Bakıda Həmkarlar ittifaqları və gənclərin məşğulluğu: qlobal çağırışlar və yeni yanaşma mövzusunda ikigünlük beynəlxalq konfrans keçirilir

 

İyulun 31-də Bakıda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası Pan-Avropa Regional Şurasının (PARŞ) birgə təşkilatçılığı ilə "Həmkarlar ittifaqları və gənclərin məşğulluğu: qlobal çağırışlar və yeni yanaşma" mövzusunda beynəlxalq subregional konfrans öz işinə başlamışdır.

AzərTAc xəbər verir ki, ikigünlük konfransda Beynəlxalq Əmək Təşkilatı (BƏT) Əməkçilərin Fəaliyyətləri Bürosunun baş iqtisadçısı Məhəmməd Mvamodzinqo, təşkilatın baş mütəxəssisi Sergius Qlavaskas, PARŞ-ın eksperti Anton Leppik və Gənclər Şurasının sədri Tuğba Balçı ilə yanaşı, Türkiyə, Rusiya, Ukrayna, Macarıstan və digər ölkələrdə fəaliyyət göstərən milli həmkarlar ittifaqlarının 15 gənc lideri iştirak etmişlər.

Tədbiri açan AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev konfransın əhəmiyyətini vurğulamış, dünyada gənclərin işsizlik səviyyəsi haqqında məlumat vermişdir. Bildirmişdir ki, bir çox ölkələrdə gənclər arasında işsizlik yaşlılara nisbətən iki-üç dəfə çoxdur  və bəzi MDB ölkələrində işsizlərin ümumi sayının 40 faizini gənclər təşkil edir. Gənclər adətən qeyri-sabit, qeyri-formal, müvəqqəti, az maaşlı və sosial müdafiə təminatı aşağı olan işlərdə çalışırlar.

Azərbaycanda gənclərin məşğulluğu sahəsində görülən işlərdən danışan S.Mehbalıyev qeyd etmişdir ki, Azərbaycan gənclərin məşğulluq şəbəkəsinə daxil olan qabaqcıl ölkələr sırasındadır.

AHİK-in sədri qeyd etmişdir ki, gənclərin məşğulluq vəziyyətinin təhlili, eləcə də gənclərin məşğulluğunun dəstəklənməsi üzrə Milli Fəaliyyət Planında gənclər arasında işsizliyin azaldılması, onların fəaliyyətinin dəstəklənməsi və peşəyönümlü təlimlərin keçirilməsi əsas prioritet təşkil edir. Azərbaycanda gənclərin sayı sürətlə artır. Əhalinin 35 faizi 16-35 yaş arası gənclərdir və iqtisadi fəal əhalinin 27 faizini, məşğul əhalinin isə 25,5 faizini təşkil edir.

S.Mehbalıyev respublikamızda gənclər arasında işsizlik məsələsinə Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin də təsir etdiyini vurğulamışdır. Qeyd edilmişdir ki, bu işğal nəticəsində Azərbaycan ərazisinin 20 faizindən və 300 min yerindən məhrum olmuşdur. Ölkə rəhbərliyinin bu məsələyə diqqət yetirdiyini nəzərə çatdıran AHİK-in sədri son səkkiz ildə Azərbaycanda 1 milyondan çox yerinin açıldığını, "Gənclər siyasəti haqqında" qanunun qəbul edildiyini və gənclərlə bağlı Fəaliyyət Planının həyata keçirildiyini vurğulamışdır.

Sonra konfransın məqsəd və vəzifələri haqqında PARŞ-ın Gənclər Şurasının sədri T.Balçı və PARŞ-ın eksperti A.Leppik məlumat vermişlər.

Daha sonra müzakirələr "dəyirmi masa"lar ilə davam etdirilmişdir. "Gənclərin məşğulluğuna dair qlobal çağırışlar və həmkarlar ittifaqlarının yanaşması", "Milli çağırış və yanaşmalar", "Kommunikasiyaya dair strategiya və bərpa olunmanın konsepsiyası" mövzularında çıxışlar dinlənilmiş, təkliflər irəli sürülmüşdür.

 

 

Azərbaycan.- 2012.- 1 avqust.- S. 7.