Yeni nailiyyətlərə doğru

 

 "Azərbaycan xalqının bir çox nəsilləri kino ilə tərbiyələnib, kinonun təsiri altında formalaşıb, inkişaf edib və mədəniyyətə qovuşubdur"

 

Heydər ƏLİYEV

 

 

Yaranışı XIX əsrin sonlarına təsadüf edən 114 yaşlı Azərbaycan kinosu müxtəlif inkişaf mərhələlərindən, quruluş və zamanın ziddiyyətlərindən keçib. Kino yeganə sənət növüdür ki, özündə mədəniyyətin bir neçə sahəsini birləşdirir. Görkəmli mədəniyyət xadimi Abbas Mirzə Şərifzadənin təbirincə desək, kino musiqidi, teatrdı, ədəbiyyatdı, bir sözlə, özgə aləmdi. Kinonun bir üstünlüyü də əyaniliyindədir, inandırma gücünə və təsirə malik olmasındadır. Maraqlı faktdır ki, Azərbaycanda ilk kinosüjetlər dünya kinosundan üç, Rusiyadan isə iki il sonra çəkilib. 1898-ci ildə lentə alınan "Bibiheybətdə neft fontanı" filmi elə həmin il avqustun 2-də Bakıda, 1900-cü ildə isə Parisdə Ümumdünya Kino Sərgisində nümayiş etdirilib. Azərbaycanda kino sənətinin əsasını qoyan həmin filmdən sonra mədəniyyətin bu maraqlı sahəsi ardıcıl inkişaf yoluna start verdi.

Azərbaycan kinosunun yaranması olduqca çətin və mürəkkəb bir dövrə təsadüf edirdi. Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadə söyləyir: "Bakıda 30 ildən artıq yaşayıb yaratmış A.M.Mişon Xarkov quberniyasından şəhərimizə gəlmişdi. O, həm peşəkar fotoqraf, həm də kinooperator idi. Mişon elmi biliklərin qızğın təbliğatçısı, Bakı Elmi Foto Dərnəyinin katibi və nəşriyyat sahibi olmuşdur. Təxminən 1878-ci ildən başlayaraq 1908-ci ilə kimi Bakının mənzərələrinin, neftin çıxarılması və emalının, neft mədənlərində baş verən dəhşətli yanğınların fotoşəkillərini çəkmişdir. Mişonun Bakıda Mixaylov küçəsində (indiki Əziz Əliyev) şəxsi fotoatelyesi də olmuşdur".

Azərbaycan kinosu milli mədəniyyətimizin və incəsənətimizin əsas sahəsi, tarixin isə bir qoludur. Tarix kimi, kinoda da araşdırılası cəhətlər çoxdur. Kino tariximizdə elə məqamlar var ki, dərindən tədqiq olunsa müəyyən həqiqətlərin üzə çıxmasına rəvac verər. Azərbaycan kinosunun 114 yaşlı tarixini vərəqləyəndə gözlərimiz önündən bu filmlərin yüzlərlə yaradıcısı gəlib keçir. O şəxsiyyətlər də yaşadığı dövrdə baş verən bir sıra hadisənin şahidləri olublar. Ümummilli lider Heydər Əliyev mədəniyyətin əvəzsiz hamisi kimi tarixi bir missiyanı ləyaqətlə yerinə yetirdi. Ulu öndər kinoya da xüsusi əhəmiyyət verirdi. Dəfələrlə nitq və çıxışlarında bu sənəti dəyərləndirərək deyərdi: "Bəşəriyyətin inkişafında kinonun böyük rolu var", eləcə də "Azərbaycan kinosunun tarixi xalqımızın salnaməsidir".

2000-ci il dekabrın 18-də indiki Heydər Əliyev Sarayında keçirilən IV Beynəlxalq "Şərq-Qərb" kino festivalının açılış mərasimində iştirak edən ümummilli lider ölkəmizin mədəni inkişafı sahəsində kinematoqrafçıların xidmətlərini yüksək qiymətləndirdi və 2 avqustun Azərbaycan kinosu günü elan edilməsini öz sərəncamı ilə təsdiqlədi. On iki ildir ki, kino işçilərimiz bu günü bayram kimi qeyd edirlər.

