ABŞ Dövlət
Departamenti: Azərbaycan terror təşkilatları ilə fəal
mübarizə aparır
ABŞ Dövlət Departamenti Azərbaycanın 2011-ci ildə terrorizmlə mübarizə çərçivəsində gördüyü işləri yüksək qiymətləndirərək bu istiqamətində qanunvericilik və praktik sahələrdə qazanılan uğurları diqqətə çatdırmışdır.
ABŞ Dövlət Departamentinin 2011-ci il üçün terrorizmlə mübarizəyə həsr olunmuş məruzəsində deyilir: "Azərbaycan Qafqazdan insanların, malların və pulların keçirilməsinə səy göstərən terrorçu təşkilatlarla fəal mübarizə aparır. Azərbaycan hökuməti ölkədə terrorçu vasitəçilərin azaldılmasında müəyyən uğurlar qazanmış və onların fəaliyyətinə qarşı fəal mübarizə aparır".
İyulun 31-də dərc edilmiş məruzə ABŞ xarici siyasət idarəsinin saytında yerləşdirilmişdir.
Eyni zamanda, 2011-ci il üçün məruzədə Azərbaycan ərazisində terrorçuluq fəaliyyəti ilə məşğul olmaqda şübhəli bilinən qrupların və onların vasitəçilərinin üzə çıxarılması istiqamətində Azərbaycan hüquq-mühafizə orqanlarının fəaliyyəti yüksək qiymətləndirilir. Bundan əlavə, dövlətin quru və dəniz sərhədlərinin təhlükəsizliyinin möhkəmləndirilməsi sahəsində də irəliləyiş qeydə alınmışdır.
Sənəddə deyilir: "Azərbaycan hökuməti bioterrorizmin potensial təhlükələrinin tədqiq ediləcəyi müasir obyekt - Mərkəzi Meteorologiya Laboratoriyasının modernləşdirilməsini başa çatdırmışdır.
Kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması çərçivəsində Azərbaycan hökuməti Hərbi Dəniz Donanması, Sahil Mühafizəsi və Dövlət Sərhəd Xidməti tərəfindən dəniz kəşfiyyatının aparılması və qaçaqmalçılıq təhlükəsinin müəyyən edilməsi üçün istifadə etdiyi Xəzər boyunca yerləşən yeddi radiolokasiya stansiyasının dəstəklənməsi üçün məsuliyyəti öz üzərinə götürür".
Məruzədə vurğulanır ki, sərhəd təhlükəsizliyinin təmin olunması sahəsində Gəncə Beynəlxalq Hava Limanında yenidənqurma işlərindən sonra yeni monitorların quraşdırılması diqqətə çatdırılmışdır. Xüsusi proqramın köməyi ilə monitorlardan alınan məlumatlar müxtəlif sərhəd məntəqələrində toplanıb təhlil ediləcəkdir.
ABŞ Dövlət Departamenti bildirmişdir ki, çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi ilə mübarizənin qiymətləndirilməsinə dair Ekspert Qrupunun (MONEY üzvü olan Azərbaycan hökuməti 2009-cu ildən çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi ilə mübarizədə yüksək səviyyədə peşəkarlıq nümayiş etdirir.
Məruzədə deyilir: "2011-ci il ərzində Azərbaycanın və digər Xəzəryanı dövlətlərin təmsilçilərindən ibarət işçi qrupları hüquq-mühafizə orqanlarının Xəzər dənizində terrorizm, qaçaqmalçılıq, narkotiklərin qeyri-qanuni dövriyyəsi və mütəşəkkil cinayətkarlıqla mübarizəyə yönəldilmiş səylərinin əlaqələndirilməsi üçün dəfələrlə görüşmüşlər".
AzərTAc
Azərbaycan.- 2012.- 2 avqust.- S. 4.