Cəlilabadda Heydər Əliyev adına Yaradıcılıq Mərkəzi açılmışdır

 

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 31-də Cəlilabadda istirahət parkının yaxınlığında inşa olunmuş Heydər Əliyev adına Yaradıcılıq Mərkəzinin açılışında iştirak etmişdir.

Dövlət başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, mərkəzin tikintisinə ötən il başlanmışdır. İnşaat işləri daxili imkanlar hesabına aparılmışdır. Ərazisi 1200 kvadratmetr olan bina orijinal memarlıq üslubu ilə diqqəti cəlb edir.

Mərkəzin birinci mərtəbəsində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Cəlilabad rayonuna səfərlərini əks etdirən fotoguşələr vardır. Bu fotolar ümummilli lider Heydər Əliyevin və dövlət başçısı İlham Əliyevin Cəlilabad rayonunun sosial-iqtisadi inkişafını daim diqqət mərkəzində saxlamaları barədə dolğun təəssürat yaradır.

Birinci mərtəbədəki "Cənub palitrası" təsviri incəsənət studiyasında rayon gənclərinin rəsm və digər əl işləri nümayiş etdirilir. Burada rəssamlığın sirlərinə dərindən yiyələnmək üçün müvafiq dərnək fəaliyyət göstərir. Gənclərə ağac üzərində oyma, toxum və meyvə tumlarından müxtəlif əl işlərinin hazırlanmasının incəlikləri də öyrədilir. Mərkəzdə gənclər millimüasir rəqslərin sirlərinə də dərindən yiyələnmək imkanı əldə edirlər. Burada üç inzibati otaq vardır. Ən müasir avadanlıqdan istifadə edilməklə kompyuter kursları da yüksək səviyyədə tədris olunacaqdır. Fotostudiyada bu sənətin qədimdən indiyə qədərki tarixi dərindən öyrədiləcəkdir. Bu dərnəkdə məşğul olanlar videoçəkilişlərin aparılmasını da öyrənəcəklər. Xarici dil studiyasında tədris linqvistik avadanlıq əsasında dörd dildə aparılacaqdır. Xalçaçılıq studiyasında gənclərimiz Azərbaycan xalçaçılıq məktəblərinin ənənələri ilə yaxından tanış olacaqbu qədim sənətin sirlərinə yiyələnəcəklər. İkinci mərtəbədə yerləşən muğam studiyasına da cəlilabadlı gənclər xüsusi maraq göstərirlər. Burada onlara məşhur xanəndələr və tanınmış bəstəkarlar haqqında geniş məlumat veriləcək, dünya mədəni irs siyahısında müstəsna yeri olan Azərbaycan muğamının incəlikləri tədris olunacaqdır.

Mərkəzdə yetkinlik yaşına çatan qızlar üçün "Gənc analar" studiyası fəaliyyət göstərəcəkdir. Burada gənc analar Azərbaycan mətbəxi ilə yaxından tanış olacaq, gündəlik ev işlərini daha dərindən yerinə yetirmək üçün təcrübəli müəllimlərdən dərs alacaqlar. Mərkəzin orijinallığı ilə seçilən dərnəklərindən birimoda studiyasıdır. Burada gənc xanımlara toxumatikiş sənəti barədə dolğun məlumat veriləcək, kəsmə, biçmə və tikmə ilə bağlı digər vərdişlər öyrədiləcəkdir.

Diqqətə çatdırıldı ki, ümumilikdə respublikamızın regionlarında bu cür müasir mərkəzlərin yaradılmasına böyük ehtiyac vardır. Dövlət siyasətinə uyğun olaraq bu istiqamətdə tədbirlər daha intensiv xarakter alır.

Prezident İlham Əliyev mərkəzdə yaradılmış şəraiti yüksək qiymətləndirdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 2 avqust.- S. 1.