Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan müdafiə təyinatlı məmulatların çeşidlərinin sayı 25 faiz artmışdır

 

 İyulun 23-dən 31-dək Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeli müəssisələrində cari ilin birinci yarısının  yekunlarına həsr edilmiş səyyar kollegiya iclasları keçirilmişdir.

MSN-in mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, nazir Yavər Camalovun sədrliyi ilə keçirilən iclaslarda nazirliyin birlik və müəssisələrin istehsal, maliyyə-təsərrüfat fəaliyyətlərinin yekunları və qarşıda duran məsələlər geniş müzakirə edilmişdir.  Bildirilmişdir ki, hesabat dövründə nazirliyin müəssisələrində müvafiq proqramlar əsasında müdafiə təyinatlı məmulatların yaradılması və istehsalı üçün yeni istehsal sahələrinin yaradılması işləri davam etdirilmişdir. 

Respublikanın güc strukturlarının sifarişləri üzrə cari ildə nəzərdə tutulan tədbirlərin icrası davam etdirilmiş, bağlanmış müqavilələr əsasında müdafiə təyinatlı məmulatlar istehsal edilərək sifarişçilərə təhvil verilmişdir. Eləcə də, mülki məmulatların istehsalının genişləndirilməsi üzrə işlər davam etdirilmişdir.

Cari ilin birinci yarısında nazirliyin müəssisələrində istehsal olunmuş  məhsulların ümumi həcminin 68,3 faizini müdafiə və xüsusi təyinatlı, 31,7 faizini isə mülki təyinatlı məhsullar təşkil etmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə istehsalı mənimsənilmiş müdafiə təyinatlı məmulatların çeşidlərinin sayı 25 faiz artmışdır.

Müdafiə təyinatlı məmulatların yaradılması üzrə 13 mərhələ yerinə yetirilmiş, o cümlədən 4 mövzu tam başa çatdırılmış, digər mərhələlər üzrə işlər davam etdirilir.

İclaslarda birlik və müəssisə rəhbərlərinin hesabatları dinlənilmiş, ötən dövr ərzində tabeli birlik və müəssisələr tərəfindən  görülmüş işləri müsbət qiymətləndirilmişdir.

İclasda Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran məsələlərə həsr olunmuş geniş iclasında Prezident İlham Əliyevin ölkənin sənaye infrastrukturunun inkişafı ilə bağlı söylədiyi yüksək fikirlər və tapşırıqlar bir daha xatırlanmış, Ali Baş Komandanın ölkənin müdafiə sənayesinin inkişafı ilə bağlı verdiyi tapşırıqların yerinə yetirilməsi üçün struktur bölmə, birlik və müəssisələrin rəhbərlərinə xüsusi göstərişlər verilmişdir.

 

 

Azərbaycan.- 2012.- 1 avqust.- S. 4.