Brayn Kenqa: “Qəbələ festivalında dünya
şöhrətli musiqiçilərin iştirakı onun yüksək səviyyəsindən xəbər
verir”
"Beynəlxalq musiqi festivalının belə bir gözəl yerdə, dağlar, meşələr arasında, bu cür tanınmış ifaçıların iştirakı ilə keçirilməsi mənim üçün böyük sürpriz oldu. Çoxdandır ki, Azərbaycana gəlmək arzusunda idim. Qəbələdə keçirilmiş üç beynəlxalq musiqi festivalı haqqında eşitmişdim. Bu füsunkar diyara gəlməyi, festivalın iştirakçısı olmağı çox arzulayırdım".
AzərTAc xəbər verir ki, bu sözləri Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Qəbələ IV Beynəlxalq Musiqi Festivalının iştirakçısı, London Royal Filarmonik Orkestrinin solisti, məşhur kontrabas ifaçısı Brayn Kenqa jurnalistlərə müsahibəsində demişdir.
Qonaq Qəbələ festivalında iştirakı ilə ölkəmizi yaxından tanımaq üçün gözəl imkan əldə etdiyini, yerli musiqiçilərlə dostluq əlaqələri yaratdığını bildirmişdir: "Ümumiyyətlə, bu gözəl diyarda Şərq mədəniyyəti ilə bağlı olan hər şey məndə maraq doğurur. Növbəti illərdə də böyük məmnuniyyətlə Qəbələ festivalına qatılmaq istərdim".
Brayn Kenqa
belə bir gözəl təşəbbüsü
irəli sürənlərə, bu
festivalın təşkilatçılarına minnətdarlığını
bildirmişdir. Qeyd etmişdir
ki, Ottavio Palmieri, Marko Kinqari, Covanni Brollo, Dmitri Yablonski, Yuri Başmet, Boris Berezovski, Aleksandr Çaykovski, Andrey Yaroşinski, Nadejda Tokareva, Fyodor Amosov, Sergey Krilov kimi dünya
şöhrətli musiqiçilərin Qəbələ
festivalında iştirakı onun yüksək
səviyyəsindən xəbər verir.
"Böyük sənətkarlarla birgə
beynəlxalq musiqi festivalında təmsil
olunmağımla fəxr edirəm. Auditoriyanın festival çərçivəsində
keçirilən konsertlərə böyük
marağı da məni heyran
edir".
Azərbaycan.- 2012.- 2 avqust.- S. 8.