Qəhrəman kimi döyüşdü, qəhrəman kimi yaşadı

 

Bu günlərdə respublika "Kitab" Cəmiyyətinin xətti ilə "Elm xadimləri" seriyasından görkəmli tarixçi və şərqşünas, tanınmış ictimai xadim, akademik Ziya Musa oğlu Bünyadovun anadan olmasının 90 illiyinə həsr olunmuş yeni miniatür kitab işıq üzü görmüşdür.

"İNDİQO" nəşriyyatında buraxılmış 40x45 mm formatlı "Ziya Bünyadov- qəhrəman kimi döyüşdü, qəhrəman kimi yaşadı" adlı nəşr supercildi və nəfis poliqrafik tərtibatı ilə ilk baxışdan diqqəti cəlb edir. Zəngin və çoxşaxəli yaradıcılığı sayəsində tarix elminin yeni mərhələyə yüksəldilməsi işinə layiqli töhfələr vermiş alimin Azərbaycanda yeni ərəbşünas tarixçilər nəslinin formalaşmasında böyük xidmətləri olmuşdur. Kitabın ilk səhifələrində akademikin 90 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2011-ci il tarixli sərəncamı yerləşdirilmişdir.

270 səhifəlik mini nəşrdə elm xadiminin ömür yoluna və yaradıcılıq fəaliyyətinə həsr edilmiş portret-oçerkakademikin "Nə üçün Sumqayıt? Vəziyyətin təhlili" məqaləsi (rus dilində) verilmişdir. Görkəmli alim haqqında yazılmış portret-oçerkin müəllifi əməkdar jurnalist İradə Əliyevadır. Burada böyük şəxsiyyətin həyatının ən əlamətdar, yaddaqalan anları, hadisələri, "Qızıl ulduzlu" qəhrəmanın keçdiyi döyüş yolu öz əksini tapmışdır. Kitabda xüsusi vurğulanmışdır ki, akademik Ziya Bünyadovun qələmindən çıxan 300-dən çox elmi əsərin hər biri onun geniş erudisiyasını, hədsiz işgüzarlığını və böyük tədqiqatçılıq qabiliyyətini nümayiş etdirir. Görkəmli alimin orta əsr yaşayış məntəqələrinin müəyyənləşdirilməsinə, şəcərə cədvəllərinin dəqiqləşdirilməsinə, Azərbaycanın qonşu ölkələrlə tarixi əlaqələrinə dair mühüm faktların sistemləşdirilməsinə həsr olunmuş yazıları, habelə tibb, seysmologiyaastronomiyaya dair orta əsr ərəb mənbələrindəki məlumatların aşkara çıxarılıb elmə gətirilməsi sahəsindəki səyi gərgin əməyin və ciddi tədqiqatçılıq məharətinin bəhrəsi idi.

Ziya Bünyadov orta əsrlər Azərbaycan və Yaxın Şərq tarixinin ən məhsuldar tədqiqatçılarından idi. Onun "Azərbaycan VII-IX əsrlərdə", "Xarəzmşahlar dövləti", "Azərbaycan Atabəylər dövləti (1136-1225)" və digər əsərləri tarixşünaslığın klassik nümunələridir. 1965-ci ildə çap olunan "Azərbaycan VII-IX əsrlərdə" kitabı Z.Bünyadova Azərbaycanın orta əsrlər tarixi üzrə ciddi tədqiqatçısı və mütəxəssisi şöhrətini gətirmişdir. Bu, Azərbaycan tarixinin ərəb xilafəti dövrünə dair sovet tarixşünaslığında yazılmış ilk tədqiqat əsəri idi.

Yazıda ümummilli lider Heydər Əliyevin akademik Ziya Bünyadov haqqında fikirləri də öz əksini tapıb. Ulu öndər onun fitri istedada malik olduğunu həmişə yüksək qiymətləndirib, cəsurluğunu, cəsarətini, zəkasını, fədakarlığını, zəhmətsevərliyini, işgüzarlığını, əzmini layiqincə dəyərləndirib. 1998-ci ildə Ziya Bünyadov ölümündən sonra "İstiqlal" ordeni ilə təltif olunub.

Mini nəşrdə güclü zəkası, gözlənilməz proqnozları, heyrətamiz fəhmi, qeyri-adi duyumu, həssaslığı ilə seçilən akademikin elm təşkilatçısı, AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı kimi  fəaliyyətindən də, tarix elminə gətirdiyi yeniliklərdən də söhbət açılır, Şərqşünaslıq İnstitutuna rəhbərlik etdiyi dövr geniş işıqlandırılır, elm məbədinin inkişafında, mütəxəssislərin yetişməsində müstəsna xidmətləri xüsusi vurğulanır.

Kitabda respublikada milli azadlıq hərəkatının inkişafında, Yeni Azərbaycan Partiyasının yaradılmasında Ziya Bünyadovun apardığı işlər barədə də ətraflı danışılır. Qeyd edilir ki, bu dövrdə akademikin elmi, ictimai-siyasi fəaliyyəti yeni bir istiqamət və vüsət alır. Gənclərimizdə milli dirçəliş və milli oyanış hisslərinin gündən-günə inkişaf etməsi Z.Bünyadov kimi alimlərin əsərlərinin təsiri ilə bağlı idi. Görkəmli alim milli dirçəliş hisslərinin inkişaf etməsinə bir tərəfdən öz əsərləri, digər tərəfdən məhz ictimai-siyasi fəaliyyəti ilə xidmət edirdi. O illərdə Z.Bünyadov meydanlarda nitq söyləyən, Ermənistanın Azərbaycana təcavüzünə qarşı səsini qaldıran və erməni qəsbkarlarının haqsız iddialarına etiraz edən, milli azadlıq hərəkatının önündə gedən insanlardan biri idi.

"Kitab" Cəmiyyətinin sədri Zərifə Salahova həmin günləri xatırlayaraq deyir ki, 1989-cu ilin mayında akademik Ziya Bünyadovun rus dilində yazdığı "Nə üçün Sumqayıt?" məqaləsi dərc olunmuşdu: "Bu məqalə o dövrdə böyük bir sensasiyaya səbəb oldu. Hər faktı doğru-dürüst yazmaq həmin illərdə böyük cəsarət tələb edirdi. Bu cəsarəti biz Z.Bünyadovda gördük. O zaman akademik öz avtoqrafı ilə məqaləni mənə vermişdi. Bu gün isə həmin yazını miniatür kitabda yerləşdirməyi qərara aldıq".

Ziya Bünyadov Azərbaycanın azadlığı, dövlət müstəqilliyi uğrunda fədakarcasına mübarizə apara-apara şəhid oldu. Böyük alimin faciəli ölümü bütün xalqımız üçün əvəzsiz itki idi. O, keçdiyi həyat yolu ilə özünə əbədi heykəl ucaltdı. Qəhrəman kimi döyüşdü, qəhrəman kimi də yaşadı.

Miniatür kitabda elm xadiminin ziyalılığı, yüksək insani keyfiyyətləri, xarakterini səciyyələndirən xüsusiyyətlər müxtəlif epizodlarla açılıb göstərilmişdir. 100 nüsxə tirajla çap olunmuş kitabda 53 ağ-qara fotoşəkil yerləşdirilmişdir. Miniatür kitab "Ulu Göyçə" MMC-nin sponsorluğu ilə çap olunmuşdur.

 

 

Azərbaycan.- 2012.- 25 avqust.- S. 6.