Tarixin daş nəğmələri”

 

 Bəxtiyar Vahabzadənin sözüdür bu. Elə bil Gədəbəy torpağı üçün deyilib. Bu yerlər əsl qalalar diyarıdır. Müdrik şair yazmışdır ki, "qədim abidələr, onları yaradan xalqın keçib gəldiyi yollardan, bu yollarda çatdığı fikir və xəyal məqamlarından xəbər verən nişangahlardır. Özünü neçə-neçə nəsillərə göstərir. Əsrlərin burulğanından keçib gələn bu abidələr susa-susa danışır, danışa-danışa susur. Bu baxımdan abidələr susan daş nəğmələridir". Gədəbəy torpağı da belə yerlərlə çox zəngindir.

"Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Prezidentin 6 aprel 2010-cu il tarixli sərəncamından sonra dağlar diyarında genişmiqyaslı işlər görülür. Tale elə bil bu yerləri səyahət, istirahət üçün yaradıb. Gədəbəy uca dağların, dibi görünməyən dərələrin, sıldırım qayaların, məxməri meşələrin, güllü-çiçəkli çəmənlərin, gur çayların, buz bulaqların, çılğın şəlalələrin əhatəsində yerləşən bir gözəl məkan, sərhəd boyunca Azərbaycanın keşiyini çəkən basılmaz səngər, alınmaz qaladır. Qədim tarixə, Xocalı-Gədəbəy mədəniyyətinin bir hissəsinə, islam dininə qədərki dövrün cəsur insanlarının yaşadığı mağaralara, mədəniyyət abidələrinə, yazılı daşlara malik ulu yaşayış məskənidir bu yerlər.

Gədəbəy barlı-bərəkətli, min bir nemətli torpaqdır. Bu torpağın altı da qızıldır, üstü də. Büllur kimi saf dağ havası, min bir dərdin dərmanı olan şəfalı suları, qızıl, mis, dəmir ehtiyatları bu diyara hər yanda şöhrət qazandırır.

Dağlar diyarı Gədəbəy açıq səma altında zəngin bir muzeyə bənzəyir. Rayonda bir dünya, 81 ölkə və 24 yerli əhəmiyyətli abidə qeydə alınıb (Laqeydlik üzündən "yaddan çıxan", siyahıdan kənarda qalanlar da çoxdur). Gədəbəyin hər guşəsində qalaqalaçalar, müdafiə istehkamları, məbəd və türbələr diqqəti cəlb edir. Koroğlu qalası, Cənnət qala, Qız qalası, Zəngi qala... Hərəsi bir sənət əsəri, xalqın mənəvi tarixinin əvəzsiz yadigarıdır.

Dünya əhəmiyyətli Böyük Qalaça Söyüdlü kəndinin ərazisində yerləşir. Əslində bu nəhəng daşlardan hörülmüş uca bir qala - dağdır. Mütəxəssislərin fikrincə, ilk dəmir dövründə tikilib. Müdafiə məqsədi daşıyırmış. 1947-ci ildə burada müəyyən qazıntı, axtarış işləri aparılıb. Elimizin tarixitaleyi ilə maraqlanan hər kəs üçün çox baxımlı, çox ibrətamiz bir zirvədir.

Söyüdlü kəndinin digər bir "möcüzəsi" Qız qalasıdır. O da yüksək qayalığın başında, son dərəcə mənzərəli, füsunkar bir sahədə yerləşir. Hər tərəfdən yaşıllıqla əhatə olunub. Yaxınlıqda çay axır, şəlalə çağlayır. Qız qalası beş dairəvi sütundan ibarətdir. Hamısı da kərpiclə hörülüb. İlk baxışda giriş-çıxış yerləri görünmür. Sütunlar hündürlüyünə və diametrinə görə bir-birindən fərqlənir. Cəm halında bu kompleks qədim bir şəhəri xatırladır.

Deyirlər ki, bir zamanlar bu yerlərdən karvan yolu keçirmiş. Dağların başında, ən baxımlı yerdə əzəmətli bir qala da ucalır. El arasında ona Koroğlu qalası da deyirlər, Cavanşir qalası da. Geniş sahəni əhatə edir. Əsl qala- şəhərə bənzəyir.

Dəniz səviyyəsindən azı iki min metr hündürlükdə yerləşir. Öz dövrünə görə yaşayış üçün hər şəraiti olub. Gildən hazırlanmış borularla xeyli uzaqdan su çəkilib. Qala daxilində iki gözdən ibarət gizli su anbarı və külək dəyirmanın qalıqları indidurur. Qalanın ətrafında da qoşa təndir qalıqları, yüzlərlə qoyun sığan mağara, habelə, bir neçə qədimi məbəd...

Rayonun turist marşrutlarına baxırıq. Ən baxımlı yerlərdən biri Qalakənddir. Şəmkir çayının sahilində, uca dağların, sıx meşələrin qoynunda yerləşir.

