Bakıda keçiriləcək II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Beynəlxalq işçi qrupu tədbirlə bağlı hazırlıq işlərinə başlamışdır

 

 Bakıda keçiriləcək II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Azərbaycan, UNESCO, ISESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və Avropa Şurasının Şimal-Cənub Mərkəzinin nümayəndələrindən ibarət Beynəlxalq işçi qrupu artıq tədbirlə bağlı hazırlıq işlərinə başlamışdır.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu 2013-cü il mayın 29-dan iyunun 1-dək Bakıda keçiriləcəkdir.

Yuxarıda adları çəkilən qurumların tərəfdaşlığı ilə I Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu 2011-ci il aprelin 7-dən 9-dək Bakıda keçirilmişdir.

Birinci forumda 102 ölkədən nümayəndə, 10-dan çox beynəlxalq qurumdan rəhbər şəxslər, 20-yə yaxın ölkədən nazir, bir çox nüfuzlu beyin mərkəzlərinin və media təşkilatlarının əməkdaşları, ümumilikdə dünyanın bütün qitələrindən 500-ə yaxın qonaq iştirak etmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2011-ci il 27 may tarixli müvafiq fərmanına əsasən, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iki ildən bir Azərbaycanda keçirilməsi qərara alınmış, tədbirin əlaqələndirici qurumu funksiyası isə Mədəniyyət və Turizm Nazirliyinə həvalə olunmuşdur.

 

 

Azərbaycan.- 2012.- 1 avqust.- S. 8.