ya Rəbb! Ay Allah! - Allaha müraciət. Bu sözün orfoqrafiya lüğətində bitişik
halda, həm də düzgün olmayan iki formada
verilməsi nə dərəcədə doğrudur?
taraş - taraş, taraşçı,
taraşçılıq, taraşlama,
taraşlamaq, taraşlanma,
araşlanmaq, taraşlanmış,
taraşlı, taraşlılıq,
taraşsız, taraşsızlıq
(səh.617) və heykəltəraş
(səh.617) sözlərindəki "taraş" fars dilindən alınma sözdür. Ancaq ayrılıqda taraş,
heykəltəraş sözündə
isə təraş formasında verilib. Eyni səhv "Azərbaycan dilinin izahlı lüğəti"ndə
də təkrarlanır:
heykəltəraş (heykəltəraş,
heykəltəraşlıq, heykəltəraş-taksidermist)
is. [fars.] 1. Qırxma. Taraş etdirmək - qırxdırmaq.
Başını taraş etdirmək.
Taraş
etmək - qırxmaq.
Üzünü taraş etmək
(səh.268). Taraş - 2. köhn.
Üzdən, üstündən səthi surətdə yonma. Taraş etmək - üzdən yonmaq. Taraşlama "taraşlamaq"dan f.is. - taraşlamaq f. taraş etmək,
qırxmaq, saqqalını taraşlamaq.
Taraşlı sif. Taraşlanmış, taraşla yonulmuş (səh.269).
Heykəltəraş - is. [ər. heykəl
və fars. ...təraş] Heykəltəraşlıq
əsərləri yaradan sənətkar.
Heykəltəraşlıq is. 1. Təsviri sənətin qazıma, yonma,
kəsmə, yapma və ya
tökmə üsulu ilə həcmli təsvirlər
(heykəl, büst, barelyef
və s.) yaradan növü (səh.47) (Azərbaycan dilinin izahlı lüğəti. Dörd cilddə. IV cild. Bakı, "Şərq-Qərb", 2006, 712 səh.).
Maqnitofon, taksofon, qrammofon, elektrofon və s. bu tipli
sözlər o ilə verildiyi
halda, linqafon, saksafon sözləri a ilə
verilmişdir. Onda bu sıraya diktofon sözü də əlavə edilməliydi, çünki diktə, diktant
sözündən yaranıb.
minacat (səh.456); münacat
(səh.469). Yenə "Azərbaycan dilinin
izahlı lüğəti"nə müraciət edək: Minacat is. [ər.] köhn. 1. din. Allaha dua və səna etmə;
dua-niyaz. 2. Klassik
Şərq ədəbiyyatında Allaha
xitabən dua və niyaz
mahiyyətli şeir. 3. Azan
çəkməklə əhaliyə verilən xəbər; car. "Münacat"ın nə demək olduğunu bəlkə lüğəti tərtib
edənlər bizə başa
salsınlar?! Hələ bu sıraya kəşməkəş
sözünü salmırıq. Çünki ondan çox bəhs edilib.
Lüğətdə
sözlərin səhv yazılması nəticəsində də
bir çox problemlər
meydana çıxır. Məsələn,
haqq-say, yerfındığı,
yerfıstığı sözləri lüğətdə
haqq-səy (səh. 261), yerfıntığı,
yerfısdığı (səh. 698) şəklindədir. Kərbəlayi
sözü "Kərbəla"
sözündən olduğu halda kərbalayı (səh. 333) kimi verilib.
-iyyat
şəkilçili cəfəngiyat sözü
bir y ilə verilib (səh. 112). Bəzi dərs vəsaitlərində
bu sözün istisna olduğu qeyd edilir. Türk
dilində isə ərəb dilindən alınma belə
sözlərdə yalnız bir y hərfi saxlanılıb. Məsələn:
milliyət, hürriyət və s.
Yaxşı olardı ki, bizdə də bu təcrübədən nümunə
götürüləydi.
Lüğətdə
bəzi hallarda morfoloji
prinsipə də əməl olunmayıb. Məs.: hərbiçi
sözü (səh.268). Adətən sənət,
peşə məzmunu yaradan -çı4
şəkilçisi sifətdən deyil,
isimdən isim yaradır. Bu
sözdə isə hərbi sifətindən hərbiçi ismi alınıb. "Azərbaycan dilinin izahlı lüğəti"ndə isə
bu söz belə verilib: Hərb - is. [ər.]
Müharibə, döyüş, savaş. Hərbçi - is.
1. Hərbi xidmətdə olan adam, hərbi xidmətçi; hərbiyyəli.
2. Silahlanma və müharibəyə hazırlaşma siyasəti
yeridən adam; militarist
(səh.368) (Azərbaycan dilinin izahlı
lüğəti. Dörd cilddə.
II cild. Bakı, "Şərq-Qərb",
2006).
Sanki lüğəti tərtib edənlərin
qaydalardan ümumiyyətlə xəbərləri olmayıb və
yaxud belə çıxır ki, qaydaları yazanlar
lüğətdəki sözlərin verilmə formasından
məlumatsız olublar.