Digər bir marşrut da Böyük Qaramurad kəndinə aparır. Buradakı Zəngli qala da tarixi əhəmiyyətə malikdir. Qədim alban məbədidir. Əsrlərin qovğalarından çıxaraq  bugünümüzə qədər gəlib çıxıb. Çox şeylərdən, çox mətləblərdən xəbər verir.

Gədəbəy rayonu axarlı-baxarlı olduğuna görə burada illər, əsrlər boyu bir  çox tağlı körpülər, keçidlər tikilib. Bu yerlərdə uzunluğu bir tağdan başlamış yeddi-səkkiz tağa qədər olan körpülər mövcuddur. Onların bir hissəsi, xüsusən yeddi tağlı Qanlı körpü nadir memarlıq nümunəsidir. Həmin körpü düz xətt boyunca deyil, qövsvari salınıb. Təbii ki, bu, körpünün yerləşdiyi ərazinin relyefindən asılıdır. Onların əksəriyyətindən indi də istifadə olunur.

Gədəbəyə meyil-maraq yaradan qala, qalaça və körpülərlə yanaşı, saysız-hesabsız mağaraları, kilsə və məbədləridir. Bunların hər birinin öz tarixi, öz taleyi var. Təəssüf ki, onların bir hissəsi dövlət tərəfindən mühafizə edilən abidələrin 2001-ci il avqustun 2-də Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahısına salınmayıb. Gərək bu qüsur düzələ. Əbəs demirlər ki, Gədəbəy 2012-ci ildə ölkəmizin əfsanələr paytaxtıdır. Bu əfsanələrin tədqiqi və  təbliği vacibdir, çox vacibdir.

Axarlı-baxarlı dağlar diyarı Gədəbəy tədricən turizm məskəninə çevrilir. Mədəniyyət və turizm şöbəsinin nəzdində "Turizm muzeyi" fəaliyyət göstərir. İcra orqanlarının təşəbbüsü ilə yol-iz təmir edilir, körpülər salınır, səyahət cığırları açılır, yeni-yeni istirahət guşələri düzəldilir. Turist axını çox olan yerlərdə "Bu Vətən bizimdir" adlı geniş məlumatlı istirahət düşərgələri təşkil olunur.

Rayon icra hakimiyyətinin başçısı Ramiz Yediyarov deyir ki, səfalı təbiət, sərin bulaqlar, yaşıl yamaclar, rahat yollar, müasir məişət bu yerlərə çox adam cəlb edir. Bizim əsas vəzifəmiz yaxın-uzaq ellərdən gələn müsafirlərə lazımi şərait yaratmaqdan, onları qədərincə məlumatlandırmaqdan ibarətdir. "Aşağı Narzan", "Şirxan", "Yuxarı Narzan" kimi müasir istirahət mərkəzlərində hər gün yüzlərlə adam dincəlir. Maarif kəndindəki "Eldorato" otel kompleksinə, Novosaratovka kəndindəki "Göyçə" ailəvi istirahət zonasına, Slavyankadakı avropasayağı istirahət mərkəzinə gələnlər xoş təəssüratla ayrılırlar.

Yeri gəlmişkən bir mühüm məsələni qeyd etmək istəyirik. Bu, əslində regionların əksəriyyəti üçün müşkül problem sayılır. Hər yerdə təbiət gözəldir, yol-iz sahmana salınır, yeni-yeni obyektlər tikilir, səyahət marşrutları düzəldilir. Di gəl ki, bugünün tələblərinə layiq xidmət servisibir də səriştəli ekskursiyaçılar, demək olar ki, yox dərəcəsindədir. Halbuki, bu işin sahmana salınması o qədər də çətin deyil. Məsələn, Gədəbəydə neçə ildir ki, texniki peşə liseyi fəaliyyət göstərir. Burada kənd üçün on ixtisas üzrə mütəxəssis hazırlanır. Məktəbin şəraiti də pis deyil, təcrübəli kollektivi var. Liseyin direktoru Süleyman Məmmədov deyir ki, əgər müvafiq təşkilatlar tərəfindən səlahiyyət verilərsə biz turizm üçün yerli şəraitə uyğun hər cür mütəxəssis, yəni bələdçilər, xidmət işçiləri hazırlaya bilərik. Digər rayonlarda da bu sözləri eşitdik. Görünür bu mühüm işin nizama salınması üçün ölkə üzrə vahid sistemin yaradılması vaxtı çoxdan gəlib çatmışdır.

...Gədəbəyin təbiəti ilin hər çağında xoş olur. Xüsusən barlı-bəhərli yay aylarında Gədəbəy tarixsevərləri, təbiət vurğunlarını, illərin daş nəğmələrini dinləmək istəyənləri çağırır.

 

 

Əhməd İSAYEV

 

Azərbaycan.- 2012.- 2 avqust.- S. 6.