Borçalının
bir tərəfi AXISKA
Axıska
gül idi, getdi,
Bir əhli-dil
idi, getdi.
Söyləyin
sultan Mahmuda,
İstanbul
kilidi getdi.
İki yüz il əvvəl
yaşamış Axıska şairi Güləli babanın bu
şeiri, elə o zamandan, o tarixi dönəmlərdən
Axıska türklərinin başına gələn oyunlardan,
pərən-pərən düşmələrindən,
sürgünlərdə çürümələrindən
məlumatı bugünümüzə gətirib
çatdırır. Doğrudan da, son 70 ildə üç dəfə
sürgün həyatı yaşayan, 1944-cü ildə sovet rəhbərliyinin
qəzəbinə tuş gələn, 13 ölkəyə səpələnən,
niyə sürgün olunduqları 50 il gizli qalan, Beriyanın təklifi,
Stalinin əmrilə bir gecənin içində yerindən-yurdundan
oynayan, 250 il Osmanlı dövlətinin sərhəd şəhəri
kimi yaşayan, Rusiya-Türkiyə savaşlarında dəfələrlə
əldən-ələ keçən, sərhəd
zolağında yerləşdiyi üçün başına
bəlalar açılan, bugünkü Gürcüstana -
öz doğma Vətəninə can atan, ancaq
qayıtmağı müşkülə dönən,
bütün zülmlərə, faciələrə baxmayaraq hər
yerdə Türk adını, Türk dilini şərəflə
qoruyub saxlayan Axıska türkünün yazdığı,
yaşadığı tarix gələcək nəsillərə,
acı da olsa, bir örnək, bir həyat hekayəsidir.
Bu həyat
hekayəsində xalq şairi Zəlimxan Yaqubun illər öncə
dedikləri də yer almaqdadır: "Borçalının
çəkdiyi bəlaları daha ağır şəkildə
çəkən Axıska, Aspinza, Axırkələk,
Abastuman, Adıgün türklərinin taleyini gözümün
qabağına gətirdim. Qorqud Dədəm, ozan babam
demiş, "əcəl alan,
yer gizləyən" Alp ərənlərin dərdini
sazımla, sözümlə dilə gətirdim, boy
boyladım, soy soyladım".
Borçalının
bir tərəfi Axıska,
Türklüyümün
şan-şərəfi Axıska.
Kimlər
səni bu qatardan ayırdı,
Kimlər
pozdu gör bu səfi, Axıska.
Axşam
yatdın, gecə getdin, Axıska,
Cavan gəldin,
qoca getdin, Axıska.
Yermi yedi,
göymü uddu, bilmədin,
Bir gecədə
necə getdin, Axıska.
Axıska
türklərinin sayı müxtəlif mənbələrdə
müxtəlif rəqəmlərlə ifadə olunur. Bu da
taleyin hökmü ilə onların ayrı-ayrı ölkələrə
səpələnməsi və hesablamalardakı
uyğunsuzluqla əlaqədardır. Son hesablamalara görə,
Axıska türklərinin sayı 629.000 nəfərdir.
Onların məskunlaşdığı və çoxluq təşkil
etdikləri ölkələr isə bunlardır - Qazaxıstan
- 150.000, Rusiya - 90.000, Qırgızıstan - 50.000, Türkiyə - 40.000, Azərbaycan -
38.000, Özbəkistan -
15.000, Ukrayna - 10.000, ABŞ - 18.000, Gürcüstan -
1.000.
Tarixi
Axıska bölgəsi bu gün Gürcüstanın
Samtshe-Cavaheti bölgəsinin bir parçasıdır.
Axıska türkləri həm də müxtəlif vaxtlarda
Gürcüstanın Mesheti bölgəsinin türk əhalisinə
verilən addır. Rusların bu bölgəyə gəlişindən
sonra həmin əraziyə verdiyi ad Meshetya olduğu
üçün o yerlərin insanlarına mesheti türkləri
də deyirlər. Qafqazın işğalına qədər
böyük, şərəfli bir tarix yazan axıskalılar
1944-cü ilin 31 iyulunda heç bir ciddi səbəb gətirilmədən
Stalinin əmrilə iki saat içində yük vagonlarına
doldurularak Orta Asiyaya -
Qazaxıstan, Qırğızıstan və Özbəkistana
sürgün edildilər. Sonradan əsas məqsəd Qara dəniz
sahillərini türklərdən təmizləmək
olduğu bəlli olsa da, artıq gec idi. Bu həqiqətlər
sovetlər birliyi dağıldıqdan sonra ortaya
çıxdı. Eyni taleyi həmin dövrdə Krım
tatarları da yaşadı. Minlərlə insan həmin
yük vaqonlarda həyatını itirdi.