Ölkə başçısı İlham Əliyev ulu öndərin yolunu layiqincə davam etdirərək mədəniyyətimizin bu sahəsini də diqqət mərkəzində saxladı. Kino sənətinin inkişafına dövlət tərəfindən xüsusi maliyyə vəsaiti ayrıldı. 2007-ci il fevralın 23-də Prezident İlham Əliyev "Azərbaycan kino sənətinin inkişaf etdirilməsi haqqında" sərəncam imzaladı. Sərəncamda deyilir: "Azərbaycanda kino sənəti bir əsrdən artıq dövr ərzində əlamətdar hadisələrlə zəngin, özünəməxsus inkişaf yolu keçmiş və xalqımızın mədəni, mənəvi həyatında mühüm rol oynamışdır... Azərbaycan kinosu tarixin əsl yetkinlik dövrü sayılan 1960-1980-ci illərdə isə kino salnaməmizin unudulmaz səhifələrini təşkil edən və artıq mədəniyyətimizin Qızıl Fonduna daxil olan tarixi filmlər... yaradılmış, digər görkəmli əsərlər ekranlaşdırılmış, müasir mövzulu və sənətkarlıq baxımından diqqətəlayiq filmlər çəkilmişdir". Ölkə başçısı Azərbaycan kinosunun həm dünya kinematoqrafiyasının tərkib hissəsi kimi, həm də milli kino ənənələrinin qorunması yolunda bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini zərurət sayırdı. Sərəncama əsasən, ölkədə kinoteatrlar şəbəkəsi yenidən qurulmalı, mövcud kinoteatr binalarında təmir-bərpa işləri aparılmalı, Bakı şəhəri Nizami adına kinoteatrda müasir tələblərə cavab verən texniki şərait yaradılmalı, Bakıda Dövlət Film Fondunun binası inşa edilməli idi. Sərəncamdan irəli gələn vəzifələrin bir çoxu həyata keçdi. Ölkə başçısının göstərişi ilə "Nizami" kinoteatrında da aparılan yüksək təmir və quruculuq işlərindən sonra bu mədəniyyət ocağı "Nizami" Kino Mərkəzi kimi mədəniyyətsevərlərin ixtiyarına verildi.

Dövlət Film Fondu dünya standartlarına cavab verən bina ilə təmin edildi. Bu da Azərbaycan kinematoqrafçıları qarşısında yeni inkişaf yolu açdı. Bu gün fondda Azərbaycan filmləri ilə bərabər, xarici ölkələrin kino əsərləri də qorunub saxlanılır. Öz işini beynəlxalq təcrübəyə əsaslandıraraq quran Dövlət Film Fondu bir sıra istiqamətdə fəaliyyət göstərir: Filmlərin qorunması, bərpası, arxiv materiallarının toplanması və mühafizəsi onun əsas vəzifələrindəndir. Dövlət Film Fondunun çox zəngin arxivi də yaradılıb. Bu gün beynəlxalq əlaqələri də standartlara cavab verir. Təsadüfi deyildir ki, fondun əsas fəaliyyət istiqamətlərindən birikino sənətinin təbliği ilə əlaqədardır. Dövlət Film Fondunun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev bizimlə söhbət zamanı dedi: "Fəaliyyətimizin günün tələbləri səviyyəsində, dünya standartlarına uyğun şəkildə qurulmasında möhtərəm Prezidentin böyük xidməti var. Sadəcə, fond olaraq fəaliyyət göstərmirik. Dövlət Film Fondu Elmi-Tədqiqat Mərkəzi kimi fəaliyyətini genişləndirir. Azərbaycan filmləri, milli kinomuzla bağlı hansı ölkədə məlumat, fakt, dəlil varsa, onları əldə etməyə çalışırıq. Müxtəlif kitablar, ensiklopediyalar, kino tariximizlə əlaqədar monoqrafiyalar, tədqiqat əsərləri çap etdirmişik".

Ölkə Prezidenti cənab İlham Əliyev 2008-ci ildə imzaladığı müvafiq sərəncamla "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı"nı təsdiq etdi. Beləliklə də, milli kinomuzun hərtərəfli inkişafı üçün əlverişli imkanlar yarandı. 2006-cı ildə dövlət sifarişi ilə film çəkilişinə 2,1 milyon vəsait ayrılırdısa, bu rəqəm 2009-cu ildə 16 milyon manata çatdırıldı. Bunun nəticəsində istehsal edilən filmlərin sayı artsa da, milli kinomuzun problemləri aradan qaldırılmadı. Bu səbəbdən də kinematoqrafçılar, kino sənətinə bağlı olanlar milli kinomuzu canlandırmaq, daha da inkişaf etdirmək naminə bir araya gələrək özlərinin qurultaylarını keçirdilər.

Qurultayda söylənilən fikirlərdə bir məsələ qətiyyətlə vurğulandı ki, Azərbaycan dövlətinin mədəniyyət sahəsində apardığı siyasətin bütün istiqamətlərdə inkişafı təmin edilir. Ölkəmizdə müasir standartlara cavab verməyən, yüksək səviyyədə təmin olunmayan teatra, muzeyə, kitabxanaya rast gəlmək mümkün deyildi. Hər il yeni-yeni mədəniyyət ocaqlarının istifadəyə verilməsi Azərbaycan mədəniyyətinin və incəsənətinin çiçəklənməsinə, istedadlı gənclərin üzə çıxmasına zəmin yaradır. Milli kinomuzun müəyyən problemlərinə toxunan yaradıcı insanlar isə bu sahədə öz xidmətini göstərməyə borclu olan Kinematoqrafçılar İttifaqının fəaliyyətsizliyini ciddi tənqid atəşinə tutdular. Müzakirələr zamanı təşəbbüs qrupunun üzvləri çıxış edərək yeni Kinematoqrafçılar İttifaqının yaradılmasını zəruri saydılar. Nəticədə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı təsis edildi. Səsvermə yolu ilə idarə heyətinin üzvləri və katibləri məlum oldu. Xalq artisti Şəfiqə Məmmədova ittifaqın sədri seçildi.

