Məhv
edilmiş gələcək,
yaxud uşaqlara
qalxan qanlı əllər
Ədəbiyyat həyatımızın güzgüsüdürsə, deməli, orada deyilənlər, yazılanlar da elə həyatın özündən gəlir. Vaxtilə dünyanın hər acısını dadmış xalq şairimiz Rəsul Rza yazırdı:
Bir uşağın barmağını qanatsalar,
Bir qıy vurram, göydə quşlar qanad salar...
Ondan əvvəl isə başqa bir şairimizin - Əhməd Cavadın nəinki Azərbaycan, eləcə də dünya ədəbiyyatında bənzəri olmayan, kədəri, qəmi aşıb-daşan bir şeiri də var. Həyatdan vaxtsız getmiş 16 yaşlı qızının xatirəsinə yazıb:
Məktəb
bacıların gördülər zatən,
Can verən sən idin, canı çıxan mən.
Bala dağına dözə bilməyən şair
övladının qəbrindən baş qaldıran otları
sığallayır, sanki onlar qızının yumşaq, ətirli
saçlarıdır.
Bunları oxuya-oxuya düşmən hiyləsinin
qurbanı olan məsum bir qızı və onun
yaxınlarını, xüsusilə, uzaqda - Sankt-Peterburqda bu xəbəri
eşidən atasını təsəvvürünüzə
gətirməyə çalışın. Bundan dəhşətli,
bundan kədərli nə ola bilər?
Bir millət olaraq Allahın bizə bəxş etdiyi ən
böyük xoşbəxtliklərdən biri də elə
bizim uşaqlardır. Bu xoşbəxtliyi qorumaq, saxlamaq, əzizləmək
isə hər birimizin valideyn - ata-ana, vətəndaş
borcumuzdur.
Amma neçə ildir bu xoşbəxtliyi bizdən
oğurlayırlar, zorla, ölümlə, silahla əlimizdən
alırlar. Ermənilər yüz illərdir bizə övlad
acılarını yaşadırlar. Çünki nəyi
bilməsələr də, bunu gözəl bilirlər -
atanı öldürmək istəyirsənsə,
uşağını məhv elə, milləti məhv eləmək
istəyirsən, balalarını zəlil et!
Bir vaxtlar - ötən əsrin əvvəllərində
Ərzurumda, Vanda, Sivasda mindən artıq körpəmizi
boğaraq öldürdüklərini yada salın. Bir az əvvəl indiki Ermənistan ərazisindəki
kəndlərimizdə, şəhərlərimizdə
uşaqlarımızı quyulara töküb, dəmir borulara
doldurub havasız qoymaqla məhv etdikləri də hələ
heç kəsin yadından çıxmayıb. Soyumuza,
kökümüzə qənim kəsilənlərin lap
yaxınlarda Şuşada, Xocalıda, Laçında,
Ağdamda... törətdikləri, zori balayanların
uşaqlarımızı divara mıxlayıb dərisini
"ləzzət" ala-ala necə soyduğu barədə
yazdıqları da yaddaşlardadır.
Hətta
Ermənistanın baş psixiatrı Samvel Torosyan dəhşətli
bir faktı açıqlayaraq yazır: "Bu gün hər
dörd ermənidən biri bu və digər dərəcədə
stresə, müxtəlif psixi pozuntulara və əqli
natamamlığa mübtəladır. Küçələrdə
heç bir xüsusi qeydiyyata alınmamış on minlərlə
belə insan dolaşmaqdadır".
BMT-nin İrəvan bürosu da bu faktlara toxunaraq qeyd edir
ki, "psixi" cəhətdən xəstə insanların
sayının belə sürətlə artması həyat səviyyəsinin
həddən artıq aşağı olması, Dağlıq
Qarabağ probleminin həll olunmaması və yalançı
millətçiliklə izah olunur".
Gördüyümüz
kimi, ortada bir psixi xəstəlik, dəlilik faktoru da var! Dəlidən qorunmaqsa mütləq lazımdır.
Bu uşaqları dünyaya gətirmişiksə,
hər şeydən qorumalıyıq. Həm
qorumalı, həm də olanları unutmamalıyıq.
Çünki belə faciələri unudan, qisasını
almayan xalqın, millətin də gələcəyi olmaz!