Bu
azmış kimi SSRİ-nin son illərındə Özbəkistanın
Fərqanə vadisində yaşayan Axıska türklərinin
böyük bir qismi 1989-cu ildə düşmənlərin təhriki
ilə etnik təmizləməyə məruz qalaraq ikinci dəfə
qaçqın, köçkün həyatı yaşamağa
məcbur oldu.
O
dövrdə Azərbaycan öz daxilində yaşanan gərginliyə
baxmayaraq hamıdan əvvəl həmin qaçqınlara
kömək əli uzatdı, qardaş yardımı göstərdi.
Axı bütün dövrlərdə Axıska türklərinin
güvən yeri Azərbaycan olmuşdur. Ömər Faiq
Nemanzadə, Şəfiqə xanım Əfəndizadə kimi
yüzlərlə Axıska türkü özünü bu
millətin bir parçası, bir hissəsi olaraq
görürdü.
Ruhumda
ruh, canımda can olmusan,
Şah
damarda çağlayan qan olmusan.
Səni
sonra Gürcüstana qatıblar,
Sən
bir zaman Azərbaycan olmusan.
Hələ
1872-ci il mayın 24-də Gürcüstanın Tiflis
quberniyasının Axalsix qəzasının Azqur kəndində
anadan olan məşhur yazıçı-publisist Ömər
Faiq Nemanzadə ibtidai təhsilini molla məktəbində və
yenicə açılmış rus məktəbində
aldıqdan sonra Türkiyədə təhsilini davam etdirir. O,
İstanbulda olarkən dövri mətbuata yaxından bələd
olur, yeni fikirli türk gəncləri ilə sıx əlaqə
yaradır, təqib olunduğuna görə doğma vətəninə
qayıdır. Amma burada məktəb açmaq cəhdi
baş tutmur və o, uzun illər Nuxa, Şamaxı, Gəncə
şəhərlərində müəllimlik edir (1894-1903),
eyni zamanda Tiflisdə "Şərqi-Rus" qəzeti
redaksiyasının əməkdaşı kimi jurnalistlik fəaliyyətinə
başlayır, ilk publisistlik məqalələrini çap
etdirir (1903-1906), Cəlil Məmmədquluzadə ilə birlikdə
"Qeyrət" mətbəəsini təşkil edir və
"Molla Nəsrəddin" jurnalının ilk mühərriri
olaraq tarixə düşür. O dövrdə qələmə
aldığı "Dərdimiz və dərmanımız",
"Dilimiz və imlamız", "Nə üçün
haqqımızı istəmirik" kimi publisistik məqalələrində
Ömər Faiq cəhalətə, dini fanatizmə, geriliyə,
müstəmləkəçilik siyasətinə qarşı
çıxır.
Çar
rejimi dağıldıqdan sonra Gürcüstanda yaranan yeni
hökumət ictimai fəaliyyətinə görə onu
üç dəfə həbs edərək Metex qalasına
salmış və mülkünü müsadirə
etmişdi. Sonradan ictimaiyyətin
təkidi ilə azad olunan Ömər Faiq Bakıya gələrək
burada müxtəlif vəzifələrdə
çalışmışdır. Azərbaycanda sovet hakimiyyəti
qurulduqdan sonra nəşrə başlayan "Zəhmətkeşlərin
gözü" jurnalının redaktoru olmuşdur.
Ayrı-ayrı vaxtlarda Azərbaycan SSR Xalq Maarif
Komissarlığında çalışmış, Gəncə
Kənd Təsərrüfatı Texnikumunun direktoru olmuşdur.
1921-ci ildə Gürcüstanda sovet hökuməti qurulduqdan dərhal
sonra Gürcüstan Hərbi İnqilab Komitəsinə üzv
seçilərək Tiflisə yollanmışdır.
O
dövrdə Gürcüstan KP MK-nın nəzdində
yaradılmış müsəlman bölməsinə rəhbərlik
edən Ömər Faiq Tiflisdə dərc olunan "Yeni
fikir" qəzeti redaksiya heyətinin də üzvü idi. O,
1927-ci ildə təqaüdə çıxdıqdan sonra da
ictimai fəaliyyətdən ayrılmayaraq dərsliklər
hazırlamış, elmi işlə fəal şəkildə
məşğul olmuşdur.