Milli kinonun inkişafı naminə yaradılan bu ittifaqa üzv olan insanların bilik və bacarıqlarını birləşdirərək Azərbaycan kinosu naminə fəaliyyətlərini davam etdirəcəklərinə cəmiyyətdə böyük inam var. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova deyir:

- Biz kinematoqrafçılar hamımız bir məqsədə qulluq edirik: bir kinomuz var - Azərbaycan kinosu. Düşünürəm ki, yeni qurumla bağlı kimlərinsə mənfi şəkildə çıxış etməsi, təəccüblənməsi lazım deyil. Bəlkə sabah yeni bir gildiya yaranacaq, gənc kinematoqrafçılar öz ittifaqlarını təsis edəcəklər. Hər şey işin yaxşısına xidmət edirsə, nəyi pisdir? Düşünürəm ki, kino ordusu böyükdür. Kim harada fəaliyyət göstərmək, özünü təsdiqləmək istəyirsə, qoy orada da çalışsın. Biz lap gənc yaşlarımızdan kinonun içində olan insanlarıq. Həmkarlarım da, mən də müxtəlif filmlərdə unudulmaz obrazlar yaratmışıq. Kinonun inkişafı üçün əl-ələ verib çalışmaq lazımdır. Hərə bir yana dartsa, heç cür inkişaf ola bilməz. Biz gələcəyə doğru addımlayırıq. Gələcəyə də gözəl, müasir, dünya mədəniyyətinin qəbul edəcəyi filmlərlə addımlamaq gərəkdir. Biz ayrı-ayrı insanlar olsaq da, birləşərək yaradıcı bir ailə qurduq. Bizə səs verənlərin, bizimlə olanların bioqrafiyasına diqqət etsəniz, onlar Azərbaycan mədəniyyətinin çox görkəmli nümayəndələridir. Şərəfli bir sahəni - Azərbaycan kinosunu dünya mədəniyyətində əbədiləşdirmək üçün var qüvvələri ilə çalışmaq əzmində olan insanlardır. Fikir verin, əməkdar incəsənət xadimi Cəmil Quliyev, kinorejissorlar Vaqif Mustafayev, Eldar Quliyev, Oqtay Mirqasımov, Ramiz Fətəliyev, kinoşünas Ayaz Salayev, xalq rəssamı Mais Ağabəyov, bəstəkar Siyavuş Kərimi və onlarca başqaları birləşərək milli kinomuzu yeni yolla irəliyə aparmaq üçün əl-ələ vermişik. Mənə elə gəlir ki, kino naminə çalışanların qolundan tutmaq lazımdır, nəinki yerli-yersiz qara yaxmaq. Biz demirik ki, mövcud Kinematoqrafçılar İttifaqı fəaliyyət göstərməsin. Heç kimiöz tərəfimizə çəkmək istəmirik. Kim bizimlə işləmək istəyirsə, buyursun, qapı açıqdır. Arzumuz Azərbaycan kinosunun yeni nailiyyətlərinə imza atmaqdır. Qoy onlarla ictimai təşkilat, ittifaq fəaliyyət göstərsin. Bizim heç kəslə işimiz yoxdur. Bizim bir arzumuz var, o da Azərbaycan kinosudur. Bizi xalqa sevdirənin taleyinə biganə qala bilmərik".

Bu gün milli kinomuz yeni yolla irəliləyir. Vaxtilə ulu öndər Heydər Əliyev Azərbaycan kinematoqrafçılarına tariximizi əks etdirən dəyərli filmlər çəkmələrini tövsiyə edərdi. Ümummilli lider söyləyirdi: "Azərbaycan tarixini araşdırıb təhrif olunmadan xalqımıza çatdırılması çox vacibdir. Çünki tariximizin elə səhifələri var ki, onları kinoya salmaq lazımdır... Xalqımızın kökünü çoxları yaxşı bilmirlər. Kino elə bir vasitədir ki, insanı çəkir. Bizim tarixi mövzulara aid filmlərimiz çox dəyərlidir. Ola bilər ki, bədii cəhətdən birinin bir, digərinin başqa çatışmazlığı var, bunlar o qədər əhəmiyyətli deyildir. Əhəmiyyətli cəhət ondan ibarətdir ki, biz salnaməyə salmışıq, kino sənətinə salmışıq... Bu işi bütün dövrlərdə davam etdirmək lazımdır".

Tarixi mövzuda film çəkmək üçün arxivlərdə diqqətli axtarışlar aparılsa, zəngin material əldə etmək olar. Hələlik 114 yaşlı kinomuz yeni zirvələrə doğru inamla addımlayır! Biz bütün kino işçilərini əlamətdar gün münasibətilə ürəkdən təbrik edir, köhnə şöhrətin yeniləşməsi yolunda onlara uğurlar arzulayırıq!

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2012.- 2 avqust.- S. 7.