Azərbaycanda 2020-ci ilədək elektrik enerjisində bərpa olunan enerjinin payı 20 faizə çatacaqdır

 

İyulun 31-də Bakıda Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkəti tərəfindən "2013-2015-ci illərdə alternativ və bərpa olunan enerji mənbələrindən və enerjidən səmərəli istifadə olunması üzrə ortamüddətli tədbirlər planı"nın təqdimatı ilə bağlı seminar keçirilmişdir.

AzərTAc xəbər verir ki, seminarda aidiyyəti dövlət qurumlarının, Avropa İttifaqının, Dünya Bankının, Azərbaycanda akkreditə olunmuş xarici səfirlərin, energetika sahəsində fəaliyyət göstərən müəssisə və şirkətlərin, qeyri-hökumət və ictimai birliklərin nümayəndələri iştirak etmişlər.

Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Şirkətinin sədri Akim Bədəlov tədbirin keçirilməsinin məqsədi və əhəmiyyəti barədə məlumat vermişdir. A.Bədəlov hazırda ölkədə alternativ və bərpa olunan enerji mənbələrindən istifadə sahəsindəki vəziyyət, yeni yaradılmış dövlət şirkətinin qarşısında duran vəzifələr və gələcək fəaliyyət barədə danışmışdır. O, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il  1 iyun tarixli   "Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkətinin yaradılması haqqında" Fərmanının  əhəmiyyətini vurğulamışdır. A.Bədəlov bildirmişdir ki, 2010-cu ildən dövlət agentliyi kimi fəaliyyətə başlayan bu qurum Azərbaycanın alternativ enerji mənbələri və onun istifadə və inkişafı istiqamətində ilk addımlarını atmışdır. Azərbaycana bu sahədə inkişaf edən  xarici dövlətlər, Avropa İttifaqı, BMT dəstək göstərmişdir. Bu istiqamətdə görülən işlərin ardıcıllığını və sistemliliyini təmin etmək üçün bu sahədə dövlət proqramının hazırlanması nəzərdə tutulur.

Dövlət şirkətinin direktor müavini  Cəmil Məlikov "2013-2015-ci illərdə alternativ və bərpa olunan enerji mənbələrindən və enerjidən səmərəli istifadə olunması üzrə ortamüddətli tədbirlər planı" üzrə geniş təqdimatla çıxış etmişdir.

Bildirilmişdir ki, Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı çərçivəsində elektrik şəbəkəsinin müasirləşdirilməsi, enerji infrastrukturunun təhlükəsizliyinin artırılması, bərpa olunan enerji sektorunun inkişafı üçün proqramların və qaydaların hazırlanması nəzərdə tutulmuşdur. Avropa İttifaqının enerji siyasətinə görə, enerji istehlakında bərpa olunan enerjinin payı 20 faizə çatdırılmalıdır.

Azərbaycanın 2020-ci il üçün enerji siyasətinə görə, elektrik enerjisində bərpa olunan enerjinin payı 20 faizə, ümumi enerji istehlakında bərpa olunan enerjinin payı 9,7 faizə çatdırılmalıdır.

Sonra təqdimatla bağlı müzakirələr aparılmış, tədbir iştirakçılarının və kütləvi informasiya vasitələri nümayəndələrinin sualları cavablandırılmışdır.

 

 

Azərbaycan.- 2012.- 1 avqust.- S. 8.