Axıska
türklərinin bu məşhur övladından
danışarkən o dövrdə Qafqaz, xüsusilə Azərbaycan
türklərinin ictimai-siyasi həyatında əvəzsiz rol
oynayan başqa bir Axıska türkünün - Şəfiqə
Əfəndizadənin adını çəkməmək
mümkün deyil. Məlum olduğu kimi, XIX əsrin ikinci
yarısı - XX əsrin əvvəlləri Azərbaycan
qadınlarının ictimai həyatda rolunun artmasında
önəmli bir mərhələ sayılır. Bu dövrdə
maarifin, səhiyyənin inkişafında kişilərlə
müqayisədə qadınların iştirakı az olsa da,
Azərbaycanın ziyalı, maarifçi qadınlarının
gördüyü işlər çox əhəmiyyətli
idi.
XX əsrin
əvvəllərində azərbaycanlı qadınlar
arasında təhsilin, maarifçiliyin yayılması
üçün fədakarlıqla çalışan
maarifçi qadınlardan biri də Şəfiqə Əfəndizadə
idi. Şəfiqə Məmmədəmin qızı Əfəndizadə
1882-ci ildə Gürcüstanın tarixən türklərin
yaşadığı Cavahetiya bölgəsində, Axalsix rayonunun
Azqur kəndində doğulub. Atası Məmmədəmin
Şeyxzadə dövrünün tanınmış
ziyalısı və müəllimi idi. Övladlarının
təhsil alması ilə şəxsən özü məşğul
olurdu. Şəfiqə
bacısı Səidə ilə təhsillərini məhz
atasından almışdı. On dörd yaşında ikən
o, Nuxa (indiki Şəki) şəhərinə gələrək
burada atasının çalışdığı
"Darrüssiyada" məktəbinin nəzdində
qızlar üçün açılmış xüsusi
qrupda dərs deməyə başlamış, qadın
savadsızlığına qarşı mübarizə aparan
ziyalılarla çiyin-çiyinə
çalışmışdır.
Elə o
zaman böyük mesenat Hacı Zeynalabdin Tağıyev
Bakıda ilk qızlar məktəbini açır. Bununla da
ilk dəfə müsəlman Şərqində
qadınların yüksək təhsil almasının təməli
qoyulur. Elə o dövrdə müəllim kadrların
çatışmazlığını nəzərə
alaraq görkəmli ictimai-siyasi xadim Nəriman Nərimanov Məmmədəmin
Şeyxzadəyə məktub yazaraq ondan qızını həmin
məktəbdə dərs deməyə göndərməsini
xahiş edir. Ata bu dəvətdən məmnun qalsa da,
qızının dövlət məktəbində təhsil
almadığı üçün belə bir hüququ
olmadığını bildirir və gənc Şəfiqə
1901-ci ildə Tiflisə qayıdır, orada təcili imtahan
verir və müəllimlik attestatı alır. Sonra Bakıya
gəlir və rus-müsəlman qızlar məktəbində
ana dilindən dərs deməyə başlayır. O, cəhalətin
hökm sürdüyü bir vaxtda müəllimə rəfiqəsi
Səkinə Axundzadə ilə birlikdə dram dərnəyi
yaradır. Qızlara teatr mədəniyyəti, aktyorluq sənəti
barədə məlumatlar verir, onları dövrün mətbuat
xülasələri ilə tanış edir. Gənc
qızların yüksək təhsil almasına
çalışan Şəfiqə xanım 1910-cu ilədək
bu məktəbdə müəllimə kimi
çalışır, eyni zamanda fars, rus və ərəb
dillərini, Şərq klassik ədəbiyyatını dərindən
öyrənir.
Ancaq
bütün bu fəaliyyətinə baxmayaraq repressiya
maşını Ömər Faiq Nemanzadə kimi ondan da yan
keçmir. Ancaq xatirəsi hələ də xalqımız tərəfindən
əziz tutulmaqdadır. Bakı məktəblərindən biri
onun adını daşımaqdadır.
SSRİ-nin
süqutundan sonra Gürcüstana - öz tarixi Vətəninə
can atan Axıska türkləri çoxlu problemlə
qarşılanmaqdadır. 1990-cı illərdə
Gürcüstan Axıska türklərinin hissə-hissə
geri dönməsinə razılıq versə də, bu,
sürgündən sonra onların torpaqlarına yiyələnmiş
ermənilər tərəfindən narazılıqla
qarşılanır.