Bir də
görün bu dəliliyin tarixi nə vaxta gedib
çıxır: hələ 1918-ci ildə Andronikin
Qarabağda tökdüyü qanlardan danışarkən
böyük Üzeyir bəy yazırdı ki, dövlətimizi
elə qurmalı, sərhədlərimizi elə möhkəmləndirməliyik
ki, "hər dəli, qudurmuş" hücum edib istədiyi
vaxt xalqımızın qanını tökməsin.
"Azərbaycan
Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı
İcması" İctimai Birliyinin binasında Avrasiya Beynəlxalq
Araşdırmalar İnstitutu İB-nin xətti ilə istehsal
olunan "Məhv edilmiş gələcək - Aygün" sənədli
filminin təqdimatı və orada səslənən fikirlər
bu böyük həqiqətin bir daha təsdiqi idi.
Filmin ssenari müəllifi telejurnalist Vəsilə
Vahidqızı və rejissoru Mirsadıq Ağazadə 11
yaşında erməni terrorunun qurbanı olan Aygün
Şahmalıyevanın faciəsini ustalıqla canlandıra
biliblər.
Doğrudan da, bir il əvvəl ermənilər
tərəfindən həyata keçirilən terror nəticəsində
qətlə yetirilən 11 yaşlı Aygünün faciəsi
dünyada analoqu olmayan bir faciədir.
"Oyuncağın içərisinə
partlayıcı qurğu yerləşdirməklə bir
uşağın həyatına son qoymaq heç bir məntiqə
sığmayan vəhşilikdir. Bu terror təkcə
Aygünün həyatına son qoymayıb, hadisə baş
verən Tovuzun Əlibəyli kəndində hadisəyə
şahid olan uşaqlarda mənfi izlər buraxıb. Erməni terrorunun Aygün kimi Xocalıda və digər
hadisələr zamanı onlarla qurbanı var. Aygün və
onun kimi şəhid olmuş azərbaycanlı uşaqları
beynəlxalq təşkilatların laqeydliyinin, biganəliyinin
qurbanıdır. Əgər bu təşkilatlar
vaxtında Xocalıda olanlara və digər hadisələrə
reaksiya versəydilər, Aygün qətlə yetirilməzdi.
Səssiz qalan hər bir cinayət digər bir
cinayətin əsasını qoyur. Dünyada
ən yaxşı təsir vasitəsi insan hekayətləridir.
Aygünün faciəsi kimi digər faciələri
də filmləşdirmək və onları nümayiş
etdirməklə başımıza gətirilən həqiqətləri
dünyaya çatdıra bilərik. Bu
işdə QHT-lər, vətəndaş cəmiyyətləri
daha aktiv olmalıdır". Bu sözlər
tədbirdə iştirak edən Milli Məclisin deputatı Qənirə
Paşayevaya məxsusdur.
Tədbirdə
çıxış edən ombudsman Elmira Süleymanova öz
növbəsində bildirdi ki, erməni terrorçuları bu
cür faciələr törətməklə
insanlarımızda vahimə yaratmaq istəyirlər: "Ermənilərin
məqsədi insanları qorxu altında saxlamaqla onları
qaçmağa məcbur etməkdir. Ancaq onlar
unutmamalıdır ki, bu gün sərhədyanı kəndlərdə
insanlar mərdliklə, heç bir çətinliyə
baxmadan qəhrəmanlıqla yaşayırlar... Prezident İlham Əliyevin fəaliyyətinin nəticəsində,
nəhayət ki, dünyada erməni təcavüzü
sözləri qəbul olunmağa başlayıb. Artıq dünyada bu məsələ ilə
bağlı fikir dəyişməkdədir. Ancaq mübarizə davam etməlidir ki, Aygünlərin,
Farizlərin, Xocalıda şəhid olan uşaqların
qanı yerdə qalmasın".
Milli Məclisin
deputatı Vahid Əhmədov isə bildirdi ki,
torpaqlarımızın işğaldan azad olunması
üçün Azərbaycan xalqı vuruşmalıdır:
"Hec kim müharibə olmadan bizə
torpağımızı qaytarmayacaq. Torpaq o zaman
torpaqdır ki, onun yolunda mübarizə aparasan. BMT, ATƏT
və s. təşkilatların nümayəndələri məsələnin
sülh yolu ilə həll olunmasına tərəfdar
olduqlarını deməklə bizi sakitləşdirmək istəyirlər.
Ancaq Azərbaycanın kifayət qədər güclü
ordusu var və 10 gün müddət lazımdır ki,
torpaqlarımızı geri qaytaraq! Ona görə
də biz hər gün müharibəyə hazır
olmalıyıq".