Əslində
necə olmalıdır: sözlər qaydaya
uyğun yazılmalıdır, yoxsa qayda sözlərə
uyğunlaşdırılmalıdır? Dilçi
mütəxəssislər sözləri qaydalara
əsasən qəbul edirlər. Ancaq orfoqrafiya lüğətindən
istifadə edənlər axı həmişə qaydaları oxumurlar, hərfə əsasən sözün hansı səhifədə
verildiyinə baxıb elə də yazır və qəbul
edirlər ki, sözlərin müxtəlif
cür yazılışına bu da bir
səbəb yaradır.
Lüğətçilik
prinsipinə görə lüğətdə sözlər
başlanğıc formada olmalıdır.
Lüğətdə isə feli sifət
və feli bağlamalar
da verilib.
"Lüğətin quruluşu"
bölməsində buna belə
aydınlıq gətirilir: "Feli sifətlərdən
yalnız substantivləşmiş (isimləşmiş) sözlər
lüğətdə verilir (çalan, oxuyan)" (səh.15).
Lakin substantivləşmə cümlə
və söz birləşməsi daxilində
özünü göstərir.
Yanğınsöndürən tipli
mürəkkəb sözlər lüğətdə yer ala bilər, ancaq bu tipli
sözlərin verilməsi nə dərəcədə düzgündür?!
Lüğətdə
ayrı yazılan sözlər də əksini tapıb. Məsələn,
bu gün, o dəqiqə və s. Bu sözlərin lüğətdə yer alması praktik cəhətdən
əhəmiyyətli ola bilər, lakin orfoqrafiya prinsipinə
zidd bir haldır.
Təəssüf ki,
bir yazıda lüğətdəki səhvlərin
hamısından bəhs etmək mümkün
deyil. Nəşr ediləndən
sonra bu kitab orfoqrafiya lüğətinə
olan tələbatı tam
ödəmirdisə də, yenə bir çox anlaşılmazlıqlar aradan götürülmüşdü.
Amma artıq keçən müddətdə
sözügedən orfoqrafiya lüğəti
nəinki tələbatı ödəmir, əksinə, zamandan çox geri qalır. Yuxarıda sadalanan
və sadalanmayanlar sadəcə bir nümunədir. Yaranan boşluğu doldurmaq üçün təhsil müəssisələrində
dərslik müəllifləri orfoqrafiya
lüğətləri tərtib etmək məcburiyyətində
qalır. Amma bunun nə
dərəcədə keyfiyyətli olub-olmadığı, orfoqrafiya qaydalarına uyğun
gəlib-gəlmədiyi şübhə doğurur.
Xarici şirkətlərin, təşkilatların,
qurumların, şəxslərin adlarının
yazılışında da qayda-qanunsuzluq hökm sürür. Əslində belə sözlər
Azərbaycan dilinin orfoqrafiya
və orfoepiya qaydalarına uyğun yazılmalıdır. Elə "Azercell", "Bakcell"
kimi çoxişlənən adları
götürək. Azərbaycanın sellülar
rabitəsinin məşhur operatorları olan
bu şirkətlərin adları ingiliscə
yazılır. Bu adlara
cəm şəkilçisi artırıldıqda isə üç l hərfi
yanaşı gəlir ki, bu
da dilimizin
qanunlarına ziddir. Bir çox
adlar adətən tərcümədə ya kalka kimi,
ya internet vasitəsilə
hansı dildən (gah türk,
gah rus, gah da başqa
dillərdən) alınmasından, yaxud mətbuat
agentliklərinin materiallarından asılı olaraq
belə gəlmə sözlər müxtəlif cür yazılır. Məsələn, Eurovizion, Euroviziya, Avrovizion, Avroviziya; "Nabukko", Nabucco, NABUKKO,
NABUCCO, YUNESKO, UNESKO, UNESCO, İSESKO, ISESCO, İSESCO və s. Böyük, ya kiçik, bitişik, yaxud ayrı
yazılan sözlər də problem
yaradır. Xalq Artisti,
Əməkdar İncəsənət Xadimi
və s. kimi fəxri adlar ya böyük,
ya da kiçik
yazılır. Göygöl sözü rayon adı kimi bir yerdə, göl adı kimi ayrı
yazılır. Halbuki eyni sözdür. Bəzən eyni ad bir materialda
bir cür verilir, digərində başqa cür. Və yaxud, hüquqa aid xeyli termin var
ki, Milli Məclisdən gələn
qanunlarda bir cür yazılır, orfoqrafiya lüğətində
başqa cür (normativ-hüquqi, normativ hüquqi).
Sonda demək istərdik
ki, daim inkişafda olan dilimiz yeni orfoqrafiya
lüğətinin nəşrini
artıq zəruri edir. İnanmaq istərdik ki, bu dəfə AMEA-nın Nəsimi adına Dilçilik
İnstitutu gözümüzü
yolda çox qoymayacaq, daha təkmil, səhvlərdən
xali orfoqrafiya lüğəti araya-ərsəyə
gətirəcək.
Kəmalə CƏFƏROVA
Azərbaycan.- 2012.- 25 avqust.-
S. 5.