Bayraq Meydanı və
Gənclər Parkı cəlilabadlıların sevimli istirahət
məkanına çevrilmişdir
İyulun 31-də Azərbaycan Prezidenti İlham Əliyev Cəlilabad şəhərində yenidən qurulan Bayraq Meydanı və Gənclər Parkı ilə tanış olmuşdur.
Dövlət başçısı əvvəlcə Bayraq Meydanına gəldi.
Diqqətə çatdırıldı ki, şəhərin ən yüksək nöqtəsində inşa olunan bayraq dirəyinin hündürlüyü 41, bayrağın uzunluğu 20, eni isə 10 metrdir. Meydanın ətrafı abadlaşdırılmışdır.
Prezident İlham Əliyevə bildirildi ki, Gənclər Parkı və burada yaradılmış Bayraq Meydanı Cəlilabadın mərkəzində, 50 metr yüksəklikdə daxili imkanlar hesabına inşa olunmuşdur. Burada yaradılan şəraitlə tanışlıq zamanı diqqətə çatdırıldı ki, iki hektar ərazini əhatə edən park başdan-başa yenidən qurulmuşdur.
Dövlət başçısına məlumat verildi ki, ölkəmizin hər yerində olduğu kimi, Cəlilabadda da gənclərlə iş sahəsində və onların istirahətinin səmərəli təşkili ilə bağlı əməli tədbirlər görülür. Gənclər Parkı əsaslı bərpa və yenidənqurmadan sonra Cəlilabadın gözəlliyini daha da artırmışdır.
Kompleks Gənclər Parkı, Bayraq Meydanı, restoran və tikinti işləri davam etdirilən üçmərtəbəli, 30 yerlik oteldən ibarətdir. Burada mədəni-kütləvi tədbirlərin və el şənliklərinin keçirilməsi üçün 200 nəfərlik restoran da inşa edilmişdir. Burada möhtəşəm şəlalə və fəvvarə kompleksləri qurulmuşdur.
Gənclər Parkında uşaqlar
üçün maraqlı attraksionlar
quraşdırılmışdır. Gənclər burada bilyard, tennis,
şahmat, dama və digər oyunlar oynaya biləcəklər.
Bildirildi
ki, yaşıllaşdırma işləri aparılarkən əvvəldən
mövcud olan həmişəyaşıl bitkilər
saxlanmış, minədək yeni dekorativ ağaclar və
gül kolları əkilmiş, müasir
işıqlandırma sistemi qurulmuşdur.
Prezident
İlham Əliyev Gənclər Parkında və Bayraq
Meydanında yaradılan şəraiti yüksək qiymətləndirdi,
müvafiq tapşırıq və tövsiyələrini
verdi.
AzərTAc
Azərbaycan.- 2012.- 2 avqust.- S. 1.