Özbəkistan
hadisələrindən sonra Rusiyanın Krasnodar vilayətinə
yerləşdirilən Axıska türklərinin bir qismi
buradakı erməni icmalarının fitvası ilə rus
kazakların təzyiqlərinə məruz qalaraq müxtəlif
ölkələrə, o cümlədən ABŞ-a üz
tutmaqdadırlar. Artıq bu ölkədə yerləşən
axıskalıların sayı 15.000-i ötüb.
Amma
bütün bunlara baxmayaraq 1999-cu ildə Gürcüstan Avropa
Şurasına üzv qəbul olunarkən Axıska türklərinin
geri dönməsilə bağlı öhdəlik
götürmüşdür. Buna görə 1999-cu ildən
başlayaraq üç il ərzində
axıskalıların dönüşünə başlanacaq
və 12 ilə, yəni 2011-ci ilə bu tarixi dönüş
başa çatmalıdır. Bü öhdəliklərə əməl
olunmasa, Avropa İnsan Haqları Məhkəməsinə
müraciət etmək imkanı yaranacaqdır.
Gürcüstan
Axıska türklərinin geri dönüşünə
müxtəlif şərtlər daxilində baxmaq istəyir. Əvvəla,
vaxtilə 91 min insanın sürgünə getməsinin
ardından daha çox axıskalının geri dönməsini
əsas gətirərək onların digər bölgələrə
yerləşdirilməsinə çalışır.
İkinci şərt kimi türklərə veriləcək
kimliklərdə onların türk və müsəlman deyil,
gürcü və xristian yazılmasıdır. Məqsəd
onların türk olmayıb zamanla və zorla osmanlılar tərəfındən
müsəlmana çevrilərək türkləşdirilən
gürcülər olduğunu bildirməkdir.
Bu hesabla
bəzi gürcü tarixçiləri acarları, lazları və
çveneburları müsəlman gürcülər,
torbaşıları müsəlman makedonlar, goranlıları
müsəlman serblər, bosniyalıları müsəlmanlığı
qəbul etmiş slavyanlar, qaqauzları türkləşmiş
xristian bolqarları, pomakları müsəlmanlığı
qəbul etmiş bolqarlar, krit müsəlmanlarını yunan,
Krım tatarlarını islamı qəbul etmiş alan və
yunanlar, xemşilləri isə müsəlman ermənilər
deyə qəbul etdirməyə can atırlar.
Çəkişmələr
davam edir, beş rayon və 200 kənddən ibarət bu
bölgədə yenə gürcülər və ermənilər
çoxluq təşkil edərək yaşamaqda, 100-ə
yaxın köy (kənd) isə türklərin
sürgünündən bu günə kimi boş
qalmaqdadır. Axıskalıların malı və
mülkü də onlara qaytarılmayıb.
Bu
haqsızlığın tarixi isə çox əvvəllərə
gedib çıxır. 1928-1937-ci illərdə
axıskalıları məcbur edirdilər ki, özlərini
gürcü olaraq göstərsinlər və gürcü
familiyası daşısınlar. Böyük Vətən
müharibəsi başlayanda axıskalılarda əli silah
tuta bilən bütün insanları - 40 min nəfər cəbhəyə
göndərildi və onların 26 mini bu davada həyatını
itirdi. Ardınca 90 mindən artıq axıskalı öz
ata-baba yurdundan didərgin salındı. Müharibədən
sonra da bu sürgünlər davam etdi. Abxaziya və
Acarıstanda yaşayan, osmanlı türkü
adlandırılanlar da 1948-1949-cu illərdə Orta Asiyaya
sürgün edildilər. Sürgün yerlərində
onların hansısa başqa bir yerə köçməsinə
icazə verilmirdi. Bu haqsızlığa qismən 1956-cı
ildə Stalinin ölümündən sonra son qoyuldu. Onlar
Qafqaza, Kabardin-Balkara və digər yerlərə köçə
bildilər. Orada qalıb yaşamaq istəyənləri isə
qarşıda Fərqanə hadisələri gözləyirdi...
Qəribliyə
nöqtə qoy,
Qürbət
yaraşmır sənə,
Görüşlərə
hazırlaş,
Həsrət
yaraşmır sənə.
Qayıt
peyğəmbər kimi,
Hicrət
yaraşmır sənə,
Böyük
mübarizənin
Nə
sonu var, nə ilki,
Hayqır,
Axıska Türkü!!!
Bəxtiyar QARACA
Azərbaycan.- 2012.- 25 avqust.- S. 6.