Milli Məclisin
deputatı Ceyhun Osmanlı isə Aygün, İlqar, Fariz kimi şəhid
uşaqların hər birinin öz həyat hekayəsi
olduğunu və erməni terrorçularının onların
həyatına son qoymaqla yaxınlarına və ümumiyyətlə,
Azərbaycan xalqına zərbə vurduğunu bildirdi: "Bu
cür faciələr ermənilərin nə qədər məkrli
olduqlarını bir daha sübut edir. Bu faciələrin
dünyaya çatdırılmasına böyük ehtiyac var.
Biz öz birliyimizlə Aygün və onun kimi şəhid gedən
uşaqların qanını yerdə qoymamalıyıq.
O zaman Aygünün və digər şəhidlərimizin ruhu
şad olacaq. Ermənilərin törətdikləri
əməlləri dünya birliyinə çatdırmaqla bu
cinayətlərin üstünü açmaq zəruridir.
Ermənilərin başqa millətlərə
qarşı nifrətinin olmasını bir amillə göstərmək
kifayət edər. Fikir verin, Azərbaycanda,
Türkiyədə, Gürcüstanda, Rusiyada, İranda
müxtəlif millətlərin nümayəndələri
yaşayırlar. Yeganə Ermənistandır ki, orada
qeyri-millət yoxdur! Bu faktın özü
sübut edir ki, onların başqa xalqlara nifrətlə dolu
münasibəti var".
"Azərbaycan
Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı
İcması" İctimai Birliyinin ictimaiyyətlə əlaqələr
üzrə koordinatoru, ASAİF-in rəhbəri Orxan Əkbərov
da bu cür filmlərin davamlı olmasının böyük
önəm kəsb etdiyini dedi: "Bu cür filmlər
dünya ictimaiyyəti ilə yanaşı, yeni doğulan və
gələcək nəsillərin bu faciələrdən xəbər
tutması üçün vacibdir. Mən də razıyam ki,
heç kim öz xoşu ilə
torpaqları geri verməyəcək. Ancaq bunun
üçün ordunu gücləndirməklə
yanaşı, tədbirlər keçirərək həqiqətlərin
dünyaya çatdırılması istiqamətində
işləri davam etdirməliyik. Bu məqsədlə
tezliklə Türkiyədə silsilə tədbirlər
keçirəcəyik. Oktyabr ayında isə
Vyanada "Gənclər Forumu" keçirməyi planlaşdırırıq.
Orada da mövzu Qarabağ, Xocalı və ermənilərin
törətdikləri digər cinayətlər olacaq".
Tədbirdə erməni terrorunun qurbanı olmuş 11
yaşlı Aygün Şahmalıyevanın valideynləri də
iştirak edirdilər. Aygünün anası Elnarə Şahmalıyeva hər
kəsi Aygünü unutmamağa çağırdı:
"Aygün bu vətəndə doğulmasa da, vətənini
çox sevirdi. Azərbaycanlı olmasıyla fəxr
edirdi. Gəlin Aygünü, Xocalıda şəhid olan
balaları unutmayaq ki, ermənilər də bunu bilsin və
onların qanının yerdə qalmayacağını
anlasın".
Onu da qeyd edək ki, "Məhv edilmiş gələcək
- Aygün" sənədli filminin çəkilişləri
Aygünün Sankt-Peterburqdan qonaq gəldiyi və şəhid
olduğu Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Əlibəyli
kəndində aparılıb. 32 dəqiqəlik sənədli
film rus və ingilis dillərinə tərcümə olunaraq
xarici ölkələrdə də təqdim olunacaq.
Bütün bu olanlara baxaraq bizə qalan dönə-dönə
düşünmək və həddən artıq ehtiyatlı
olmaqdır. Yəqin dəliliyin məntiqi yoxdur. Yoxsa dünyanın sürətlə dəyişdiyi
bir vaxtda uşaqlarımızın həyatına qəsd etməyin
adı nədir? Dəlilik, ya qana
susamışların izah olunmayan nifrəti? Unutmayaq ki,
nifrət də xəstəlikdir! Dəlilik bəlkə də
sağalar, amma nifrət sağalmaz! Qədim yunan filosofu Ərəstun
əbəs yerə deməyib: "Qəzəb vaxtla, zamanla
müalicə olunub keçər, nifrəti isə
sağaltmaq mümkün deyil".
Bəxtiyar QARACA
Azərbaycan.- 2012.- 2 avqust.- S. 7.