Avarçəkənlərimiz
yarımfinalda
Dünən London Yay Olimpiya Oyunları çərçivəsində keçirilən akademik avarçəkmə yarışlarında 1/4 final mərhələsinin görüşləri keçirilib. Turnirdə mübarizəni davam etdirən təmsilçilərimiz Aleksandr Aleksandrov və Natalya Mustafayeva da yarımfinala çıxmaq üçün qüvvələrini sınayıblar.
Kişilər arasında 1 nəfərlik qayıqla (M1X) çıxış edən Aleksandrov ikinci yürüş zolağında mübarizə aparıb. Onun rəqibləri seçmə yürüşdə qabaqladığı braziliyalı Anderson Noçetti, eləcə də almaniyalı dünya çempionu və son 3 olimpiadanın iştirakçısı Marsel Haker, böyük britaniyalı, son 2 olimpiadanın iştirakçısı Alan Kempbell, meksikalı Patrik Loliger Salas və cənubi koreyalı Donq Yonq Kim olublar. Yürüşün əvvəllərindən Kempbell üstünlüyə yiyələnib. Yerli azarkeşlərin dəstəyilə irəli çıxan böyük britaniyalı avarçəkən 500 metrlik məsafədə 1 dəqiqə 39,88 saniyə nəticə ilə birinci olub. Ondan 0,87 saniyə geri qalan Haker ikinci, 1 dəqiqə 41,83 saniyə göstəriciyə malik Aleksandrov isə üçüncü yeri tutub. 1000 metrlik bölümdə Aleksandrov Hakerlə saniyə fərqini 0,18-ə, 1500 metrlik bölümdə isə 0,91-ə endirib. Nəticədə Kempbell 6 dəqiqə 52,10 saniyə nəticə ilə birinci, Hakker 6 dəqiqə 54,18 saniyə göstərici ilə ikinci, Aleksandrov isə 6 dəqiqə 56,36 saniyə ilə üçüncü yeri tutub. Hər 3 avarçəkən yarımfinala vəsiqə qazanıb.
Qadınlar arasında isə 1 nəfərlik qayıqla (W1X) çıxış edən təmsilçimiz Natalya Mustafayeva 2000 metr məsafəyə yürüşdə Eji Kim (Cənubi Koreya), Xaruna Sakakibara (Yaponiya), Yekaterina Karsten (Belarus), Fi Udbi Eriksen (Danimarka) və Kissya da Kosta (Braziliya) ilə mübarizə aparıb. Londondakı Dorni gölündə keçirilən yürüşdə avarçəkənimiz 8 dəqiqə nəticə ilə üçüncü nəticə göstərərək yarımfinala çıxıb.
Xatırladaq ki,
yarımfinal görüşləri bu gün keçiriləcək.
Azərbaycan.- 2012.- 1 avqust.- S. 6.