Naxçıvan
rabitəçiləri uğurlarını artırırlar
Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində 2012-ci ilin birinci yarısının yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib. Nazir Rövşən Məmmədov çıxış edərək bildirib ki, naxçıvanlı rabitəçilər bu quruma göstərilən hərtərəfli dövlət qayğısından səmərəli istifadə edərək qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsində fəallıq göstərirlər.
Tədbirdə vurğulanıb ki, ilin birinci yarısında nazirliyin tarif gəliri ƏDV-siz 2.908.360 manat olub, ötən ilin müvafiq dövrü ilə müqayisədə 315.516 manat artıq gəlir əldə edilib. Hesabat dövrü ərzində muxtar respublikanın şəhər və rayon mərkəzləri arasında fiber-optik kabellə rabitənin və avtomat telefon stansiyalarının optik arabağlantılarla təşkili ilə əlaqədar işlər davam etdirilib. Şərur, Babək, Şahbuz, Kəngərli rayonlarının bir sıra kəndlərində avtomat telefon stansiyalarının arabağlantıları fiber-optik kabel xətləri ilə təmin olunub. Babək rayonunun Payız və Aşağı Buzqov kəndləri arasında 15 kilometr məsafədə fiber-optik xəttin tikintisi başa çatdırılıb. Şərur rayonunun Oğlanqala, Yaycı və Gümüşlü kəndlərinə isə 11 kilometr uzunluğunda optik kabel xətlərinin çəkilişi davam etdirilir. Bu işlərin yerinə yetirilməsi üçün ilin 6 ayı ərzində ümumilikdə 64 min 105 metr fiber-optik kabel istifadə olunub.
Martın 19-da Şərur və Sədərək rayonlarını əhatə edən 15 min 904 abunəçi tutumlu, 25 ədəd üçüncü nəsil telefon stansiyalarından və ehtiyat idarəetmə sistemindən ibarət olan Yeni Nəsil Telekommunikasiya Sistemi və Şərur şəhərində yeni Rabitə evi istifadəyə verilib.
Muxtar respublikanın bir sıra kəndlərində avtomat telefon stansiyaları istifadəyə verilib, yaşayış məntəqələrində nömrələri artırmaq üçün avadanlıqlar quraşdırılıb. Yeni avtomat telefon stansiyalarının nömrə tutumlarının artırılması nəticəsində 1299 ədəd yeni telefon nömrəsi istismara verilib.
"Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında" Muxtar Respublika Ali Məclisi Sədrinin 15 iyul 2011-ci il tarixli fərmanı ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə həvalə edilən vəzifələrin icrası ilə bağlı 73 icra hakimiyyəti orqanı üçün internet səhifəsi hazırlanaraq qlobal şəbəkədə yerləşdirilib. Həmin fərmanın icrasını təmin etmək məqsədilə muxtar respublika Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən 33 dövlət orqanına elektron xidmətlərin göstərilməsi üçün reyestr kodları verilib, elektron xidmətlər haqqında məlumatlar həmin orqanların internet saytlarında yerləşdirilib.
Yarım ildə rabitəçilər tərəfindən Şərur və Sədərək rayonlarında, Babək rayonunun Cəhri, Şıxmahmud, Zeynəddin, Ordubad rayonunun Vənənd, Şəhriyar, Nüsnüs, Əndəmic, Gənzə, Biləv, Culfa rayonunun Yaycı, Əbrəqunus, Göydərə, Kəngərli rayonunun Şahtaxtı, Qarabağlar, Şahbuz rayonunun Qarababa, Keçili kəndlərində genişzolaqlı internet xidmətlərinin göstərilməsi üçün DSLAM avadanlıqları quraşdırılıb. Genişzolaqlı internet xidmətlərinə qoşulmanın avtomatlaşdırılması məqsədilə Naxçıvan Muxtar Respublikası İnternet Mərkəzində "Billinq" sistemi yaradılmış, internet kartları hazırlanaraq satışa buraxılmışdır.
R.Məmmədov onu da bildirib ki, nazirliyin ünvanına 6 ay ərzində 100 min 506 kiloqram çəkidə poçt göndərişi və bağlama daxil olub. Cari ilin ilk altı ayında pul baratlarının ödənişi 4 milyon 378 min 647 manat, qəbulu 3 milyon 41 min 61 manat təşkil edib. Maniqramlardan yığılan rüsum 84 min 54 manat təşkil edib.
Nazirlik Bəhruz Kəngərlinin 120, Hüseyn Cavidin 130 illik yubileylərinə həsr edilmiş poçt markası və zərfi hazırlayıb, Məmməd Səid Ordubadinin 140 illik yubileyinə həsr edilmiş poçt markası və zərfinin eskizləri hazırlanaraq sifariş verilib.
Fevral ayının 5-dən etibarən rəqəmsal televiziyanın test yayımına başlanıb. Muxtar respublikanın əsas yaşayış ərazilərinin təxminən 60 faizində 12 televiziya kanalının rəqəmsal formatda yayımı təmin edilib. Aprel ayının 1-dən etibarən "Araz" radiosuna efirdə yayımlanması üçün 94.0 FM tezliyi verilib, Duzdağ Radio Televiziya Verici Stansiyasında 1 kilovoltluq ötürücü quraşdırılıb. "Azərkosmos" ASC-nin Ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzi üçün Culfa rayonunun Nəhəcir kəndi ərazisində torpaq sahəsi ayrılıb. Hazırda mərkəz üçün binanın tikintisi həyata keçirilir. Həmçinin idarəetmə mərkəzinə 14 kilometr məsafədə çəkilən fiber-optik kabel xəttinin tikintisi başa çatmaq üzrədir.
Yığıncaqda birinci yarımillikdə buraxılan nöqsanlardan da danışılıb, onların qısa müddətdə aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsinin zəruriliyi vurğulanıb.
Elxan MƏMMƏDOV
Azərbaycan.- 2012.- 2 avqust.- S. 6.